Fuad Qəhrəmanlı: “Dedilər ki, onlara müsbət təsir göstərməyə bilərsiniz”
14 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Şahin Həsənli, Məhəmməd Məcidli, Sahib Kərimovla görüşmək isdəyən AXCP yetkililərinə heç bir əsas göstərilmədən rədd cavabı verilib. Bu barədə qəzetimizə məlumat verən F.Qəhrəmanlı məsələyə aydınlıq gətirmək üçün müəssisə rəhbərliyi ilə görüşdüklərini də bildirib.
Görüşə AXCP sədrinin müavinləri Fuad Qəhrəmanlı, Razi Nurullayev, partiyanın Binəqədi rayon şöbəsinin sədri Akif Babayev və Sumqayıt şəhər şöbəsinin sədri Mahir Quliyev gedib.
Onları qəbul edən 14 saylı cəzaçəkmə müəsisəsinin rəis əvəzi polkovnik-leytenant Nazim Kəngərli görüşə icazə verilməməsini maraqlı səbəblə izah edib: məhbuslarla görüşdə onlara müsbət təsir göstərməyə bilərsiniz.
“Rəis əvəzi dedi ki, guya görüşmək istədiyimiz şəxslər görüşdən imtina edir. Biz də cavab verdik ki, onlar bizim dostlarımız, mübarizə yoldaşlarımızdır, bizimlə görüşdən imtina etmələri mümkün deyil. Ondan sonra dedi ki, bu bizim qərarımızdır. Əsas da odur ki, siz onlara müsbət təsir göstərməyə bilərsiniz. Lakin müsbət təsir göstərməməyin necə ifadə olunacağını izah etmədi. Sadəcə bildirdi ki, əgər belə hesab ediriksə, sizə görüşə razılıq verməyə bilərik”, – deyə F.Qəhərəmanlı bildirib.
Baş verənlərin qanunsuzluq olduğunu bildirən AXCP yetkililərinə N.Kəngərli «necə bilirsiniz, elə də edin. Biz lazım bildiyimizi etdik» cavabını verib.
Fizzə