BMT nümayəndəsi Homsun yerlə yeksan edildiyinə şahid olub
BMT-nin humanitar yardım koordinatoru Valeri Amos “Qızılxaç” təşkilatının heyəti ilə Suriyanın Homs şəhərinin Babi Əmr səmtinə gedib. O, şəhərin tamam yerlə-yeksan olduğunu deyib. Suriya hökümət nümayəndələri ərazidə partlamamış mərmilərin olmasını əsas gətirərək yardım heyətlərini şəhərə buraxmırlar. Babi Əmr bir aydır ki, hökümət tərəfindən bombardımana məruz qalır. Yüzlərlə adamın həlak olduğu xəbər verilir. “Qızılxaç” təşkilatı həyəcan təbili çalır. Müxalifət beynəlxalq nümayəndələrin şəhərə buraxmamasının səbəbini hökümətin müharibə cinayətlərinin izini silmək üçün vaxt qazanmaq istəyi ilə izah edir. BMT-nin ehtimalına görə, 1 il davam edən etirazlarda bugünədək 7500 adam ölüb. Digər məlumata görə bu həftə atışmalardan qaçan iki min nəfərə yaxın liviyalı mühacirət edib.
Bu arada Suriyada daha bir yüksək rütbəli şəxs müxalifətin tərəfinə keçib. İnternetə yerləşdirilmiş videoyazıda özünü neft sənayesi və mineral sərvətlər nazirinin müavini Əbdu Hüsaməddin kimi təqdim edən şəxs hakim “Bəəs” partiyasından getdiyini və istefa verərək müxalifətin tərəfinə keçdiyini bəyan edib. Əbdu Hüsaməddin əli minlərlə insanın qanına bulaşmış Bəşər Əsədə qarşı vuruşan xalqın tərəfinə keçdiyini deyib və öz həmkarlarını da “batmaqda olan gəmini tərk etməyə” çağırıb. Əbdu Hüsaməddin indiyədək Suriyada müxalifətin tərəfinə keçmiş ən yüksək rütbəli dövlət məmurudur.
İnformasiya şöbəsi