Qubalılara güllə atmaq təklifi hansı nazirdən gəlib?

Martın 1-də Qubada baş verən hadisələr hələ uzun müddət gündəmin əsas müzakirə mövzularından biri olaraq qalacaq. Qubadan olan deputat Vahid Əliyevin açıqlaması bu müzakirələrin əhatə dairəsini bir qədər də genişləndirdi: “Cənab prezident Qubada baş verən hadisələri ciddi nəzarətdə saxlayırdı. Nəqliyyat naziri Ziya Məmmədov dövlət rəsmisi olaraq, cənab Ilham Əliyevlə əlaqə saxlayırdı. Prezident qəti göstəriş vermişdi ki, camaata atəş açılmasın…”.
Bu açıqlamadan belə çıxır ki, Əliyev bu göstərişi Quba hadisələrilə bağlı müşavirədə yüksək vəzifəli yetkilinin vəziyyətdən çıxış yolu kimi xalqa qarşı silah işlətmək təklifinə qarşı verib. Belə olan halda, maraqlıdır, Qubada camaata qarşı silah işlətmək təşəbbüsü ilə çıxış edən həmin məmur kim olub?
“Musavat.com” bu məsələ ilə bağlı yazır: “…Atəş açmaq təşəbbüsündə bulunan nazirin kimliyinə gəlincə, mənbə bunu bizə söyləsə də, əlimizdə sübut olmadığı üçün, eyni zamanda, o nazirlə məhkəmə çəkişmələrinin perspektivlərini nəzərə alaraq onun adını hələlik yazmırıq”.
“7gun.az” xəbər portalının yaydığı xəbərdə isə hakimiyyət daxilindəki mənbəyə istinadən bildirilir ki, “Yeni Müsavat” qəzetinin məlum səbəblərdən adını açıqlaya bilmədiyi, Qubada baş verən hadisələrlə bağlı keçirilən müşavirə zamanı xalqa atəş açmaq təşəbbüsü ilə çıxış edən məmur nəqliyyat naziri Ziya Məmmədov olub.
Qeyd edək ki, Quba rayonu Ziya Məmmədovun kurasiyasındadır. Qubanın keçmiş icra başçısı da nəqliyyat nazirinin qohumudur.