Meriya bu dəfə də icazə verməsə, gənclər icazəsiz aksiya keçirəcək
Gənclərin Hüquqlarını Müdafiə Komitəsinin (GHMK) martın 17-də mitinq keçirmək üçün Bakı şəhər Icra Hakimiyyətinə müraciət məktubuna rəsmən sabah cavab verilməlidir. Gənclər meriyaya müraciətlərində aksiyanın keçirilməsi üçün Yasamal rayonu, M.Seyidov küçəsi 3155-ci məhəllənin, Yasamal rayon Idman-Sağlamlıq Kompleksinin stadionunun və Səbayel rayonu, 20-ci sahə yaşayış massivi, Elçin Əzizov küçəsində yerləşən sürücülük məktəbinin həyətindəki meydançanın ayrılmasını istəyiblər. Aksiyada “Qarabağ!”, “Rüşvətə yox!” və “Siyasi məhbuslara azadlıq!” şüarları səsləndiriləcək. Gənclər göstərdikləri meydanların birində aksiya keçirməyə hazırdırlar.
Xatırladaq ki, GHMK bundan əvvəlki aksiyasını martın 4-nə təyin etmişdi. Mitinqə icazə verilmədiyi üçün gənclər icazəsiz aksiya keçirməsələr də, belə görünür ki, bu dəfə qərar fərqli olacaq. Qeyd edək ki, doqquz təşkilatın daxil olduğu GHMK-nın aksiyasında AXCP Gənclər Komitəsi, VHP, Müsavat, ADP, həmçinin “Azad gənclik”, “Nida”, “Dalğa”, “Müsbət Dəyişiklik”, “Insan Haqları” təşkilatlarının fəallarının və bitərəf gənclərin iştirakı planlaşdırılır.
Əbülfəz Qurbanlı: “Həm razılaşdırılmış aksiyaya, həm də razılaşdırılmamış aksiyaya hazırlaşırıq”
Aksiyaya hazırlığın təşkilatlarında yüksək səviyyədə getdiyini deyən AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı bildirdi ki, 17 mart mitinqi artıq gənclər arasında xeyli məşhurlaşıb. Mitinqin “17 Mart-Haqqını tələb et”, “Gələcək naminə adı ilə” gənclər arasında yayıldığını söyləyən Ə.Qurbanlı vurğuladı ki, hazırlıq işləri iki istiqamətdə aparılır: “Həm razılaşdırılmış aksiyaya, həm də razılaşdırılmamış aksiyaya hazırlaşırıq. Yəni razılıq verilməsə biz razılaşdırılmamış aksiya keçirəcəyik. Ümid edirik ki, hakimiyyət bu dəfə təmkinli qərar verməyi bacaracaq. Əgər belə olmasa, məsuliyyət hakimiyyətin üzərində qalacaq. GHMK-nə daxil olan AXCP Gənclər Komiəsi olaraq mitinqə təşkilati işlərimizi yekunlaşdırmaq üzrəyik”.
Ə.Qurbanlının sözlərinə görə, əksər gənclər 17 martın nə qədər əhəmiyyətli olduğunu, gəncliyin birlikdə mühüm problemləri açıq havada müzakirə edib mesajlarını verməyin zəruriliyini başa düşürlər. “Biz Azərbaycan gəncliyi olaraq özünə inam mərhələsini yaşayırıq. Inamımız budur ki, ölkəmizin gələcəyinin necə olacağı bizim bu gün nələri edəcəyimizdən asılıdır. Məhz 17 mart mitinqi də bu inamın və istəklərin bərqərar olmasında əsas addımlardan biridir”.
Samir Əsədli: “Cəmiyyətdə olan passivliyi və ətaləti aradan qaldırmaq lazımdır”
VHP Gənclər Təşkilatının üzvü Samir Əsədlinin FaktXeber.com-a verdiyi məlumata görə, mitinq öncəsi bir sıra təbliğat-təşviqat işləri görülür. Sosial şəbəkələrdə mitinqə hazırlıq üçün təbliğat aparılır, gənclər mitinqə çağırılır. Bundan əlavə, video-roliklər, müxtəlif formada şəkillər hazırlanıb, onlar sosial şəbəkələrdə yayımlanır və bu kimi digər vasitələrlə insanlar mitinqə dəvət edilir: “Cəmiyyətdəki passivliyi və ətaləti aradan qaldırmaq lazımdır. Həmçinin bu aksiyaları keçirməklə polis xofunu da dağıtmağı düşünürük. Icazəli aksiyalarla polislə qarşıdurma yaratmamaq, insanların beynində polis zorakılığı mifini dağıtmaq istəyirik. Sosial şəbəkələrdə aparılan təbliğatdan aydın olur ki, gənclər arasında əhval-ruhiyyə yüksəkdir və müstəqil gənclər də bizə dəstək olacaqlar”.
Sonda Əsədli vurğuladı ki, 4 mart mitinqinə icazə verilmədiyi üçün icazəsiz aksiya keçirmədilər, ancaq bu dəfə qərar fərqli olacaq: “Konkret olaraq meriyanı məhkəməyə verəcəyik, artıq məhkəməyə müraciət üçün sənədlər hazırdır. Bu dəfə mitinq keçirmək üçün yer ayırmasa, Gənclərin Hüquqlarını Müdafiə Komitəsi olaraq martın 17-si şəhərin mərkəzində ”Sərbəst toplaşma azadlığı təmin edilsin” şüarı ilə yürüş keçirəcəyik”.
Hikmət