Buna səbəb isə 8 ildir salınan qəsəbədə mavi yanacağın olmamasıdır
Mingəçevirdə bir qrup Qarabağ müharibəsi veteranı və məcburi köçkün etiraz aksiyası keçirməyə hazırlaşır. Buna səbəb isə onlar üçün salınan “Yeni həyat” qəsəbəsində yaşamaq üçün lazımi şəraitin olmamasıdır. 2004-cü ildə tikilən və 412 evdən ibarət qəsəbəyə bu günə qədər qaz çəkilməyib.
Qəsəbə sakinlərinin verdiyi məlumata görə, dəfələrlə problemlə bağlı şəhər icra hakimiyyətinə, həmçinin Qaçqın və Məcburi Köçkünlərin Işləri üzrə Dövlət Komitəsinə müraciət ediblər. Hər il onlara qəsəbəyə qaz çəkiləcəyi ilə bağlı vəd verilsə də, bu vəd yerinə yetirilmir. Bu qışın soyuq keçməsi isə qəsəbə sakinləri üçün ciddi problemlər yaradıb. Ailələrin əksəriyyətində körpə uşaqların olması narahatçılığı bir qədər də artırır. Bu günlərdə şəhər icra hakimiyyətinə üz tutan qəsəbə sakinlərinə növbəti dəfə vəd verilib. Bu dəfə onlara yaya qədər qəsəbəyə qaz çəkiləcəyi deyilib. Hətta şəhər rəhbərliyi bu işi öz vəsaiti hesabına reallaşdıracağını bildirib. Lakin yalan vədlərdən bezən qəsəbə sakinləri aksiya keçirmək qərarına gəlib. Buna cavab olaraq şəhər icra hakimiyyəti başçısının Ilham adlı müavini onlara hədə-qorxu gəlib və üstlərinə polis qaldıracağını bildirib. Lakin qəsəbə sakinləri öz niyyətlərindən geri çəkilmir. Yaxın vaxtlarda qəsəbəyə qaz çəkilməsə, hədələrə baxmayaraq, uzun illərdir qazın yoxluğundan əziyyət çəkən “Yeni həyat” qəsəbəsinin sakinləri etiraz aksiyası keçirəcək.
Fizzə