Bu sətirlər işıq üzü görəndə qadınlarımızın bayramı da ötüb keçəcək. Mənə elə gəlir ki, onsuz da bayram günlərində onlara nə desək də, dünyanın söz çələngini hədiyyə etsək də, yenə azdır, çünki onların qarşısında günahkarıq və dilimiz qısadır. Ona görə ki, biz kişilər özümüzün ən ümdə vəzifəmizi, bir nömrəli borcumuzu yerinə yetirməmişik – Qarabağı azad etməmişik, bu işi onların oğullarının öhdəsinə buraxmışıq! Hər kişi qadınlara potensial olaraq oğul dağı və bala itkisi yaşamaq aqibətini miras qoyub, çünki Qarabağ çətin ki, müharibəsiz – qovğasız geri qayıtsın! Hə, bu ağır dərddir. Bizlər canımızı çox istədik, dərddən və problemdən elə gizləndik ki, sanki onlar yoxdur, bir sadə həqiqəti də unutduq – analar da oğullarını çox istəyir, özü də lap çox…
Bu ölkədə kişinin dəyəri bayram günlərində qadınlara hədiyyə verə bilib, ya bilməməsi ilə ölçülməməli idi, daha böyük dəyərə sahib olmalı idi kişilər. Bu ölkədə kişilərin dəyəri oğullarına maşın, villa qoyub gedə bilib-bilməməsi ilə ölçülməməli idi, çünki hər bir kişi bu ölkədə öz oğuluna bir Qarabağ kimi dərd qoyub getməli oldu, amma belə olmamalı idi. Qərəz, daha nə deyim ki, özümü də, digərlərini də bir az ovundurum: Yoxdur belə sözlər! Bu öklədə hətta milyonlara belə, ala bilmədiyin bir nəsnə var – o da bəraətdir, çünki biz onu dünyanın ən böyük sərvətinə belə, ala bilmərik! Bəli, bizə bəraət yoxdur və bunu dərk etmək olduqca ağırdır. Ona görə də bayram günlərində hansı sözlə, hansı təsəlli ilə ovundura bilərik qadınlarımızı? Yoxdur belə təsəlli! O gün yadıma Lermontovun məşhur bir poeması düşdü: ana ata və qardaşını döyüş meydanında qoyub qaçan oğulunu evdən qovur! Qoqolun da məşhur əsərində qoca ata fərari oğlunu özü qətlə yetirir! Bunları niyə sadalayıram? Fərari oğullar haqqında çox yazılıb, lakin fərari atalar haqda söz deyilməyib.
Bəlkə də bu o qədər mümkünsüz olub ki, onu heç təsəvvür etməyiblər! Zira biz bunun da mövcudluğunu elə bu gün etiraf etmək məcburiyyətindəyik, o, sarıdan da başımızı qaldırıb qadınlarımızın üzünə baxa bilmirik… Amma elə aşağı da baxa bilmirik, çünki aşağıda torpaqdır, o torpaq ki, bizi heç bir vaxt bağışlamayacaq. Elə qadınlarımız kimi…
Saakaşvili bu hakimiyyəti necə utandırdı?
Bəli, Saakaşvili Milli Məclisdə çıxışı ilə bircə anın içində bütün gəncliyin ən sevimli insanına çevrildi, çünki “Bir kərə yüksələn bayraq bir daha enməz” – dedi! Saakaşvili “Müstəqilliyimiz əbədidir, dönməzdir, sarsılmazdır” deyə bilərdi, amma demədi və Rəsulzadədən misal gətirdi. Mən bu hakimiyyətin halına həqiqətən də acıyıram. Bunlar əlləşib-vuruşub bir model düzəldirlər və düşünürlər ki, artıq bitdi, bu millətin, necə deyərlər, başını bir neçə illiyə qata biliblər. Amma bir sözlə, bir ifadə ilə, bir xatırlatma ilə bunların bir neçə ilə, özü də böyük əziyyətə qurduqları model karton evcik kimi uçur! Mən bir məsələyə məəttəl qalıram. Bu, Rəsulzadənin qüdrətidir. Mən onu bütün bu dövrlərin dissidenti adlandırmışdım. Sovetlər çox çalışdı, bunlar çox çalışdı və istədilər ki, bu insanı unutdursunlar, amma bacarmadılar! Bilirsiniz, niyə belə olur? Ona görə ki, Rəsulzadə Azərbaycanı unutmağa qoymadı, özünün bütün həyatını bu amala qurban verdi, ona həsr etdi! Həqiqətən məhəbbətin özü də əsl məhəbbətin və ülvi sevginin qarşısında, hətta zaman da acizdir. O gün dedilər ki, bizimkilərin də Gürcüstana səfəri olacaq. Bəs bunlar kimdən sitat gətirəcək? Bəlkə E.Şevardnadzedən? Saakaşvilinin sözünün bir mühüm mətləbi də vardı. Mənə elə gəlir ki, o demək istədi ki, Azərbaycan-Gürcüstan dostluğunu dövlətlərin və millətlərin dostluğu kimi görmək istəyir! Deyirəm ki, bəlkə bu hadisədən sonra bunlar bir nəticə çıxardılar, M.Ə.Rəsulzadənin adını özünə layiq şəkildə əbədiləşdirdilər. Lakin inanmıram, çünki bunlar bir nəticə çıxarsaydılar, bunu bu günə qədər edərdilər… Bundan məyus olmağa da dəyməz, çünki uman yerdən küsərlər. Abidəyə gəldikdə isə Rəsulzadə öz abidəsini özü ucaldıb, o, abidə insanların ürəyindədir! Bundan yaxşısını da düşünmək olarmı?

Milyonlara alına bilinməyən dəyər…
•