Prezident və diş

Quba üsyanına qədər elə düşünmək olardı ki, bu cəmiyyətdə diş deyilən şey qalmayıb; Əliyev rejiminin üstümüzə diş qıcamasının da səbəbi elə bu yanlış düşüncəydi, çünki onlar da elə bu cür düşünürdülər ki, bütün Azərbaycanı dişsizləşdiriblər. Bu, əlbəttə onlar üçün sevindirici haldı, axı dişsiz cəmiyyəti idarə eləmək, hakimiyyətdə daha çox qalmaq, ölkənin sərvətlərini son qramına qədər talamaq, büdcəni müxtəlif mənasız layihələrə yönəldərək özlərinin şəxsi hesablarına yatırmaq, varidatlarını Qəzzafinin varidatına çatdırmaq üçün tam şərait yaradır.
Lakin “yaxşı vətəndaş, gözəl vətənpərvər, ədalətin tərəfində duran, mərd, cəsur” Koroğludan danışıb gəncləri ondan nümunə götürməyə səsləyən prezident, görəsən, fərqindədirmi ki, onun bütün fəaliyyəti gəncləri Koroğlulaşdırmır, əksinə, az qala məcburi şəkildə hamısının Keçəl Həmzə olmasını tələb eləyir, Keçəl olmayanlarınsa dişini qırmaqla məşğul olur. Elə srağagün bir dəstə Koroğlu xislətli, yaxşı vətəndaş, gözəl vətənpərvər, mərd, əyilməz gənc elə həmin prezidentin və onun bircə müsbət keyfiyyəti olmayan rejiminin ədalətsizliyinə qarşı aksiya keçirəndə gördük ki, prezident, Koroğlu kimi ədalətsizliyə qarşı çıxan gənclərin dişlərini qırdırdı, sifətini dağıtdırdı, toka verdirdi. Indi bunu necə başa düşəsən?
Prezident özünün bu qeyri-səmimiliyini dərk eləməyinə, eləyir, buna yüz faiz əminəm. Bəs onu da anlayırmı ki, təkcə o özü yox, bütün cəmiyyət bu çıxışın səmimilikdən uzaq olduğunu ovcunun içi kimi aydın görür? Elə isə, görəsən nə hiss eləyir? Başa düşürmü ki, onun mərdlik üçün bir ovuc meydan saxlamadığını, hər addımda incidilən, alçaldılan, rüşvətdən, simasını itirməkdən başqa heç nəyin yaşamağa imkan yaratmadığını görən bu cəmiyyət çörəyi qulağına yemir və onun bütün çıxışlarını elə bu cür də anlayır: o, vətənpərvərlikdən danışırsa, deməli, əslində vətənə yağı kəsilməkdən danışır, vətəndaşlıq, ədalət də eləcə; bir milyon iş yeri də, analoqsuz inkişaf da, korrupsiyaya qarşı mübarizə də, rüşvətxorluq da, hər şey, hər şey – nədən danışsa, deməli, gerçəklikdə bunun əksidi. Yalan danışanın yalanını görənlər üzdə “bəli-bəli” desə də, arxada gülürlər. Hələ, sıravi vətəndaşları demirəm, axı onun başına yığışan əhli-əyan da bilir ki, bu söhbətlərin əsası yoxdu. Hansısa müşavirəmi, iclasmı keçirir prezident, ən azı dövlətin və hakimiyyətin mövcud olması haqda təəssürat yaransın. Və prezident o iclasda həmin o hər şeyi bilən məmurlarına vətənpərvərlikdən, analoqsuz iqtisadi artımdan, yoxsulluğun yoxa çıxmasından, korrupsiyaya qarşı mübarizədən danışır. Siz allah, bir xəyalınızda canlandırın. Bu insanları necə anlayasan? Onlar “dövlət-dövlət”, yəni “evcik-evcik” oynayırlarmı? O, aldatdığını bilir, o birilər aldadıldıqlarını. Bəs kimi aldadırlar bunlar? Xalqı? Axı xalq da hər şeyi bilir. Şəxsən anlaya bilmirəm, bütün bunları anlaya-anlaya necə rahat nəfəs almaq, necə bir-birinin gözünün içinə dik baxmaq olar? Axı bu məmurlar, bu xalq hansısa Avropa komissarı deyil ki, yalanı qızıl-qırmızı gözünün içinə deyəsən…
Görünür, bu cür həyat tərzi keçirib yaşaya bilən insanlar da var. Onlar üçün mövcudluğun bir formasıdır bu.
Mən dişsizlikdən danışırdım. Qüdrətli olmaq istəyən dövlət xadimi gərək heç vaxt cəmiyyətin dişsizləşməsinə, qorxaq, müti, yalançı olmasına çalışmaya. Illah da sənin ölkən müharibə şəraitindədisə. Müti köləyə, simasız, qorxaq, mənəviyyatsız qula çevrilmiş bir xalqın, cəmiyyətin ordusu düşmənə qələbə çala bilərmi? And olsun Koroğlunun misri qılıncına ki, bilməz. Demək, müharibə bəyanatları da belə getdi. Bəs yerdə nə qaldı? Deyəsən bir az neft…