Ictimai Palata aprel ayına mitinq təyin etdi. Dərhal bir il əvvəl baş tutan aprel mitinqlərini xatırlamalı olduq və bəziləri bu qərarın hələ gec verildiyini deyir. Onlara görə, apreldən-aprelə mitinq etməklə nəsə ciddi nəticə əldə etmək mümkün deyil. Amma ötən il olduğu kimi, bu il də mitinqlərin tez olduğunu düşünənlər var. Onlar isə fikirləşir ki, ötən il mitinqlər Ərəb Baharının təsiri ilə canlanan cəmiyyəti bir qədər yenidən passivləşdirdisə, bu təsirin odunu söndürdüsə, builki mitinqlər də hələ yetişməmiş canlanmanı yenidən dayandıra bilər.
Bəs şəxsən mən nə fikirləşirəm? Mənə görə, Ictimai Palatanı, müxalifəti mitinq etməyə, ya etməməyə görə qınamaq yanlışdır. Bu qərarlar iradələrə, təşkilatların imkanlarına, planlarına bağlıdır. Siyasi qərarların əvvəlcədən hazır olan təqvimi olmur. Bəzən ən uğursuz sayılan zamanda verilən qərarlarla böyük nəticələr əldə edilir. Təbii ki, bu qərarları taktiki gediş kimi müzakirə etmək lazımdır, reallıq hissini də itirmək olmaz, amma təəssüf ki, belə müzakirələr üçün gərəkli mühit yoxdur. Qayıdıb desən ki, mitinqlər gecikib, deyəcəklər, sən özün neynirsən, niyə işləyən adamlara göstəriş verirsən. Yox əgər desən ki, yenə tələsib canlanan mühiti söndürəcəksiniz, kimsə deyəcək ki, bu mövqe yalnız iqtidarın maraqlarına cavab verir. Belə polemikalar isə adamın özünə də olmasa, demokratik cinahda olanların əhvalına çox pis təsir edir. Üstəlik, kənardan nə deyilsə də, demokratik kəsimin adamları bəlli liderlərin fikirlərini əsasa götürür ki, bu da demokratiya baxımından təzadlı deyil.
Bəs bu suallar niyə ortaya çıxır? Mitinq qərarları insanların iradəsidir, haqqıdır, çıxıb mitinq etmək hətta böyük borca çevrilib bu ölkədə. Amma bir məsələdən doğrundan da narahat olmaq lazımdır. Hər dəfə mitinq qərarını xalq hərəkatı, inqilab cəhdi kimi qələmə verib, aksiya o qədər effektli alınmadıqda isə, sonrakı dönəmdə onun ruh düşkünlüyü yaratmasına imkan vermək olmaz.
Quba olayları cəmiyyətə müsbət təsir edib, bunsuz da cəmiyyətdə canlanma gedir. Odur ki, ruh düşkünlüyü yaradacaq addımlar atmağa ehtiyac yoxdur. Ya bir təşkilat tez-tez mitinq etməli və belə aksiyalara münasibəti adiləşdirməlidir, ya da böyük fasilərlə olan aksiyaların tam müsbət təsirlə keçirilməlidir. Onu inqilabın başlanğıcı, xalq hərəkatı kimi qələmə verərkən bu məqamı düşünməyə ehtiyac var. Elə əsas problem də budur ki, mitinqlər seyrək olur və ondan böyük gözləntilərə daxili ehtiyac yaranır ki, düzgün olmayan təqdimatlar isə onun bəzən yanlış ovqatlara yol açmasına səbəb olur. Məsələn, ötən ilin 17 aprel mitinqi. Həmin mitinqin ovqatlara mənfi təsirinin qarşısı alınmadı.
Halbuki 17 aprel hakimiyyətin özünün siyasi uğursuzluğunun başlanğıcı idi. Çünki hakimiyyətdəkilər həmin gün mitinqin daha zəif ( təbii ki, bu həm də basqıların nəticəsi idi) alınmasına görə, tamam yanlış bir yol seçdilər. Elə hesab etdilər ki, əgər müxalifətin qarşısını ala biliblərsə, artıq arxayın ola bilərlər. Deməli, cəmiyyət üzərində ağalıqlarını istədikləri kimi davam etdirəcəklər. Elə həmin gündən korrupsiya ilə mübarizə kampaniyasından, bəzi dəyişiklik cəhdlərindən də imtina etdilər və ağıllarına gətirmədilər ki, Azərbaycan qarşısı alınmaz proseslərə qədəm qoyub. Ölkə bu cür yaşamaq istəmir.
Amma yəqin ki, 17 apreldən sonra qalib kimi danışan Fəzail Ağamalı, Mübariz Qurbanlı və digərləri Quba hadisələri zamanı gözlərinə inanmadılar.
Ötən ilin aprelindən bu yana Azərbaycan cəmiyyəti daha canlı, daha da ayıq olub. Gənclər daha sistemlidir və sıraları artıb. Hətta siyasi dustaqları ilə qorxudulan Ictimai Palata da bölgə təşkilatları ilə şəbəkələnib, zəifləməyib. Aydınca görünür ki, Azərbaycan dəyişikliklərə nail olacaq. Əsas tezis budur. Bu, artıq müxalifətdən və iqtidardan da asılı olmayaraq gedən bir prosesdir.

Aprel tezisləri
•