Mahir sənətkarlıq sahəsi- nəqqaşlıq
Dekorativ-tətbiqi sənətin ən zərif növlərindən biri də nəqqaşlıq hesab olunur. Uzaq keçmişdə ən şöhrətli peşə sahəsi olan nəqqaşlıq indi daha çox müasirləşib və nisbətən istiqamətini də genişləndirib. Qədim zamanlarda işlənmə xüsusiyyətləri xüsusi peşəkarlıq tələb etdiyi üçün uzun zaman bu sənətlə yalnız məharətli ustalar məşğul olmuşlar. Bu nəqqaşlar əsasən əllə işləyirdilər. Bu əl işləri metal, daş, taxta, şüşə üzərinə cızılan təsvirlər və ya dekorativ bəzək işlərindən ibarət olurdu. Çox zaman nəqqaşlar rəssamlığı və xəttatlığı gözəl bilən şəxslər olurdu. Müasir dövrdə nəqqaşlıq sənətinin iş texnikası dəyişib və xeyli asanlaşıb. Indi nəqqaşlıq daha çox kitab qrafikası, dəzgah qrafikası, elmi-tədqiqat qrafikası və başqa sahələrdə istifadə olunur.
Ilk dəfə Çində yaranan nəqqaşlıq sənətini saat siferblatlarını hazırlayarkən tətbiq ediblər. Sonrakı mərhələlərdə nəqqaşlıq sənəti Yunanıstan və Orta Asiyada inkişaf etməyə başlayıb. XI əsrdə Avropa ölkələrində astronomiyanın inkişafı, dəniz cihazlarının hazırlanması ilə qrafika təşəkkül tapmağa başlayıb. O dövrdə metal işlənməsi, ağac kəsilməsi, silahların bəzədilməsi də dəbə düşüb. Beləliklə, bu sənət tezliklə bütün Yaxın Şərqdə, o cümlədən Iran, Türkiyə, Misir, Ispaniya və Mərakeşdə geniş yayılıb.
Azərbaycanda nəqqaşlıq elementləri uzaq keçmişdən bəri bir çox istiqamətlərdə əks olunub. Heç şübhəsiz, bu yerdə dünyada məşhur olan Azərbaycan xalılarının naxışlarını qeyd etmək yerinə düşər. Belə nəfis xalçalardan biri XV əsrdə yaşamış holland rəssam Hans Memlinqin boyadığı “Uşağı ilə Məryəm” tablosunda əks olunmuşdur. Sənətkar Məryəmin ayağı altına Azərbaycan xalçalarından birini sərmişdir.
Şah Ismayıl Xətainin taxtı (XVI əsr, Topqapı muzeyi) və Moskvadakı Silah palatasında saxlanılan bədii qalxan (Məhəmməd Mömün) Azərbaycan tarixində nəqqaşlığın ən yaxşı nümunələrindən sayılır. Təbrizdəki Göy Məscid memarlıq baxımından böyük bir dəyər və şöhrətə malikdir. Ərdəbildəki Şeyx Səfi məqbərəsindəki nəqşlər də dillər əzbəridir. Azərbaycan Atabəyləri tərəfindən tikdirilmiş Naxçıvandakı Möminə Xatun türbəsi (XII əsr) yüksək dəyərli bir abidədir. Şirvanşahlar zamanından qalma (XIV əsr) Bakıdakı binalar xüsusi əhəmiyyət daşıyır.
Tarixi qaynaqlara görə, Çaldıran döyüşündə Şah Ismayıla qələbə çaldıqdan sonra Sultan Səlim Azərbaycandan Istanbula 3000-ə qədər sənətkar gətirmişdi. Odur ki, Bursada gözəl çiniləri ilə məşhur olan Yaşıl Cami Təbrizli ustalar tərəfindən tikilmişdir. Azərbaycanda daha çox Təbriz, Ərdəbil, Şuşa və Gəncə sənətkarları nəqqaşlıq elementlərindən istifadə ediblər. Onlar əsasən binaları, məscidləri, kitabları bəzəməklə məşğul olmuşlar.
Azərbaycan nəqqaşlığı
Azərbaycanlılar nəqqaşlığın inkişafında böyük rol oynayıblar. Öncə çinlilərlə uyğurların əlində olan nəqqaşlıq peşəsi Elxanilər zamanında azərbaycanlılara keçmişdir. Hətta Şah Ismayıl Xətainin dövründə Səfəvi sarayının yanında məşhur Təbriz sənət məktəbi təsis olunmuşdur. Tanınmış rəssam Behzad Heratdan bura qayıtmış və bu məktəbə başçılıq etmişdir. Behzad bu dövrdə xüsusilə böyük Azərbaycan şairi Nizaminin əsərlərini bəzəməklə məşğul olmuşdur.
Qərb aləmində “Şərqin Rəfaeli” adı ilə məşhurlaşan Iran miniatürçüsü Kəmaləddin Bəhzad Təbrizli Seyid Əhmədin şagirdidir. Seyid Əhmədin özü isə Iranlı Əbu Səidin sarayında çalışan məşhur Azərbaycan rəssamlarının sırasına daxildir. O, Teymurilər dövrünün miniatürçülərindən biri olmuşdur. Gözəl miniatürləri ilə əski yazmaları, xüsusilə böyük Nizaminin “Xəmsə”sini bəzəyən azərbaycanlı Ağamirək də bu məktəbə mənsubdur.
Azərbaycanda nəqqaşlıq sovet dövründə də inkişaf edib. Bu dövrdə nəqqaşlığın mexaniki üsulla işlənməsi geniş yayılıb. Nəqqaşlıq, rəssamlıq və xəttatlıq sənətlərinin nümayəndələrinin hamısı haqqında ətraflı məlumat saxlanılmayıb. Məsələn, XIX əsrdə Şamaxıda Mirzə Cəfər, Şuşada – Usta Qurban Qarabaği ad qazanmışlar. Amma onlar haqqında təfərrüatlı tarixi bilgilər qalmayıb. Belə məşhur şəxslərdən biri Mir Möhsün Nəvvab olmuşdur ki, o, Azərbaycan mədəniyyəti tarixində istedadlı şair, musiqi nəzəriyyəçisi və xəttat kimi tanınmışdır. Mir Möhsün Nəvvabın rəssamlıq məharəti “Teymurun portreti” (akvarel, 1902) tablosunda öz ifadəsini tapmışdır.
Şərq dünyasının ən məşhur musiqiçi və musiqişünaslarından sayılan Səfi əd-Din Əbdülmömin ibn Yusif ibn Faxir Urməvi Azərbaycanın qədim mədəniyyət mərkəzi Urmiya şəhərində 1216-cı ildə anadan olmuşdur. Sonradan bütün Yaxın və Orta Şərqin elm və mədəniyyət mərkəzi olan əfsanəvi Bağdad şəhərinə gələrək, dövrünün ən yaxşı universitetlərindən sayılan “Müstənsəriyyə”də təhsil almışdır. O, burada fəlsəfənin, məntiqin, tibbin, riyaziyyatın, astronomiyanın və dillərin əsasları ilə tanış olur. Musiqi sənətini öyrənməkdə davam edən Səfiəddin xəttatlıqda da böyük uğur qazanmışdır. Təsadüfi deyil ki, əvvəlcə o, musiqi sahəsində deyil, xəttat kimi şöhrət tapmış və Abbasilər sülaləsinin son nümayəndəsi xəlifə əl-Müstəsimin sarayına dəvət olunmuşdur. Az vaxtda xəlifənin yaxın əhatəsinə daxil olan sənətkar bir müddətdən sonra saray kitabxanasının rəhbəri və baş xəttat təyin olunmuşdur. Kitabların üzünü köçürmək və kitabxana rəhbərliyi Səfiəddini musiqi təhsilini davam etdirməkdən yayındırmamışdır.
Urməvinin risalələri unikal elmi əsərlər kimi bu gün də yaşayır və dünyanın bir sıra şəhərlərinin – Nyu-York, Paris, Berlin, Vyana, Qahirə, Istanbul, Sankt-Peterburq, Tehran, Bakı və digər şəhərlərin kitabxanalarında qiymətli əlyazmalar kimi saxlanılır.
Dünyaca məşhur azərbaycanlı nəqqaşlar
Abbasqulu ağa XVIII əsr Azərbaycanın tanınmış memarı və nəqqaşı olub. Şəki Xan Sarayının tərtibatında iştirak edib. Sarayda böyük salonun tavanında mürəkkəb kompozisiyalar yaradıb, bəzək işləri görüb. Öz adını orijinal şəkildə – sağdan-sola deyil, aynada əks olunduğu kimi, soldan-sağa həkk edib.
Kərbəlayi Zeynalabdin Əbu Səid oğlu Usta Zeynal Nəqqaş 1829-1904-cü illərdə yaşamışdır. Məşhur xəttat nəqqaş və şair olub, el arasında “qızıl əlli nəqqaş” kimi tanınıb. Naxçıvandakı “Xan sarayı”na, Bakıda H.Z.Tağıyevin ev muzeyinə (indiki Tarix muzeyi), Təbrizdəki, Ordubaddakı “Came” məscidinə, Məşədi Tağının evinə, Əylis, Vənənd kəndlərində bəzi evlərə çəkdiyi rəsmlər və vurduğu nəqşlər hələ də durur. Ordubad şəhərinin “Malik Ibrahim” qəbiristanlığındakı dağa bitişik “Qara pir”də vurduğu nəqş, XIX əsrin axırlarında Iran şahının Ordubada gəlişi ilə əlaqədar olaraq “Came” məscidinin arxa tərəfinə yumurta sarısı, əhəng və başqa materiallardan hazırladığı məhlul vasitəsilə “Şiri xurşid” gerbini düzəltmiş və dizinin üstündə almazla kəsdiyi ayna qırıqları ilə ortasına günəş rəmzi də yapışdırmışdı. Həmin monumental əsərlər bu günə qədər qalmaqdadır. Həmçinin, “Came ” məscidinin divarına öz yazdığı şeirdən beytləri də həkk etdirib.
1838-ci ildə Ordubadda təşkil edilmiş “Əncümənü-şüəra” adlı ədəbi məclis məşğələləri bəzən Usta Zeynal Nəqqaşın evində keçirilərmiş. XX əsrin Hüqosu M.S.Ordubadinin Azərbaycan Dövlət Əlyazmalar fondunda saxlanılan “Tərcümeyi-halım”da Usta Zeynal Nəqqaş haqqında dəyərli fikirləri var.
Əli ibn Hacı Əhməd ağac üzərində oyma ustası olub. Bursadakı Yaşıl Caminin qapısını bəzəyib.ÿNemətulla Bəvvab ibn Məhəmmədÿ dövrünün tanınmış xəttat və nəqqaşı olub. Təbrizdəki Göy Məscidin (1465) kitabələrini hazırlayıb. Əmirşah Vəlinənkişiÿ Şirvanşahlar Sarayının (1584) Şərq qapısının bəzəkli baş tağının müəllifidir. Ismayıl Nəqqaş Ərdəbili Şeyx Səfiəddin kompleksində Ali baş qapı tağının (1647) bəzəklərini işləyib.ÿ Mirzə qədim Irəvaniÿ XIX əsrin tanınmış nəqqaşı olub. Sərdar sarayının divar rəsmlərini işləyib (1850).
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu
KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir