Heydər Əliyev YAP-ı yaratmaqdan imtina etdi

Mart hadisələri «iyun koalisiyası»nda təmsilçiliyin nəticələri idi

İsa Sadıqov

Ilk dəfə 1992-ci il iyunun sonlarında Sirus Təbrizli Heydər Əliyevə təklif etdi ki, partiya yaratsın. O, Sirus Təbrizlini dinləyərək bildirdi ki, Bakıda Etibar var və hər hansı partiya yaratmağa ehtiyac yoxdur. O, Etibar Məmmədovu nəzərdə tuturdu. Sirus Təbrizli ikinci dəfə oktyabr ayında yeni partiya təklifilə Naxçıvana getdi və bu dəfə Əliyev tələm-tələsik razılıq verdi. Niyə bu dəfə razılıq verdi? Birinci dəfə siyasi partiya yaratmaq təklifini rədd eləyəndə Əliyev inanırdı ki, milli hakimiyyətin süqutu lap yaxınlarda baş verəcək. O, hesab edirdi ki, həmin illərin ağır şəraitində müharibə aparmaq mümkünsüzdür və bu siyasət hökuməti iflasa gətirib çıxaracaq. Amma yay hərbi kampaniyasının uğurla aparılması onun ehtimallarının yanlış olduğunu üzə çıxardı, buna görə də öz partiyasını yaratmaq işinə girişdi.

Əvvəli ötən sayımızda

Ermənilər məğlub olmuşdular və israrla sülh istəyirdilər
Məhz bu ərəfədə onu nələr narahat edirdi? 1992-ci ilin oktyabrında artıq görünürdü ki, müharibə öz sonuna doğru gedir. Erməni tərəfi bütün şərtləri, o cümlədən, münaqişənin əvvəlindəki vəziyyəti, Azərbaycanın tərkibində muxtariyyətin bərpa edilməsi şərtini də qəbul etməyə hazır idi. Onlar atəşkəsə çağırır, bunu təkidlə xahiş edirdilər. Xatırlayıram ki, o zamanlar qərb cəbhəsinə və Ermənistana sülhyaratma müşahidəçilərini göndərməyə başlamışdılar. Hətta atəşin kəsilməsilə bağlı ilkin danışıqlar da başlamışdı. Bu müşahidəçilər təmas xəttinin hər iki tərəfinə yerləşdirilməkdə idi. Bundan daha yaxşı nə ola bilərdi?! Mən öz tərəfimdən üzərimə düşən hər şeyi edirdim ki, cəbhə xəttinin hər iki tərəfində olan müşahidəçilərin əlaqələri təmin olunsun. Biz situasiyaya nəzarəti tam ələ keçirmişdik. Bu mərhələdə biz şəxsi heyətin 60 faizə qədərini xüsusi hazırlıq və təlim üçün ayıra bilmişdik. Hərbi əməliyyatların gedişatı şəraitində mümkün sayılmayacaq işləri həyata keçirmiş, bir neçə poliqon qurmuşduq.
Biz öz hərbi birləşməmizin müdafiə xəttində yeni postlar qurduq. Amma bunu başqa bir hərbi birləşmənin – Surət Hüseynovun komandanlıq etdiyi birləşmənin müdafiə zolağında təmin etmək mümkün olmadı. O, özünün bir neçə çıxışında etiraf etmişdi ki, Azərbaycan torpaqlarında bircə nəfər də olsun, erməninin qalmasına razı olmayacaq. Təəssüf ki, bu, acı həqiqət idi: ordu birləşməsinin komandanı siyasi qərara tabe olmaqdan imtina edirdi. Həmin şəraitdə və ərəfədə isə hərbi əməliyyatların davam etdirilməsinə heç bir lüzum yox idi və mən bunu tam məsuliyyətimlə deyirəm. Bu gün artıq hər kəsə aydındır ki, həmin vaxtlar Surət Hüseynov öz qərarlarını təkbaşına vermirdi. Onun ətrafında hər iki adamdan biri Heydər Əliyevə işləyirdi.

Məşum koalisiya

O ərəfədə müharibənin başa çatması Heydər Əliyevin siyasi taleyinin bitməsi demək idi. Müharibənin başa çatması Elçibəy hakimiyyətinin əsaslı quruculuğu və möhkəmlənməsi demək idi və bu, Heydər Əliyevi qətiyyən qane etmirdi. Buna görə də, məhz həmin ərəfədə milli hökumət əleyhinə hərbi və siyasi koalisiya yaranmağa başladı.
Daha aydın olmaq üçün belə də demək olar: kriminal avtoritetlər qrupu hansısa gəlirli sahənin ələ keçirilməsini qərara alırlar, bundan sonra onun bölüşdürülməsi üzərində kriminal çəkişmələr başlayır – təkbaşına sahiblik uğrunda çəkişmələr və bu çəkişmələrdə də daha güclü olan yerdə qalanların hamısını məhv edir. 1993-cü ilin iyun ayında  Azərbaycanda bu baş vermişdi. Bu, dövlət çevrilişi idi. Bundan sonrakı hadisələr – 1994-95-ci illərin hadisələri isə bu çevrilişin davamı olaraq, baş verən “haqq-hesab çəkmə” əməliyyatları idi və heç bir halda, dövlət çevrilişi cəhdləri deyildi. Bütün bu illər ərzində, çox təəssüf ki, hətta bəzi müstəqil qəzetlərin şərhlərində də bu hadisələr dövlət çevrilişinə cəhd kimi qiymətləndirilir. Mən bunun qəti şəkildə əleyhinəyəm və öz düşüncələrimi də arqumentlərlə izah edirəm.
O zamankı “koalisiya”nın bütün nümayəndələri üçün konkret rollar müəyyən edilmişdi. Əsas “stavka” isə təbii ki, Surət Hüseynova qoyulmuşdu – o, ən əlverişli şəraitdə idi. Ölkənin ikinci böyük şəhəri olan Gəncə üzərində nəzarət, çoxlu hərbi texnika və silah-sursat, əksəriyyəti fərarilərdən və narkomanlardan ibarət olsa da, böyük bir hərbi heyət… Amma bu halda da Surət bu oyunda kimin həlledici fiqur olduğunu bilmədən elə hesab edirdi ki, özü prezident olacaq. O, dərk etmirdi ki, bu nəhəng oyunda sadəcə, piyadadır. Əsas oyunçu isə Heydər Əliyev idi. Bütün bunlar onun ciddi nəzarəti və düşünülmüş planları əsasında baş verirdi. Surət özünün aldadıldığını yalnız 1993-cü ilin avqust-sentyabr aylarında başa düşdü: bu vaxt ona izah etdilər ki, hələ çox gəncdir, bir-iki il Əliyev idarəçiliyini öyrənməlidir. Amma bu barədə mən bir qədər sonra, 1993-cü ilin iyun hadisələrindən bəhs edən zaman yazacağam.
Siyasi müxalifət Etibar Məmmədovun Milli Istiqlal partiyasının və bir neçə deputatın simasında mövcud idi. Yeri gəlmişkən, bu partiya hərbi çevrilişdə birbaşa iştirak edib, Surət Hüseynovdan və rayonların komendaturalarından silah alıb. Amma bu barədə də bir qədər sonra…

OMON hansı  rolu almışdı?

OMON-a gəlincə, təəssüf ki, OMON-a da bu hərbi-siyasi intriqalarda rol ayrılmışdı: neytral müşahidəçi və ya proseslərə qarışmamaq. Bunun müqabilində OMON hakimiyyətin bölünməsində iştirak etməli idi. Bunlardan iki mühüm məqamın üzərində dayanmaq istəyirəm. Onlardan biri dövlətin vəzifəli şəxslərinin mühafizəsi, o biri isə nazir postu idi. Məsuliyyətlə bildirirəm ki, əgər OMON üzərinə düşən qanuni vəzifəni yerinə yetirsəydi, dövlət çevrilişi baş tuta bilməzdi. Mən buna əminəm. Doğrudur, Surət Hüseynovun da hərbi texnikası vardı, amma onun tabeçiliyində OMON kimi təlim görmüş əsgərlər və hərbi hissələr yox idi. OMON başqa hərbi birləşmələrlə birlikdə 1993-cü ilin iyun hadisələrinin qarşısını ordunun iştirakı olmadan ala bilərdi. Amma OMON-un rəhbərliyi bunu etmədi, yeni hakimiyyət bölgüsündə iştirak ümidilə çevrilişçi koalisiyaya sadiq qaldı.
Mənim OMON-la, daha doğrusu, onun Qazax birləşməsilə ilk görüşüm də elə həmin ərəfədə baş tutdu. Qazax OMON-unun komandiri Elçin Əmiraslanovu mənə təqdim etdilər. Onun mənə dediyi ilk cümlə bu oldu: “Komandir, biz günün bütün zamanı döyüş əməliyyatlarında sizin əmrinizdəyik”.
Mən bu tanışlıqdan məmnun oldum, üstəlik, orada çoxlu sayda təlim görmüş döyüşçülər və kifayət qədər silah ehtiyatı vardı. Onlar tez-tez başqa döyüş zonalarına da keçə bilirdilər. Zaman-zaman onların sursat və ərzaq problemləri meydana çıxırdı ki, bu zaman mən onlara yardım göstərirdim. Onlar son günə qədər məni “komandir” adlandırır və belə də hesab edirdilər – həmin son gündə ki, onlar mənə əslində, nifrət etməli idilər. Amma biz millətimizin ən çətin günlərində də döyüş dostu olmuş, onlarla eyni səngəri və son tikə çörəyimizi bölüşmüşdük. Mən onlara böyük sevgi ilə yanaşırdım və bu, mənim borcum idi.

“Biz bu ”razborka”ya qarışmırıq”

Mayın sonlarında (29-30 may 1993-cü il) məni Qazax polisinin rəisi Isaxan Aşurov dəvət etdi. O, mənə bildirdi ki, daxili işlər nazirinin müavini Qabil Məmmədov rayona gəlib və yaxşı olar ki, mən də bu görüşdə iştirak edim. Daxili Işlər nazirinin bu gənc müavini ilə mən ilk dəfə onun kabinetində tanış oldum. O bildirdi ki, Gəncədə baş verən hadisələrdən narahatdır, prezidentin və nazir Abdulla Allahverdiyevin göstərişilə OMON Gəncəyə gedib ictimai asayişi mühafizə edən qüvvələrə qoşulmalıdır. OMON-un başqa regional hissələrinə də analoji göstərişlər verilmişdi. Elçin Əmiraslanovu dəvət edərək onu əmrlə tanış etdik. Ertəsi gün onlar Gəncəyə getməli və orada qalmalı idilər. Amma səhəri gün mən Elçin Əmiraslanovu Qazaxda gördüm və nə üçün Gəncəyə getmədiyilə maraqlandım. O, belə cavab verdi: “Komandir, bu, Elçibəylə (o, Elçibəyi ”saqqal” adlandırdı) Surətin haqq-hesabıdır və biz bu çəkişməyə qarışmırıq”.
Bəli, bu, dövlətin və hökumətin mövqeyini müdafiə etməli olan, nazirin əmrinə tabe olmalı olan OMON-un rəsmi mövqeyi idi. Qiyamçıların tərəfində silaha sarılan bir neçə OMON-çunu çıxmaq şərtilə onlar sona qədər heç bir prosesə qarışmadılar və öz qanuni vəzifələrini yerinə yetirməkdən imtina etdilər.

(ardı var)