Azərbaycandakı acınacaqlı durum BMT-də müzakirə olunacaq

Insan Hüquqları Evi Fondunun icraçı direktoru ölkəmizdə insan hüquqlarının pozulmasından danışacaq

Azərbaycanda Insan Hüquqları Evinin bağlanmasından bir il keçir. Ötən il martın 10-da Azərbaycan hökuməti Insan Hüquqları Evi və müvafiq dövlət strukturları arasında saziş bağlanana qədər təşkilatın fəaliyyətinin dayandırılması haqda göstəriş vermişdi. Hökumət rəsmilərilə mütəmadi əlaqə saxlanılmasına baxmayaraq, artıq bir ildir ki, Azərbaycan Insan Hüquqları Evi hələ də bağlıdır.
Bundan başqa, bu ilin yanvarında Azərbaycan Insan Hüquqları Evi icarəyə götürdüyü ofisindən çıxmaq məcburiyyətində qalıb. Səbəbi isə icarə edilən mülkün sahibinin təzyiqlərə məruz qalması olub.
“Biz təəssüf edirik ki, Azərbaycan hökuməti ölkədə birləşmək azadlığını məhdudlaşdırmaq üçün öz qanunvericiliyindən istifadə edir. Birləşmək azadlığı Avropa Şurasına üzv ölkələrin üzərinə öhdəlik kimi götürdüyü fundamental hüquqdur. Biz Azərbaycan hökumətindən tələb edirik ki, Azərbaycan Insan Hüquqları Evinin yenidən açılıb fəaliyyətini bərpa etməsi üçün sazişi yekunlaşdırsın”, – deyə Insan Hüquqları Evi Fondunun icraçı direktoru Mariya Dahle bildirib.
Yeri gəlmişkən, Mariya Dahle gələn həftə BMT-nin Insan Hüquqları Şurasında Azərbaycanda insan hüquqlarının acınacaqlı vəziyyəti barədə çıxış edəcək.
Xatırladaq ki, Azərbaycan Insan Hüquqları Evini 2007-ci ildə Ədliyyə Nazirliyi Insan Hüquqları Evi Fondunun beynəlxalq filialı kimi rəsmi qeydiyyata alıb. Düz bir il əvvəl qurumun qapadılmasına əsas kimi, 2009-cu ildə QHT qanunvericiliyinə edilən dəyişikliklər göstərildi. Halbuki, artıq qeydiyyatı olan və ölkədə fəaliyyət göstərən QHT-lərə bu dəyişikliklərin aid edilib-edilməməsi haqda orada heç bir müddəa yoxdur.
Avropa Şurasının Venesiya Komissiyası da bir müddət əvvəl bəyan edib ki, xarici QHT-lərlə yerli hökumət qurumu arasında ikitərəfli saziş imzalanması tələbinin özü şübhə doğurur. Ümumiyyətlə, bu məsələdə hökumətin qoyduğu şərtlər çox problemli olmaqla yanaşı, aydın deyil.

Aytən