AzTV-dən növbəti saxtakarlıq

Dövlət televiziyası Mixail Saakaşvilinin çıxışını niyə «kəsib-doğradı»?  

Gürcüstan prezidenti Mixail Saakaşvilinin Milli Məclisdəki çıxışı hökuməti o dərəcədə narahat edib ki, hətta dövlət televiziyasında belə, onun fikirlərinin əhəmiyyətli hissəsi yayımlanmayıb. AzTV Mixail Saaşkavilinin yalnız Azərbaycanın inkişafı barədə söylədikləri fikirləri tamaşaçılara çatdırıb. Gürcüstan prezidentinin Rusiya barədə söylədiyi fikirlərin və Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin məşhur “Bir daha yüksələn bayraq bir daha enməz” fikrini Azərbaycan dilində səsləndirməsinin üstündən sükutla keçib.
Əldə etdiyimiz məlumatlara görə, bunun səbəbi həm təşviş, həm də qısqanclıqdır. Hökumət Saakaşvilinin Milli Məclisin tribunasından Rusiyanın əleyhinə danışmasından təşvişə düşüb. Bu çıxışdan dərhal sonra iqtidaryönlü deputat Fəzail Ağamalının dərhal mətbuat konfransı keçirərək Saakaşvilini tənqid etməsi də bununla bağlı idi. Qısqanclığa gəlincə, hakimiyyət Gürcüstan prezidentinin bir dəfə də olsun Heydər Əliyevin adını çəkməməsini, ondan sitat gətirməməsini, əvəzində Məhəmməd Əmin Rəsulzadənin fikirlərini təkrarlamasını, özü də bunu Azərbaycan dilində söyləməsini həzm edə bilmir.