Zaqatala, Salyan, Qaradağ və Göyçay rayon başçıları əhalini üsyana sürükləyir
Qubada baş verən olay və rayon əhlinin sonda qələbəsi başqa rayonların da əhalisini həvəsləndirib. “Azadlıq”a daxil olan məlumatlara görə, artıq 4 rayonda – Zaqatalada, Salyanda, Qaradağda və Göyçayda icra başçıları ilə bağlı çox ciddi narahatçılıqlar var.
Əsasən sosial şəbəkələrdə aktivləşən rayon fəalları tez bir zamanda aksiya keçirməyi planlaşdırırlar. Zaqatalalılar ilk günlərdə az qüvvə ilə təmsil oluna biləcəklərindən narahat olsalar da, davamlılığı təmin etdikdən sonra kütləviliyin artacağına əmindirlər. Yayılan statuslardan məlum olur ki, rayonda sosial-iqtisadi vəziyyət dəhşətli şəkil almaqla yanaşı, həm də məmur özbaşınalığı da onların həyatını puç edir. Elə bu səbəbdən də haqlarını tələb etmək üçün sonadək mübarizə aparmağı düşünürlər.
“Vəziyyət ağırdır. Icra başçısı Mübariz Əhmədov insanlara qan uddurur. Rayonda iş yerləri yoxdur. Əsas qazanc yeri olan fındıq istehsalı da icra başçısının inhisarındadır. Özünə və yaxınlarına məxsus olan zavodlarda fındığı ucuz alırlar. Başqa yerlərdə satmaq isə qeyri-mümkündür. Son 7 ildə üç dəfə icra başçı dəyişib. Ancaq heç biri biz zaqatalalılara yardım etməyib”, – deyə rayon sakinləri qeyd edirlər.
Sosial şəbəkələrdə Salyanda da etiraz aksiyasına çağırışlar edilir. Həmin çağırışlarda deyilir ki, rayonun icra başçısı Tahir Kərimovdan narazılar martın 10-da rayonun mərkəzinə toplaşacaqlar.
Etiraz aksiyasına yüzlərlə insanın qatılması gözlənilir. Təşkilatçılara rayondakı sahibkarların da dəstək verəcəyi bildirilir. Onlar martın 10-da Salyanda Qubadan da izdihamlı bir mitinq təşkil edəcəklərini bəyan edirlər. Hüquq-mühafizə orqanlarının isə mitinqin baş tutmaması üçün hərəkətə keçdiyi söylənilir. Yayılan məlumatlara görə, bir neçə fəal rayon polis idarəsinə çağırılaraq, sorğu-sual edilib.
Qaradağda da vəziyyət ürəkaçan deyil. Icra başçısı Süleyman Mikayılovdan şikayət edənlərin sayı bitib-tükənmir. Əsasən sahibkarların daim şikayətləndiyi bu rayonda karxana sahibləri, obyekt işlədənlər, bir sözlə, hamı “Çakır” ləqəbli icra başçısından narazıdır. Sakinlər deyir ki, 2011-ci ildə dövlət büdcəsindən rayona ayrılan pullar mənimsənilib: “Yollar bərbaddır. Rayonun Buta və Səngəçal qəsəbələrində də vəziyyət ürəkaçan deyil. Qəsəbələrə son illər asfalt çəkilməyib. Məktəb, yollar, kanalizasiya sistemi, parklar xarabazara bənzəyir. Bu rayona gələn adam inanmaz ki, bu cür sosial durumla insan yaşaya bilər. Dəfələrlə şikayət etmişik, heç bir müraciətimizə baxılmayıb. Kimsə ev tikmək istəsə, hər mərtəbəsi üçün 1000 manat pul verməlidir”.
Süleyman Mikayılovla bağlı 1 saylı Inzibati-Iqtisad Məhkəməsinə şikayət edən Kənan Ağayev ona dəymiş ziyanın qismən ödənilməsinə nail olub. Məhkəmə şikayətçinin 285 min manat maliyyə vəsaitinin ödənilməsi qərarını verib. Ağayevin əmlakının dağıdılması nəticəsində ona 50 min manata yaxın maddi ziyanın ödənilməsi və sökülmüş tikintinin bərpası qərarı qəbul edilib. Rayon sakinləri deyirlər ki, Süleyman Mikayılov barəsində yüzlərlə rayon sakini məhkəməyə müraciət edib.
Göyçay rayonunun başçısı olan Mənsur Məmmədov həm də Nəqliyyat naziri Ziya Məmmədovun yaxın qohumdur. Rayon sakinləri deyirlər ki, Mənsur Məmmədov Göyçaya gələn gündən sakinlərə qan uddurur: “Rayon büdcəsi talanır. Hər ay büdcə təşkilatlarından pul yığılır. Rayonun abadlaşdırılması adı ilə ayrılan vəsait yoxa çıxır. Nəticədə təmir işləri həkimlərin, müəllimlərin hətta xadimələrin maaşlarından tutulan pullar hesabına aparılır. Şəhərin mərkəzi hissəsi istisna olmaqla rayona düz-əməlli su verilmir. Icra başçısı Ilham Əliyevi aldadaraq ona rayona su verildiyini deyib”.
Göyçay rayon sakinlərinin sözlərinə görə, problemlər qısa zamanda həll olunmasa, yüzlərlə insan şəhərin mərkəzinə çıxıb haqqını tələb edəcək.
Ramin DEKO