Quba – balaca Azərbaycan!

Quba olayları ilə bağlı tutqular başlayıb – sözsüz, birbaşa IH başçısının göstərişi ilə. Bu göstərişi verən daha rayon icra hakimiyyətinin başçısı deyil, respublika icra hakimiyyətinin başçısıdır. Bəlli olduğu kimi, bu adam Ilham Əliyevdir. Praktik görsənişlərdən bəllidir: Ilham Əliyev gerçək bir prezident deyil, bütünlüklə Sovet kommunist-nomenklatura yönətim metodlarına bağlı icra hakimiyyəti başçısıdır. Özü də Azərbaycan boyda bütünlüklə korrupsiyalaşdırılmış bir icra hakimiyyətinin başçısı!
Bu nə deməkdir? Bu, qanunçuluğun ayaqlar altına atıldığı, korporativ maraqların hər nədən üstün tutulduğu əliyevçi hakimiyyət sistemi deməkdir. Bu sistem oğula əməliyyatçı KQB generalından – atasından qalıb. Bu sistemin gücü onun ən yüngül düzəliş-korrektələri belə, yaxın buraxmamasında, dəyişməz qalmasındadır. Mənə inanmayanlar gedib bunu KQB generalının sağ əli olmuş, bu rejimin qurulmasında, indiyədək ayaqda qalmasında Kremlə söykənməklə başlıca rol oynamış (oynayan!) administrator-filosof Ramiz Mehdiyevdən soruşsun.
Bir sıra siyasətçilər, görünür, özlərini çox ağıllı bildiklərindən belə buyururlar: “Prokurorluq cinayət işinə Quba rayonunun qovulmuş icra başçısından başlamalıdır”.
Görəsən, bu adam nə dediyini bilirmi? Bilirmi Ilham Əliyev özü-özünə cinayət işi açdıra bilməz! Bu, qanunçuluq olardı. I.Əliyev çox yox, azacıqsa da qanunçu olsaydı, R.Həbibov kimisini başçı qoyardımı? Bu gün Azərbaycanda R.Həbibovdan bilirsiz neçə dənədi? Rayonları sayını – bilərsiz. Qanunçuluğa qalsa, I.Əliyev gərək Z.Qaralova bu adamların hamısına cinayət işi açmaq göstərişi verə. Göstəriş verər, birdən 80 dənə cinayət işi açılar, sonra nə olar? Ata Əliyevin Naxçıvandan üzü bəri Qarabağı, Azərbaycan neftini PAY-PÜŞK eləməklə qurduğu rejim bir göz qırpımında darmadağın olar. Baş prokuror Zakir Qaralov özü onda I.Əliyevin başlıca düşmənlərindən birinə çevrilər. Eləcə də bu rejimin bütün başqa başlıca fiqurları, fiqurantları: hamılıqla əliyevçi rejimdən doğulduqlarına, bütün əriş-arğacları ilə bu rejimə bağlı olduqlarına görə!
Indi çoxları, lap dünənədək “AzTV-dən maraqlı verilişlərinə görə” Ictimai Televiziyanı öyənlər də Quba olaylarından sonra ən çox bu televiziyanı, bu televiziyanın başında duran adamı söyürlər. Yazıqlar! ITV-nin yaranış funksiyasını unuduban onu “AzTV-dən maraqlı verilişlərinə görə” öyəndə bilmək gərək idi: ITV yalnız ICTIMAI MARAQLARA qulluq etməklə başqa televiziyalardan üstün ola bilər – sazı boyuna mindirməklə, sazçalanları SAZ saxlamaqla yox! Haram adı ilə tanınan birisinin “halal” televiziya yaratmaq nağıllarına inananların bunu bilməyi gərək idi: əliyevçi rejimin özü kriminal yaranışlı olduğundan, buna görə kriminal xarakter daşıdığından bu rejimdə HALALLIĞA, HALAL kimsələrə yer ola bilməz. Bu rejimin özünün necə HARAM rejim olduğunu albay (polkovnik) Isa Sadıqovun bugünlər “Azadlıq”da yayılan yazılarından da görmək olar.
ITV-nin Quba olaylarını işıqlandırmadığına gəlincə… ITV nədi sizünçün? Ictimai Televiziya? Onun başında bilərəkdən anti-ictimai xarakteri, dünyagörüşü, üstəlik, rüşvət-korrupsiya ustalığı ilə tanınan birisi oturdulubsa, onda necə?! Yeni Yasamaldan Əhmədliyədək bu adama çoxsaylı şadlıq saraylarının, restoranların, göydələnlərin yiyəsi olmaq statusu qazandırılıbsa, onda necə?! Hələ siz gedin R.Həbibovu danışdırın. Görün, bu adam ITV direktorunu necə asıb-kəsəcək: “Mən ona Qubanın ən yaxşı yerindən 20 ha torpaq bağışlamışam, o, orda turizm bazası yaradıb, milyonlar qazanır, ancaq indi mənim xeyrimə bir dənə veriliş vermir!”
Sözsüz, bu yerdə qubalılar özləri də Rauf Həbibovu qınaya bilməzlər: adam ADAMLIQ eləyib, adamı ADAM bilib, adama ADAM gərəkirkən… ITV-də də ADAMSIZ qalıb. 20 hektar Quba torpağı ITV-nin bir süjetinə dəyməzmi oldu?!