Anası Bəşər Əsədi Qəzzafinin aqibəti gözləyir dedi

Suriyaya müdaxilə planı hazırdır

Suriyada gərginliyin davam etdiyi bir vaxtda Bəşər Əsəd rejiminə yönəlik beynəlxalq hərbi müdaxilə də gündəmdədir. ABŞ-ın müdafiə naziri Leon Panetta Vaşinqtonun Suriyada yaşanan böhranın qarşısının alınması üçün potensial hərbi müdaxilə planını nəzərdən keçirdiyini söyləyib.

“Suriya xalqını qorumaq, zorakılıqları dayandırmaq və regional sabitliyi təmin etmək üçün bütün səyləri dəstəkləmək məqsədilə lazım olsa, potensial hərbi variantlar da daxil olmaqla, müttəfiqlərimizlə birgə atılacaq əlavə addımları nəzərdən keçiririk”, – deyə Pentaqon şefi Senatın Silahlı Xidmətlər Komitəsi üçün hazırladığı məruzəsində qeyd edib.
Bu arada, “WikiLeaks” saytının yaydığı “Stratfor” kəşfiyyat-analitik quruma aid məxfi yazışmalarda göstərilib ki, Suriya diktatoru Bəşər Əsədin anası Ənisə Mahluf oğlunun taleyinə görə narahatlıq keçirir. Məxfi yazışmalardan birində yazılıb ki, Ənisə Mahluf tez-tez oğlunun müxalifətçilərə qarşı davranışını tənqid edir, “Əgər atan Hafiz Əsəd sağ olsaydı, işlər bu nöqtəyə gəlməzdi” deyir. O, Bəşər Əsədə, taleyinin qətlə yetirilən Müəmmər Qəzzafinin taleyinə bənzəyəcəyi barədə də xəbərdarlıq edib.