İctimai Palata siyasi məhbuslarla bağlı bəyanat verdi

İctimai Palatanın siyasi və vicdan məhbuslarla bağlı bəyanatı:

İctimai Palatanın 2 aprel 2011-ci il tarixində təşkil etdiyi mitinqin birinci ildönümü yaxınlaşır.  Azərbaycan Respublikasının Konstitusiyasına və “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanuna  uyğun olaraq keçirilən bu aksiya hakimiyyət tərəfindən zorakılıqla dağıdılmışdır. Dinc aksiyaya qatılmış  yüzlərlə vətəndaş – qocalar, qadınlar, gənclər polis tərəfindən küçələrdə sürüdülmüş,  avtobuslara basılaraq döyülmüş, bədən xəsarəti almış, onlardan 16 nəfər müxalifətçi isə saxta cinayət işi nəticəsində müxtəlif müddətlərə azadlıqdan məhrum edimişdir. Belə ki, siyasi hakimiyyətin əlində bir cəza aparatına çevrilmiş Azərbaycan məhkəməsi Arif Alışlının 3 il, Elnur İsrəfilovun 2 il 6 ay, Sahib Kərimovun 2 il, Elşən Həsənovun 2 il, Babək Həsənovun 1 il 6 ay, Zülfüqar Eyvazlının 1 il 6 ay, Arif Hacılının 2 il 6 ay, Tural Abbaslının 2 il 6 ay, Məhəmməd Məcidlinin 2 i 6 ay, Əhəd Məmmədlinin 3 il, Rüfət Hacıbəylinin 1 il 6 ay, Ülvi Quliyevin 3 il, Elnur Məcidlinin 2 il, Şahin Həsənlinin 2 il, Vidadi İsgəndərlinin 3 il və Bəxtiyar Hacıyevin isə  2 il müddətinə azadlıqdan məhrum edilməsi haqqında hökm çıxarmışdır. “Amnesty İnternational”,  “Human Rigths” və digər beynəlxalq təşkilatlar bu qanunsuz həbslərdən  dərhal sonra  onları vicdan məhbusu elan etmişlər.  
Vicdan məhbuslarının məhkəmə prosesləri hüquqi əsas olmadan, sifarişli və ədalətsiz keçirilmiş, qanunsuz hökmlər çıxarılmış,  apelyasiya şikayətləri təmin edilməmiş və yuxarı məhkəmə instansiyaları əsasən  hökmləri qüvvəsində saxlamışdır. Eyni zamanda vicdan məhbuslarının müdafiə prosesinə böyük əngəllər törədilmiş, müdafiədə iştirak etmiş vəkillər. onların ailə üzvləri təhdid edilmiş, iki nəfər vəkil Vəkillər Kollegiyasından qanunsuz olaraq uzaqlaşdırılmışdır.
Bu arada bəzi vicdan məhbusları ağır  təzyiqə məruz qalmış, döyülmüş, onların ailə üzvləri ilə görüşlərinə inkan verməmiş, etiraf mətnli ərizələr yazmağa məcbur edilmişdir. Hakimiyyət beynəlxalq təşkilatlara vicdan məhbuslarının “cinayət əməlləri haqqında dəlil” təqdim etmək üçün bu kimi qeyri insani əməllərə əl atmışdır. Son günlər isə Gənclərin Hüquqlarını Müdafiə Komitəsinin üzvləri “Vicdan Məhbuslarına Azadlıq”, “Həbsxanada işkəncələrə son” şüarı ilə Ədliyyə Nazirliyi qarşısında aksiyası keçirərkən polisin daha sərt rəftarı ilə üzləşmiş, vicdan məhbuslarına dəstək verən gənclər küçədə qəddarca döyülmüş, ağır xəsarət almış Dəyanət Babayev və azadlığa yeni çıxmış  vicdan məhbusu Cabbar Savalanlı xəstəxanaya yerləşdirilmişlər. AXCP Gənclər Komitəsi sədrini Əbülfəz Qurbanlı Yasamal rayon 28-ci polis bölməsinin rəisi tərəfindən, Məcid Mərcanlını isə Yasamal rayon polis idarəsinin rəisi İsmayıl Əsədov tərəfindən polis idarəsində döyülmüşlər. Zabit şərəfini itirmiş bu polis rəisləri vəzifə borclarını, insan hüquqlarını və insanlıq qanunlarını tapdalayaraq  övladları yeridə olan bu gənc fəallarla repressiya cəlladları kimi davranmışlar.
Eyni zamanda fevral ayından dindarlara qarşı yeni təqib dalğası başlanmış, Azərbaycanla İranın hakimiyyətlərarası münasibətlərinin girovuna çevrilmiş bir sıra vətəndaşımız qanunsuz və uydurma ittihamlarla həbs edilmişdir.
İctimai Palata dəfələrlə olduğu kimi bir daha xalqın demokratiya istəyini iqtidara çatdıraraq bəyan edir ki,  ölkə boyu və bütün istiqamətlərdə baş alıb gedən repressiv idarəetməyə son qoysun. Insan hüquqlarına, vicdan azadlığına, beynəlxalq demokratiya hərəkatının çağırışlarına hörmət etsin, vicdan məhbuslarını, siyasi məhbusları azad etsin. Vətəndaşı saymayan, koorrupsiyaya uğramış, insan haqlarını, mülkiyyət hüquqlarını ayaqlar altına salan sülalə rejimi nəhayət anlamalıdır ki, İctimai Palata vicdan məhbuslarının yalnız cismani deyil, eyni zamanda mənəvi azadlığı uğrunda mübarizə aparır və mübarizəsində davamlıdır.
İctimai Palata bəyan edir ki, bizim demokratiya və islahat çağırışlarımız heç bir kampaniya və ya avroviziya tədbirləri ilə bağlı deyil. Bu çağırış  və mübarizə Azərbaycan xalqının amalıdır və uca xalqımız öz müqəddəs amalına qovuşana qədər bu savaşımız davam edəcək.  

10 mart 2012-ci il