Qanlı, ya qansız demokratiya?

Qorxmaz Əsgərov, Vaşinqton

Qubadakı hadisələr Aəzrbaycan cəmiyəti üçün elə bil ki, bir sürpriz oldu. Camaat ona zülm edən, üstəlik də onu təhqir edən məmurun evini doğrudan-doğruya yandırdı. Əvvəlki siyasi etirazlara olan etinasız hökumət reaksiyası isə çevik bir hökumət qayğıkeşliyi ilə əvəz olundu. Hər şey bir günə baş verdi.  Bu qədər sadə…
Bəlkə də camaatımızın demokratiya dəyərləri ilə az tanış olmasndan irəli gəlir, ölkənin ictimai həyatındakı müzakirələr göstərir ki, camaatımız demokratiya ideyasını ümümbəşəri ədalət, ilahi mərhəmət anlayışları ilə qarışdırır. “Qan üstündə demokratiya olmaz!”, “demokratiya = pasifizm” tezisləri irəli sürülür.  Bu tezislər ingilis dilində desək “moral highgrounds” (əxlaqın uca mövqeyi) baxış bucağından səsləndirilir.  Qazzafinin qətli zamanı da belə etirazlar səsləndirildi: “Zoraklıqla, vəhşiliklə demokratiya qurmaq olmaz!”. Doğru səslənir.  Bəs qarşı tərəf vəhşi və zorakıdırsa? Bu məqalədə bu suala cavab tapmağa çalışacağıq.  

Seçkilərin rolu

Demokratik cəmiyyətlərdə seçkilər vətəndaş müharibəsi rolunu oynayır.  Bu fikri Amerikada tanıdığım tarix professorlarından biri təkrarlamağı sevir.  İdeya ondan ibarətdir ki, demokratik cəmiyyətdə insanlar arasında yazılmamış qanunlara əsaslanan bir razılaşma var.  Ölkə vətəndaşları razılaşırlar ki, kimin güclü, kimin zəif olduğunu aydın etmək üçün bir-birinin qanını töküb ölkəni xarabazara çevirməkdənsə, hamının razılaşa biləcəyi oyun qaydaları üzrə səsvermə keçirilsin və hakimiyyət məsələsi həll olunsun.  İdeya sadədir, ondan doğan nəticələr isə elə də sadə deyil.

Əlimə tüfəng götürümmü?

2000-ci ildə Amerikada Demokrat partiyası üzvləri arasında müəyyən narazılıqlar doğuran bir seçki skandalı yaşanmışdı.  Corc Buş qardaşı Ceb Buşun qubernator olduğu Florida ştatında cəmi 537 səs fərqi ilə səsverməni udaraq həmin ştatdan aldığı həlləedici səslər hesabına prezident olmuşdu. O dövrün seçkilərini şərh edən başqa bir tanış amerikalı demokrat maraqlı bir fikir ifadə etmişdi: “O səsvermə təmiz keçməmişdi.  Məni əlimə tüfəng alıb küçələrə çıxarda biləcək dərəcədə pozuntular olmamışdı, amma yenə də… təmiz keçməmişdi”.
Məlumat üçün qeyd edək ki, 2000-ci ilin seçkiləri üzrə keçən təhqiqat heç bir ciddi pozuntu aşkarlamamışdı. Həm demokratların, həm də respublikaçıların iştirakı ilə keçirilən təhqiqat işi məhkəməyə çıxarsa da yekunda demokratların namizədi Albert Qor belə Buşun qələbəsini etiraf etmiş və ona zəng edib təbriklərini çatdırmışdı.  Amma yuxarıda narazı demokratın fikirlərini çatdırmaqda məqsəd Buş-Qor seçkilərini təhlil etmək yox, demokratik seçkinin vətəndaş qarşıdurmasındakı rolunu təsvir etməkdir.
Maraqlı nəticələr çıxır.  Seçki özü dinc prosesdir, amma onu dinc edən odur ki, seçkiyə gedən tərəflər bilirlər ki, ağ eləsələr, sərhədləri aşsalar, qarşıdurma asanlıqla zor müstəvisinə keçə bilər.  Buna görə də proses elə yola verilir ki, vətəndaş əlinə tüfəng ala biləcək bir həddə gətirilməsin.

Demokratik seçkilər və Qandi yolu

Ərəb baharına edilən əhəmiyyətli tənqidlərdən biri odur ki, bu yol çox qanlı oldu. “Qan üstündə demokratiya olmaz!” arqumentləri bəzən qeyri-səmimi, bəzən isə çox səmimi insanlar tərəfindən səsləndirilir.  Demokratiya və dinc mübarizə üsulları da eyniləşdirilir.  Demokratik mübarizə deyəndə isə ilk ağıla gələn Mahatma Qandi və onun mübarizə yolu olur. Lakin…
Qandi yolu çox təzə bir yoldur.  Qərbi Avropada demokratiya Qandi yolu ilə qurulmayıb, ABŞ-ın özündə həm respublikanın qurulması, həm də onun inkişafı iki qanlı müharibədən keçəsi olub.  Belədə Qandi yolunu Azərbaycan və onun kimi bir çox ölkələrdə populyar edən nədir?
Birinci cavab çox sadədir.  Qansız çıxış yolu – onu kim istəməz ki?  Lakin səbəb təkcə bu da deyil.  1980-ci illərin sonlarında SSRİ çökməyə başlayanda əsası Çexoslovakiyada qoyulan bir “məxməri inqilab” dalğası bütün Şərqi Avropanı bürüdü və iri bir region qansız-qadasız kommunist totalitarizmini demokratik idarəetmə ilə əvəzlədi. Bütün dünyaya gördü ki, bu yol utopiya deyil, onunla uğur qazanmaq olar.  “Məxməri inqilab” dalğasının ikinci seriyası “rəngli inqilablar” da 2000-ci ilərdə eyni uğuru daha kiçik miqyasda təkrarladı.  Deməli, demokratiya = dinc mübarizə üsulları(?).  Təəssüf ki, belə deyil.

Demokratiyanın astar üzü

Demokratiyanın astar üzü zorakılıqdır, cəmiyyətdə vətəndaş sülhünün pozulmasıdır, hakimiyyətə gələnin hakimiyyətdən yıxılanı divara söykəyib güllələməsidir.  Bu “astar üz” ən dinc mübarizə zamanı belə qarşı duran tərəflərin beynində oturub onların seçimlərinə çox güclü təsir edən fikirdir. Əgər qarşı duran tərəflərdən biri oyun qaydalarını istədiyi kimi pozursa, yaxud oyun qaydalarının ümumiyyətlə mövcudluğunu tanımırsa, ona xəbərdarlıq etmək olar ki, cığallıq etməsin. Amma o tərəfin də məntiqi bir sualı olacaq: yoxsa nə?  “Astar üz” “yoxsa nə” sualının cavabıdır və hətta hadisələrin dinc inkişafı ssenarisində belə real seçimlərdən biri kimi özünün varlığını qarşı duran tərəflərə xatırladır.

Narıncı inqilabın tünd tərəfi

2004-cü ildə narıncı inqilab tərəfdarlarına qarşı güc tətbiqi Ukrayna hökuməti səviyyəsində müzakirə olunanda, inqilabçılarla Ukrayna hökuməti arasında vasitəçilik edən Polşa prezidenti Aleksandr Kvasnevski o dövrün baş naziri və prezidentliyə namizəd Viktor Yanukoviçə maraqlı bir mesaj vermişdi: “Elə etməyin ki, etirazçılar sizi küçədəki elektrik dirəklərindən assınlar!”. Narıncı inqilab çox dinc keçdi.  Hökumət etirazçılara qarşı güc tətbiq etmədi.  Viktor Yuşşenkonun qələbəsini tanıyan Viktor Yanukoviçi heç kim asmadı. Bir neçə il sonra isə yeni seçkilərdə dünənki məğlubla qalib yerlərini dəyişdilər.

Məxməri dəyişikliklər kimin seçimidir?

Ərəb ölkələrində Ukraynadakı dinamika baş vermədi.  Tunisdəki həmkarından fərqli olaraq, Hüsnü Mübarək etiraz mitinqini dağıtmaq üçün ucqar yerlərdən bədəviləri yığıb onlardan dəvə süvariləri düzəltdi və mitinqçilərə hücum etdi.  Liviya və Suriya isə daha qanlı seçimlər etdilər.  Nəticələr də qanlı oldu.
“Məni çox hirsləndirməyin, qıraram sizi… siçovullar” – diktator Qazzafinin öz xalqına mesajı bu idi.  Bu mesajı verən hökumətlə Ukrayna variantı mümkündürmü?  Əgər bu mümkün deyilsə, çıxış yolu nədir?..