Əflatun Amaşov Xədicə İsmayılın şantaj edilməsinə münasibət bildirdi
“Hər hansı jurnalistə qarşı mənəvi-psixoloji zəmində bu cür əməllər həyata keçirilirsə, bunun özü də təzyiqin bir formasıdır”. Mətbuat Şurasının sədri Əflatun Amaşov “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayıla qarşı şantaj əməlinə münasibət bildirərkən bunları deyib.
O, “Yeni Müsavat”a açıqlamasında bildirib ki, rəhbəri olduğu qurum hər zaman belə hərəkətlərə qarşı çıxıb: “Bizim əsas məramımız jurnalist üçün heç bir fiziki-mənəvi təzyiq olmadan normal şəraitin yaranmasıdır. Bu halda Xədicə İsmayılın haqqında söz açdığı məsələ də çox ciddi olaraq araşdırılmalı, öz hüquqi qiymətini almalıdır. Çünki istənilən məqamda bu sayaq hallar nəinki jurnalistin özünün, eləcə də digərlərinin peşə fəaliyyətinə təsirsiz ötüşmür”.
Ə.Amaşov deyib ki, Mətbuat Şurasına bu olayla bağlı hər hansı müraciət daxil olmayıb: “Amma bildiyimizə görə, Xədicə İsmayıl Daxili İşlər Nazirliyinə və Baş Prokurorluğa müraciət edib. Mən də bu gün həmin qurumların rəhbər nümayəndələri ilə əlaqə saxladım. Biz bu işi izləyirik”.
Mətbuat Şurasının sədri bildirib ki, rəhbəri olduğu qurumun məramı bu işin sona qədər araşdırılmasıdır.