Səfər Əbiyevin İran səfərinin gizlinləri

İsraillə 1,6 mlrd dollarlıq silah anlaşmasından sonra müdafiə nazirinin İrana səfəri gizli mətləblərdən xəbər verir

Martın 12-də Azərbaycanın müdafiə naziri Səfər Əbiyev İrana səfərə gedib. Rəsmi Bakı səfərlə bağlı məlumat verməsə də, İran tərəfi səfər zamanı iki ölkə arasında müdafiə sahəsində əməkdaşlıqla yanaşı regional və beynəlxalq məsələlərin müzakirə ediləcəyini deyir. Qeyd edək ki, bu səfər Bakı və Tehran arasında münasibətlərin kəskin soyuması vaxtına təsadüf edir. Xüsusilə Azərbaycanın İsraillə 1,6 mlrd dollarlıq silah anlaşması İranda ciddi etirazla qarşılandı. Azərbaycanın bu ölkədəki səfiri XİN-ə çağırılaraq ondan məsələ ilə bağlı izahat tələb olundu. Bundan əvvəl də Tehrandakı səfir bir neçə dəfə İran XİN-ə çağırılıb və ona nota təqdim olunub. Həmçinin İran Qərbin ona qarşı hərbi əməliyyatlara başlayacağı təqdirdə Azərbaycanın öz ərazisini bu qüvvələrə verə biləcəyindən də narahatlıq keçirir. Münasibətlərin bu səviyyədə olduğu bir dövrdə müdafiə nazirinin İrana səfəri zamanı hansı məsələlər müzakirə oluna bilər və tərəflərin bir birindən tələbi nədən ibarət olacaq?

«Mümkün müharibə müzakirə predmeti olacaq»

Konfliktoloq Arif Yunus müdafiə nazirinin yalnız müdafiə məsələləri deyil, siyasi və geosiyasi məsələləri müzakirə edə biləcəyini deyir. Bunların arasında mümkün müharibə, iki ölkə arasında hərbi vəziyyət də müzakirə predmeti olacaq. İlk növbədə İran Azərbaycanda İsrailin və ABŞ-ın hərbi qüvvələrinin hər hansı bir formada yerləşdirilməsinə, onların burda fəaliyyət göstərməsinin qəti əleyhinədir. Bu kimi halların baş verə biləcəyini İranı ciddi narahat edir. Rəsmi Tehran bu məqamlara xüsusi toxunacaq.
 Ekspert Azərbaycanı narahat edən məqamların da olduğunu vurğuladı. Belə ki, son vaxtlar İranın öz qoşunlarının bəzi hissələrinin şimala göndərməsi barədə məlumatlar yayılıb. Bu da onun müharibəyə hazırlığı kimi qiymətləndirilə bilər. Azərbaycan tərəfi də bundan ciddi narahatdır. Müdafiə nazirinin səfəri zamanı bu məsələyə də toxunulacağı gözləniləndir. Lakin rəsmi Bakının səfərlə bağlı məlumat yaymaması konkret nəsə deməyə imkan vermir.   

«Hər hansı razılaşmanın əldə olunacağını inandırıcı deyil»

“Doktrina” Curnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin direktoru Cəsur Sümərinli bu səfərin əslində ötən ilin sonlarında həyata keçirilməsinin nəzərdə tutulduğunu, lakin münasibətlərdəki gərginliklər səbəbindən təxirə salındığını bildirdi. Son dövrdə İranla Azərbaycan arasında müxtəlif istiqamətlərdə, eyni zamanda hərbi baxımdan insidentlərin baş verdiyini, təhdidlərin olduğunu xatırladan ekspert müzakirə olunacaq məsələlər arasında bunlara da toxunulacağını deyir. Həmçinin İrana qarşı hərbi əməliyyatlar olacağı təqdirdə Azərbaycanın öz ərazisini Qərb qüvvələrinə verməsinin mümkünlüyü də əsas müzakirə obyekti olacaq.
Ekspertin fikrincə, hazırda İranla Azərbaycan arasında əməkdaşlıq baxımından müzakirə edilməsi vacib olan məsələlər yoxdur. Çünki bu vaxta qədər ölkələr arasında olan hərbi əməkdaşlıqdan Azərbaycan tərəfi hər hansı şəkildə fayda götürmür. Sadəcə olaraq dövlətlər arasında təhlükəsizlik, təhdidlərə son verilməsi baxımından bu proses gedir. Müdafiə nazirinin bu dəfəki səfəri zamanı da İranın hərbi təhdidlərinə son qoyulması mövzusunun əsas müzakirə predmeti olacağını gözləmək olar. Lakin ekspert bu sahədə hər hansı razılaşma əldə olunacağını da inandırıcı hesab etmir.

Fizzə