İlham Əliyevin «atəş açmayın» əmri niyə iki gün sonra və təkrar-təkrar səsləndi?
Belə… Biz Qubada baş vermiş hadisələrdən bir dərs çıxarmalıyıqmı? Əlbəttə, çıxarmalıyıq. Bu hadisə bizə nələri göstərdi? Düşünürəm ki, bir çox taktiki addımların müəyyənləşməsində və sosioloji təhlillər apararkən bizə qaranlıq qalan məqamların aydınlaşmasında “Quba başlanğıcı” ciddi təsiredici rol oynaya bilər. Başlayaq ondan ki, niyə məhz “başlanğıc”?
Heç kim inkar etməz və inkara cəhd də göstərməz ki, son illərin konkret nəticə verən kütləvi aksiyası məhz Qubada oldu. Bu isə nəticəli kütləvi proseslərin birincisi kimi qiymətləndirilməli və analoji tədbirlər üçün nümunə xarakterli olmalıdır. Amma biz də özümüz üçün çıxardığımız nəticələri cəmiyyətlə bölüşməliyik. Söhbət siyasətin gündəlik qaydalarının tətbiqi zamanı sosial amilin təsirini nəzərə almaqdan və uzlaşmaqdan gedir.
“Köhnə”, yoxsa “qədim” vasitə?
Başlıca nəticə odur ki, mitinq, küçə yürüşləri, kütləvi etirazlar haqqında “köhnəlib” deyənlər gördülər ki, bu aksiya formaları köhnəlməyib, sadəcə, ən yaxşı nəticə verdiyi üçün onun haqqında “ən qədim və ya təkmil metod” deyə bilərik. Hələ ondan danışmırıq ki, ən demokratik sistemlər belə, seçkilərin canlı keçməsi üçün mitinqlərə üstünlük verirlər. Azərbaycanda isə şər hakimiyyətinin günahlarına qarşı etirazları “tormozlamaq” istəyən “ağzıgöyçək” dəstə özünü ağıllı göstərməyə elə də fürsət tapa bilmədi. Bu aksiya göstərdi ki, azğın sistemə qarşı məhz kütləvi aksiyalar daha effektli nəticə verdi. Qubada icra hakimiyyəti başçısının istefasına səbəb olacaq başqa etiraz forması yəqin ki, daha radikal forma ola bilərdi ki, biz də bunu istisna edirik, arzu etmirik.
Gənclik gəlməsə…
Ikinci ciddi nəticə odur ki, bu proseslərin həm ortasında, həm önündə gənc nəsil olmalıdır. Məhz sona qədər mübarizə aparmaq gənc nəslə xasdır. Bu, bioloji və sosioloji baxımdan da tam sübut olunub ki, hərəkətvericiliyin xarakteri prosesin nəticəsinə birbaşa təsir edir. Gənclik isə daha maksimalist olduğu üçün maksimal hədlər qoyur və əldə etdiyi nəticələr də real olur. Quba olayları bunu da sübut etdi. Etiraz edən kütlə az və ya çox həddə kompromisə meylli olmadığından nəticə daha adekvat oldu. Bu da məhz gəncliyin enerjisilə bağlı idi. Emosional vəziyyət yuxarı olduqca kompromis əhval-ruhiyyəsi aşağı olur. Kütləvi hərəkatın başlıca faktorlarından biri də budur.
Hakimiyyət nə zaman acizdir?
O da aydın oldu ki, hakimiyyət məhz insanların elliklə etirazı qarşısında dişsizdir. Acizdir. Onların tələblərini nəzərə almaya bilmir. Daha doğrusu, bu tələbləri nəzərə almayacağı təqdirdə üzləşəcəyi nəticələri bilir. Reallıq hisslərini tam itirməyib. Deməli, növbəti etiraz tədbirlərinə hazırlaşarkən kütləvilik məsələsi ciddi qoyulmalıdır. Etiraz o zaman ifadə olunmalıdır ki, konkret təzyiqedici güc formalaşsın. Bu gücü ortaya qoymaq üçün bütün qanuni vasitələr işə salınmalıdır.
Alov sıçrasa…
Bir nəticə də bu idi ki, hakimiyyət özünə dəstək üçün təşkil etməyi düşündüyü mitinqi təxirə saldı. Bakıdan hazırlanmış xüsusi avtobuslarla Qubaya yola düşəcək heyət üçün bir günlük istirahət şəraiti də yaradılması haqda tapşırıqlar verilmişdi. Amma son anda aksiya təxirə salındı. Görünür, hakimiyyət hiss elədi ki, o artıq heç bir tədbirə nəzarət etmək gücündə deyil və öz aksiyaları da əleyhinə çevrilə bilər. Bu zaman isə obrazlı desək, alov başqa rayonlara da sıçraya bilər. Bu isə hakimiyyət üçün daha böyük təhlükə demək idi. Amma bu addımın təxirə salınması prosesi çox az vaxt üçün təxirə salına bilər (ola bilsin ki, siz bu sətirləri oxuyan anlarda başqa bir xalq etirazı barədə məlumat yayıldı).
Ilham Əliyevin bu cür hadisələrə hazırlıqlı olması da bir daha göründü. Belə ki, rayona qoşun yeridiləndən sonra onun “atəş açmayın” əmri verdiyi açıqlandı. Bu açıqlamaya zərurətin yaranması isə o demək idi ki, Ilham Əliyev belə bir əmr verib. Əks halda, ora qoşun yox, Çevik Polis Alayı göndərilməli idi. Deməli, Ilham Əliyev hər bir icra başçısına olan etirazı və təhlükəni özünə qarşı sayır. Yəni, o da bilir ki, xalq problemin haradan və necə qaynaqlandığını dərk edir.
Seymur Həzi