Xocalı soyqırımı – insanlığa və bəşəriyyətə qarşı cinayət

Qan ağlayan “Qızılqum”…

…O, illərdir ki, heç kimə bu haqda danışmır. Bu məqsədlə indiyə qədər qapısını döyənlərə heç birmənalı şəkildə “yox” cavabını da verməyib. Onun əvəzinə 20 ildir köksündə dərin yara açan dərdi-qəmi danışıb, demək istədiklərini səssizcə çatdırıb… Şurxəddin xala ilə görüşüb danışmaq bizə də nəsib olmadı. Hərçənd, “Qızılqum”a yollananda onu necə olursa olsun, yola gətirəcəyimizi, qısa müddətə də olsa, ürəyini boşaldıb bizimlə söhbət edəcəyini düşünmüşdük. Amma öyrənəndə ki, hər belə söhbətdən sonra yaşadığı yataqxananın qarşısına təcili yardım maşını gəlir, əl saxladıq. Bütün bunları da qapısının kəndarından uzaqlaşanda Şurxəddin xalanın gəlinindən öyrəndik.
Sözün bitdiyi yer…
Xocalıdan heç kim itkisiz çıxmayıb. Amma Şurxəddin xalanın itkisi nə deyiləsidi, nə yazılası. Onun nəinki 20 il susmaq, bəlkə bir ömür danışmamaq üçün çox ciddi səbəbi, haqqı var. Üç oğlunu – övlad sarıdan bütün dövlətini o dəhşətli gecə əlindən alıb. O vaxtdan yataqxanadakı köhnə, şəraitsiz otağında tək sirdaşı özü olub. Özüylə danışıb, özüylə dərdləşib. Qonşuları – Pirşağıdakı “Qızılqum” yataqxanasında məskunlaşan xocalılar deyir ki, 19 ildən sonra ilk dəfə bu ildir ki, onu qapıdan bayıra çıxan, ara-sıra da qonşularla get-gəl edən görürlər. Şurxəddin xalanı bu il faciənin iyirmi illiyi ilə bağlı Istanbulda – “Taksim” meydanında təşkil edilən məşhur Xocalı aksiyasına da aparmaq istəyiblər. Amma bu məqsədlə Türkiyədən gələnlərin təklifindən imtina edib. Yaxınları deyir ki, bundan belə onu heç nə təsəlli edə bilməz: “Heç olmasa, övladlarından biri yanında olsaydı, o birilərinin dərdinə birtəhər dözərdi. Indi necə təsəlli tapsın? Onun üçün hər şey anlamını 1992-ci ilin 26 fevralında itirib…”
O an Şurxəddin xalanın ürək sızladan acı hekayəsinin təsirindən çıxmaq, bir anlıq bu ahıl qadının nələr yaşadığını təsəvvür etməkdən çətin heç nə yox idi. Yataqxananın sınıq-sökük pilləkənlərindən düşdükcə Xocalının özündən sonra özü boyda bir dərd qoyduğunu daha yaxşı başa düşdük. Bəlkə də bu çarəsiz qadının üsyanı nə torpaq, nə də oğul-uşaq itirməyin üsyanı idi. Bəlkə də Şurxəddin xala övladlarını səngərdə – düşmənlə savaşda itirsəydi, bu qədər dərdli olmazdı. “Oğlum Vətən uğrunda şəhid olub” deyib başı dik, məğrur gəzərdi. Indi o, sadəcə susurdu. Bu, insanlığa qarşı törədilmiş vəhşətə qarşı səssiz üsyan, sözün bitdiyi yer idi…
Heç kino da o dəhşətləri çatdıra bilməz
Elə bildik ki, “Qızılqum”da qarşımıza Şurxəddin xaladan dərdli adam çıxmayacaq. Amma bu dəfə də yanıldıq. Döydüyümüz hər qapı Xocalıdan bir parça acı, bir parça dərd gətirmişdi özü ilə…
…Kənddən çıxanda Vüsalənin 6 yaşı olub. Indi olanları uşaq hafizəsi ilə yarıkölgəli xatırlayır. Həmin gecə bu gün də yolunu gözlədiyi atası Vaqifi, anası Bəsirəni itirmişdi. Söhbət boyu xəlvətcə əllərini üzünə tutub bizdən qaçırmağa çalışdığı göz yaşlarını silirdi. Insanlığa sığmayan, insanlıq adına qara ləkə olan Xocalı vəhşətinin ağır zərbəsindən o qədər sarsılıb ki, bir daha ora qayıtmaq istəmədiyini deyir: “Anam-atam olmayandan sonra niyə qayıdım?
Bizi kənddən bir az tez çıxardılar ki, nə isə olsa, onlara olsun. Biz gəldik, amma anam-atam gələ bilmədi. 20 il keçib, amma mən hələ də ümidlə yaşayıram. Hələ də elə bilirəm ki, bu dəqiqə içəri girəcəklər… Heç bilmirəm ki, ölüblər, yoxsa əsir düşüblər. Hər dəfə Xocalı ilə bağlı fraqmentlərə ağlaya-ağlaya baxıram. Çox vaxt bibim qoymur baxmağa”.
Bakıya gələndən sonra Vüsaləyə və o biri bacı-qardaşlarına bibisi sahib çıxıb. Bu fədakar qadın ailə qurmayaraq, ömrünü qardaşı uşaqlarını böyüdüb boya-başa çatdırmağa sərf edib. Indi Vüsalə Sevda adlı başqa bir bibisinin gəlinidir. O bibisinin ki, Xocalı soyqırımı baş verən ərəfədə valideynləri Vusaləni və bacı-qardaşlarını təhlükədən uzaqlaşdırmaq üçün onun Ağdamdakı evinə göndərmişdilər.
Sevda xala “Qızılqum”a Xocalı həqiqətlərini öyrənmək üçün yataqxanaya gələnlərə gördüklərini, bildiklərini nəql edir ki, bu dəhşətli faciə tarixin tozlu dolanbaclarında itib qalmasın. Deyir ki, həmin günü xatırlamaq ona nə qədər ağır olsa da, Xocalının unudulmasına imkan verə bilməz: “Faciənin qurbanları, o qanlı gecənin şahidləri danışmalıdırlar ki, bu tarix unudulmasın, hər birimizin qan yaddaşına çevrilsin.
Xocalıda nələr olmadı ki… Itki hədsiz çox idi. O qədər şey olub ki, adam bilmir haradan başlasın. Insanları vəhşicəsinə öldürürdülər. Nə qocaya baxırdılar, nə uşağa. Heç yadımdan çıxmaz, bizim yaxın bir qohumumuzu – cavan bir gəlini hamilə vəziyyətdə qətlə yetirdilər. Təsəvvür edin ki, özünə də güllə dəymişdi, kürəyinə bağladığı körpəsinə də. Amma qarnındakı uşaq sağ qalmışdı…
Qardaşımı, onun yoldaşını heç cür xilas etmək mümkün olmadı. Mən özüm gəlmək istəmirdim Xocalıdan. O biri qardaşım güclə gətirdi ki, nə qədər oturub ölü yolu gözləyəcəyik.
Əksəriyyət yataqxanalarda məskunlaşdı. Oradan heç kim heç nə gətirə bilmədi. Kimin ağlına gələ bilərdi ki, Xocalı belə viran olar. Nəyimiz var idisə qaldı. Hamı ölənlərin hayına qalmışdı, kim idi evə-mala baxan. Xocalı dəhşətlərini danışmaqla təsvir etmək mümkün deyil. Bu dəhşətləri nə əl qələmə ala bilər, nə dil olduğu kimi çatdıra bilər. Heç kinoda da o dəhşətləri çatdıra bilməz…”
Xocalıda baş verənlər dünyanı dəhşətə gətirir
“Qızılqum”da eşitdiklərimiz bir daha sübut edir ki, dünyada müharibələr, şəhidlər, itkilər çox olsa da, Xocalı kimi analogiyalar nadirdir. Məhz Xocalıda 1992-ci il fevralın 25-dən 26-na keçən gecə amansız qətliam nəticəsində 613 nəfər şəhid olub. Öldürülənlərin 63 nəfəri uşaq və yeniyetmə, 106-sı qadın və qız, 70 nəfəri isə ahıllar olub. Qətliam nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Şəhid olanların 56 nəfəri xüsusi amansızlıqla öldürülüb, 1275 nəfər isə əsir və girov götürülüb.
Dünyadakı heç bir ikili standart, heç bir dini ayrı-seçkilik, heç bir arqument Xocalıda törədilənlərin qarşısında duruş gətirə bilməz. Müharibəyə cəlb olunduğumuz tarixin elə bir mərhələsi yoxdur ki, dünya mediası Xocalıda olduğu qədər Azərbaycanın haqq səsini, terrora məruz qaldığını dünyaya yaymış olsun. Çünki Xocalıda baş verənlər bütün dünyanı dəhşətə gətirir.
Təsadüfi deyil ki, qondarma erməni soyqırımını inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanunun qəbul edildiyi (həmin vaxt Konstitusiya Şurası qanunu hələ ləğv eləməmişdi) Fransanın “France 24″ telekanalı da bu il fevralın 26-da Xocalı qətliamını əks etdirən kadrları yayımladı…
Çıxarılmış gözlər, sivrilmiş qulaqlar, soyulmuş dərilər…
Amerikalı jurnalist Tomas Qolts “Azərbaycan xatirələri” adlı kitabında Xocalıda baş verənlər barədə yazırdı: “Öldürülən qadınların bir neçəsi hamilə, uşaqların 43-ü azyaşlı, biri isə ikigünlük körpə idi. Yaralıların bəziləri yandırılmaqla, bəziləri isə üstündən hərbi texnika ilə keçməklə öldürülmüşdü”.
Fransalı jurnalist Jan-iv Yunet Xocalı dəhşətlərini belə təsvir edirdi: “… Dəhşətli mənzərə idi. Mən müharibələr haqqında alman faşistlərinin qəddarlığı barədə çox eşitmişəm. Amma 5-6 yaşlı uşaqları, dinc əhalini öldürən ermənilər onları üstələdilər. Xəstəxanalarda, vaqonlarda, hətta uşaq bağçaları və məktəblərdə çoxlu yaralılar gördük”.
“Front Layn Nyus” telekompaniyasının əməkdaşı Rori Patriks Xocalıda olmuşdu. Onun hazırladığı süjetdə deyilirdi: “Xocalıdakı cinayətkarlığa heç nə ilə haqq haqq qazandırmaq olmaz. Naxçıvanik kəndinin yaxınlığında mən onlarla eybəcər hala salınmış meyitlər gördüm. Bunlar Xocalının müdafiəçiləri deyildilər, bunlar Xocalının dinc əhalisi – ermənilərin güclü atəşi altından çıxıb Ağdama çatmağa can atan və güllələnən uşaqlar, qadınlar, qocalar idi”.
“Izvestiya”nın müxbiri V.Belix Xocalı təəssüratlarından belə bəhs edirdi: “… Gecə vəhşətində belə şey xəyala gətiriləsi deyil: çıxarılmış gözlər, sivrilmiş qulaqlar, soyulmuş dərilər, kəsilmiş başlar… Işgəncələrin həddi-hüdudu yoxdur”.
“Izvestiya”nın Xocalı ilə bağlı başqa bir materialında isə bu fikirlər öz əksini tapmışdı: “Videokamera qulaqları kəsilmiş uşaqları göstərdi. Bir qoca qadının üzünün bir tərəfi kəsilmişdi. Kişilərin baş dəriləri soyulmuşdu”.
Böyük Britaniyanın “Sunday Times” qəzeti həmin ərəfədəki saylarının birində ermənilərin Xocalıda  yüzlərlə ailəni məhv etdiyini yazmışdı. “Xocalı münasib vaxtlarda tarlaları əkib-becərən minlərlə azərbaycanlı üçün ev idi. Ötən həftə o şəhər yer üzündən silindi”, – deyə Britaniya qəzeti Xocalını belə təsvir edirdi.
Fransanın nüfuzlu “Le Monde” qəzeti də hadisəni diqqətdən kənarda qoymamışdı: “Ağdamda olan xarici jurnalistlər Xocalıda öldürülmüş qadın və uşaqların meyitləri arasında baş dərisi soyulmuş, dırnaqları çıxarılmış meyitlər gördülər. Bu, Azərbaycanın təbliğatı deyil, reallıqdır”.
Britaniyanın “Times” jurnalı da Xocalıda baş verənləri oxucularına bu şəkildə çatdırmışdı: “Çoxları eybəcər hala salınmışdı, balaca bir qızın isə yalnız başı qalmışdı”.
Bunun bir adı var
Beynəlxalq aləmin Xocalı soyqırımına biganə qalmaması təbii ki, orada insanlığa qarşı törədilən vəhşiliklərin doğurduğu heyrətdən irəli gəlir. Heç bir lobbi, heç bir diplomatiya orada yaşananların bir müharibə itkisi olduğunu deyə bilməz. Bunun bir adı var – SOYQIRIM!!!
Aytən Məmmədova
Yazı KIV-in Inkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim olunur.