“Quba hakimiyyətin yeritdiyi siyasətə qarşı etirazların başlanğıcıdır”

“Bizim feodal düşüncəli idarəçilər anlamaq istəmirlər ki, dünya dəyişib”

Cəmil Həsənli: “Təcili real islahatlara başlanmasa kütləvi etirazların bütün Azərbaycanı bürüyəcəyi gün elə də uzaqda deyil”

Quba üsyanı haqqında “Amerikanın səsi”ndəki son dərəcə tutumlu açıqlamasına sosial şəbəkələrdə baxdıq. Azərbaycandakı hazırkı sosial-siyasi durumla bağlı müsahibə almaq istədik. Lakin Bakıdan uzaqlarda, Vaşinqtonda idi. Çətinliklə tapdıq və arzumuzu bildirdik. Müsahibə verməyə razılaşdı. Müasir Azərbaycanın ən tanınmış tarixçisi, Azərbaycan Ziyali Forumunun təsisçilərindən olan professor Cəmil Həsənlidən aldığımız müsahibəni oxucularımıza təqdim edirik.

Stalinin Türkiyədən torpaq almaq niyyətləri baş tutmayanda…

– Cəmil bəy Vaşinqtonda məşhur Vilson Mərkəzində kitabınızın müzakirəsinin keçirildiyi haqqında məlumat aldıq.
– Vilson Mərkəzi mənim Harvard Universiteti tərəfindən nəşr olunmuş “Stalin və soyuq müharibənin Türkiyə böhranı” kitabımın müzakirəsini ötən ilin payızından planlaşdırmışdı. Bu kitab ABŞ-la yanaşı Böyük Britaniya və Kanada da nəşr olunub, demək olar ki, bütün ingilis dilli dünyaya yayılıb. Burada mənim zəruri hesab etdiyim bir sıra həqiqətlər yer alıb ki, bütün bunları Qərb dünyasına çatdırmağı vacib hesab edirdim. Bunların ən mühümü II Dünya müharibəsinin sonunda və müharibədən sonrakı dövrdə Sovetlər Birliyinin Türkiyəyə qarşı yeritdiyi təzyiq siyasəti idi. Stalin erməni kartı ilə oynayaraq Türkiyədən torpaq qoparmaq istəyirdi. Məhz, bu fonda 1945-1953-cü illərdə erməni – türk münasibətlərinin öyrənilməsi kitabın ikinci mühüm qayəsidir. Son dərəcə nadir sənədlər əsasında ermənilərin Türkiyəyə qarşı ərazi iddialarının Moskvadan qaynaqlandığı ortaya qoyulub. Hətta, Stalin Avropa və Amerikada, habelə Yaxın Şərqdə Türkiyəyə qarşı tələblər irəli sürən erməni təşkilatlarına gizli maliyyə yardımları göndərilməsinə göstəriş vermişdi ki, onlar davamlı şəkildə Ankaranı təhdid etsinlər. Kitabda mənim üçün vacib olan üçüncü məsələ Azərbaycanın bu siyasətdən ziyan çəkməsidir.

Stalin planına görə II Dünya müharibəsindən sonra 360-400 erməni Sovet Ermənistanına köçürülməli və sonra haray salınmalı idi ki, ermənilər öz vətənlərinə dönüblər və onların yaşamağa yeri yoxdur, Qars, Ərdahan və Artvin Ermənistana qaytarılmalıdır. Dünya Stalinin erməni oyununu anlayıb bu məsələdə Türkiyənin yanında dayandı. Stalinin Türkiyədən torpaq almaq niyyətləri baş tutmayanda Ermənistanda yaşayan Azərbaycanlılar bu siyasətin qurbanlarına çevrildi. Ermənilərin “Böyük repatriasiyası” dövründə Sovet rəhbərliyi 92 min ermənini əsasən Yaxın Şərq və Balkan ölkələrindən Sovet Ermənistanına köçürə bildi. Hətta, onların bir hissəsi Azərbaycanda yerləşdirildi. Türkiyəni çəzalandırmaq mümkün olmayanda Stalin 1947-ci ilin dekabrında azərbaycanlıların Ermənistandan köçürülməsinə qərar verdi. Bu qərarın birinci variantında qeyd edilirdi ki, erməni repatriantları yaşayış evləri və həyətyanı torpaq sahələri ilə təmin etmək üçün 130 min azərbaycanlı Ermənistandan Azərbaycana köçürülsün. Bu köçürmənin guya Kür-Araz ovalığında pambıqçılığı inkişaf etdirmək zərurətindən irəli gəlməsi məsələsi bu deportasiyaya humanizm donu geyindirmək üçün sonra uyduruldu. Bütün bu həqiqətlərin Qərb oxucusuna çatmasına böyük ehtiyac var idi və hesab edirəm Harvard Universiteti kimi dünya miqyaslı bir elm mərkəzində nəşr olunmaqla bu məsələlər dünya müstəvisinə çıxdı. Həm də Qərbdə nəyin harada çıxması bir etimad məsələsidir. Dünyaca məşhur “Lexington book” nəşr evində çap edilən Harvard soyuq müharibə kitab seriyası dünyanın ən etimadlı nəşrlərindən biridir, hətta, birincisidir. Vilson Mərkəzində fevralın 28-də keçirilmiş müzakirə bir daha bunu təsdiq etdi. Mən bu nüfuzlu seriyada iki monoqrafiyası nəşr olunmuş yeganə müəllifəm.

Akademiya seçkiləri də Ramiz Mehdiyevin nəzarətindədir

– Son illərdə Azərbaycandan kənar dünyanın müxtəlif ölkələrində 14 elmi monoqrafiyanız nəşr olunub, bu böyük uğurdur. Belə böyük uğuru Azərbaycanda istər humanitar, istərsə də dəqiqi elmlərdə başqa kimsədə müşahidə etmirik. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi və müxbir üzvlüyünə fevral ayında növbəti seçkilər elan edilib. Bu barədə nəsə düşünmürsünüz ki?
– Mən bu seçkilərə qatılmamağa qərar vermişəm və qatılmayacağam da. 2007-ci ildə Milli Elmlər Akademiyasına keçirilmiş son seçkilər göstərdi ki, respublikada keçirilən bütün seçkilər kimi Akademiya seçkiləri də Ramiz Mehdiyevin nəzarətindədir və onun nəzarətində olan heç bir seçkidə iştirak etmək fikrim yoxdur. Təsəvvür edin ki, ötən seçkidə məhz cənab Mehdiyevin rəhbərliyi ilə elmdə heç bir diqqəti cəlb edən uğurları olmayan adamlar, bilavasitə, ona yaxınlığına görə Akademiyanın üzvü “seçilə” bildilər. Hətta, say komissiyası belə yerliçilik əsasında formalaşdırılmışdı. Bilirsiniz, dövlət idarəçiliyində bu məsələlər o qədər adi hal alıb ki, bir sıra vəzifəli şəxslər bunu Akademiya seçkilərinə belə tətbiq etməkdən utanmırlar. Belə şeylər nəticəsində Akademiyanın müxbir üzv mərhələsini keçmədən birbaşa həqiqi üzvlüyə seçilənlər demək olar ki, hamısı eyni regionun “alimləridir”. Söhbət məndən getmir, onsuz da mən seçkilərə qatılmayacağam. Amma kifayət qədər boş yerlər olmasına baxmayaraq tarix üzrə həqiqi üzvlüyə yer verilmir, yaxud bütün respublika üzrə müxbir üzvlüyə cəmisi bir yer verilir, amma MEA-nın Naxçıvan bölməsinə iki yer verilir. Halbuki, Naxçıvanda tarix üzrə Akademiyanın həqiqi və müxbir üzvü olmayan cəmisi iki elmlər doktoru var. Mən Naxçıvana yer verilməsinin əleyhinə deyiləm, lakin bu ona gətirib çıxarmamalıdır ki, Naxçıvanda güc-bəla ilə doktorluq müdafiə etmiş adamlar elmdə heç bir xüsusi nailiyyəti olmadan süni şəkildə Akademiyanın üzvü olmalıdır. Əgər elmi baxımdan Naxçıvanı gücləndirmək lazımdırsa – mən şübhə etmirəm ki, lazımdır – bunun daha səmərəli yollarına tapmaq lazımdır. Məsələn, müəyyən güzəşt və imtiyazlar verməklə  perspektivli alimləri 3-5 il Naxçıvana göndərmək olar ki, orada elmi məktəb yaratsınlar. Layiq olmadığı akademik titulları elmdə heç bir göstəriciləri olmayan adamlara verməklə Naxçıvanı elmi baxımdan möhkəmləndirmək cəhdləri saxta vətənpərvərliyin elmdə təzahüründən başqa bir şey deyildir. Azərbaycanda tarix və arxeologiya üzrə on illərlə böyük elmi tədqiqatlar aparmış və tarix elminə sözün tam mənasında töhfə vermiş onlarla tanınmış alimlər bu seçkiləri gözlədiyi halda, Azərbaycan Milli Elmlər Akademiyasına müxbir üzvlüyə cəmisi bir yer verib, onun bu yaxınlarda doktorluq müdafiəsi etmiş, yəni cəmisi iki elmlər doktoru olan  Naxçıvana əlahiddə olaraq iki yer vermək elmdə də müşahidə edilən sosial ədalətsizliyin qabarıq bir formasıdır. Əlbəttə, bütün bunların nə üçün edildiyini, hansı məqsədlərə xidmət etdiyini, kim tərəfindən edildiyini biz yaxşı bilirik.

Ədalətsizlik daimi ola bilməz

– Quba üsyanı ilə bağlı “Amerikanın səsi”nə verdiyiniz açıqlamanı sosial şəbəkələrdən öyrəndik. Niyə bu hadisələr belə həddə gəlib çıxdı?
– Quba hadisləri ilə bağlı Ziyalılar Forumunun bəyanatı yayılıb, Forum üzvü kimi Eldar Namazov bu hadisələrin səbəbini təhlil edən çox maraqlı bir müsahibə vermişdi. Mən onun fikirləri ilə razıyam. Bilirsiniz, ədalətsizlik daimi ola bilməz, avtoritar üsullarla cəmiyyəti müəyyən dövr susdurmaq olar, lakin bizim feodal düşüncəli məmurlar, idarəçilər anlamaq istəmirlər ki, dünya dəyişib. Biz uzun müddətdir bunu deyirik, yazırıq, amma elə bilirlər ki, qərəzçilik edirik. Yadınızdadırsa, hələ üç il bundan əvvəl böyük ziyalımız Rüstəm İbrahimbəyov müsahibələrinin birində demişdi ki, Azərbaycanda yeridilən kadr siyasəti tamamilə yanlışdır. Namuslu, vicdanlı, bacarıqlı və intellektli adamların hakimiyyətin yuxarı eşalonuna yolu bağlanıb. Çünki kadrlar təbii yolla deyil, qohumbazlıq, yerliçilik, korrupsiya və rüşvət əsasında seçilir. Bu tənqiddən nəticə çıxarmaq əvəzinə neylədilər? Axşam özlərinə yaxın olan bir neçə parlament üzvünü prezident aparatına çağırıb onlara tapşırıq verdilər ki, sabah Rüstəmə qarşı kampaniyaya başlayın. Rüstəm ziyalıdır, yuxarının göstərişi ilə rəsmi dövlət adamlarının parlament binasında dövlət tribunasından ona qarşı kampaniya aparması bütün demokratik dəyərlərə və düşüncəyə zidd bir addım idi. Rüstəmin dediyi neqativ yolla  seçilən kadrlar ölkəni böhrana gətirib çıxarmalı idi və çıxardı da.

Bu qığılcım hakimiyyətin yarıtmaz siyasətini alova bürüdü

– Sizcə bunun səbəbi nədir?
– Quba Azərbaycan hakimiyyətinin yeritdiyi siyasətə qarşı etirazların  sonu yox, başlanğıcıdır. Əslində Quba üsyanı Azərbaycanda korrupsiya, rüşvətxorluq, məmur özbaşınalığı, işsizlik və bu qəbildən olan hallara qarşı kütləvi etiraz hərəkatı idi. İcra başçısının insanların ləyaqətinə toxunan çıxışı bu şəraitdə qığılcım rolu oynadı və bu qığılcım onun evini də, hakimiyyət simvolu olan inzibati binanı da, hakimiyyətin yarıtmaz siyasətini də alova bürüdü. Qubadakı vəziyyət haqqında dəfələrlə mətbuat yazıb, icra başçısının əməlləri haqqında hamının məlumatı var idi. Hadisədən on gün qabaq sosial şəbəkələrdə martın 1-nə hazırlıq gedirdi. Sadəcə olaraq respublika rəhbərliyi bütün bunları ciddi hesab etmirdi. Belə yanaşma avtoritar rejimlərin yanlış düşüncə tərzidir və hesab edirlər ki, yuxardan deyildi, qurtardı, belə də olmalıdır. Hansı məmurdan, hansı icra başçısından çox yazırlarsa, əhali onlardan çox şikayət edirsə, bunun acığına əhalinin başında turp əkdiyinə görə, ümumi korrupsiya şəbəksində ad çıxardığına görə ya həmin məmurun vəzifəsini, ya rütbəsini artırır, ya da ona ordendən, medaldan-zaddan bir şey verirlər. Bu birbaşa xalqa qarşı yönəlmiş avtoritar qisas siyasətidir. Məsələn, parlament fəaliyyətimin son illərində təmsil olunduğum dairədən payızda mənə 30-a yaxın orta və kiçik iş adamı müraciət etdi ki, onlar dövlətin vergisini və məmurların ənənəvi rüşvətini verdikdən sonra, onları Bakı vergi departamentinə çağırıb illik dövriyyənin 10 faizini yenidən rüşvət kimi istəyrlər. Onlar mənə Vergilər Nazirliyindən rüşvət yığmaq üçün departamentə ezam olunmuş məmurun adını da verdilər, iş adamlarından rüşvət tələb olunan otağın nomrəsini də. Mən onların xahişi ilə getdim ora və həmin adamla görüşdüm. Çox mübahisələrimiz oldu. Bu bütün Bakı şəhərində həyata keçirilən rüşvət əməliyyatı olduğu üçün heç bir nəticə əldə etmək mümkün olmadı. Bu, Habil adında bir vergi məmuru idi. Həmin 30 iş adamından 18-i onlarla danışığa gedib tələb olunan rüşvətin məbləğini ümumi dövriyyənin 10 faizindən 6-7 faizə sala bildilər. 9-u müəssisəsini bağladı, 3-ü isə məhkəməyə getdi. Bunlardan 2-si məhkəməni uddu, lakin gördülər ki, bu məsələ genişlənir məhkəmələrə tapşırıq verildi ki, bu qəbildən olan iddiaları təmin etməsinlər.  

İnsanlar nə vaxta qədər özbaşnalığa, təhqirlərə dözməlidir?

– Quba hadisələrinin genişlənmə ehtimalı nə qədərdir?
– Əgər yadınızdadırsa bir neçə ay əvvəl sizin qəzetdəki müsahibələrimin birində demişdim ki, mən sovet dövrünü təqdir etmirəm. Lakin indiki icra başçılarının çoxunu həmin dövrdə indi oturduqları binalara heç gözətçi də qoymazdılar. Bunların çoxu təsadüfü adamlardır, idarəçilik və dövlət siyasəti sahəsində heç bir təhsili və təcrübəsi olmayan adamlardır. Təyin olunan kimi birinci işləri gəldikləri rayonda əhalinin güc-bəla ilə əldə etdikləri kiçik mülkiyyət obyektlərini müxtəlif bəhanələrlə əhalinin əlindən almaq olur. Ən yaxşı halda camaatın əlində olan əmlakı bir fırıldaq qurub onların özlərinə təzədən satırlar. Salyanda vəziyyət çox ağırdır. İş adamları, büdcə təşkilatlara tez-tez müxtəlif bəhanələrlə pul yığılmasından bezib. Bilirsiniz, Əli Bəy Hüseynzadələr yetirən, çoxlu ziyalısı, tarixi ənənələri olan Salyan kimi bir şəhərə, böyük bir rayona rüşvət yığmaqdan başqa ayrı bir həyat idealı olmayan birini başçı qoymaq böyük fəlakətdir. Bakının qulağının dibi olan Qaradağda vəziyyət fəlakətli həddə çatıb. İnsanların böyük çətinliklə qurduğu biznes obyektləri sadəcə olaraq yerlə yeksan edilib. İş adamlarının üzərinə qoyulan xərac hər ay artırılır. Monqolların xərac yığanlarına tarxanlar deyilirdi, bir qayda olaraq özgə xalqlardan xərac yığan tarxanlar bunlardan insaflı idi. Narazılığın həddi hüdudu yoxdur. Hər gün qəzetlər yazır, prezident aparatına, müxtəlif dövlət orqanlarına nə qədər şikayətlər edilir. Hanı bunun nəticəsi nə vaxta qədər insanlar bu özbaşnalığa, təhqirlərə dözməlidirlər? Göranboyda icra başçısının tələb etdiyi həcmdə rüşvəti verə bilmədiyinə görə səhiyyə şöbəsinin müdiri özünü asdı. İntihardan qabaq nə lazımdırsa dövlətin zəruri orqanlarına çatdırdı. Hanı nəticəsi? Sabirabaddakı rüsvayçılıq, gör nə vaxtdandır Masallıda əhali ilə başçı arasında nələr baş veririr, həm Masalıda, həm Lənkəranda rayonların dəniz sahili və çay vadisi boyunca bütün səfalı yerləri vəzifəli şəxslər tərəfindən ələ keçirilib. Digər rayonlarda da vəziyyət acınacaqlıdır. Bu daimi davam edə bilməz. Bunun bir sonu olmalıdır. Nəzərə almaq lazımdır ki, əhalinin dolanışıq imkanları və dözüm limiti tükənmək üzrədir. Təcili addımlar atılmasa, real islahatlara başlanmasa kütləvi etirazların bütün Azərbaycanı bürüyəcəyi gün elə də uzaqda deyil.  

Ölkənin dindar vətəndaşlarına belə münasibət yolverilməzdir

– Cəmil bəy, son vaxtlar dindarların həbsini nə ilə izah etmək olar?
– Son vaxtlar Azərbaycanda dindar insanların, inanclı vətəndaşların, din xadimlərinin kütləvi şəkildə həbs edilməsi ciddi narahatçılıq doğurur. İndiki kütləvi həbslər bir neçə ay bundan əvvəl başlanıb və həmin vaxt əsasən İslam partiyasının rəhbərliyində olan şəxslər həbs edilmişdi. Lakin bu həbslərin motivlərinə baxanda həmin həbslərin daha çox saxta ittihamlarla həyata keçirildiyi bəlli olur. Məsələn, həbs olunan dindarların və onların qohumlarının evindən silah və sursatın tapılması. Bunlar son dərəcə primitiv quraşdırmalardır və bu insanların evinə silah sursat qoyulması, onlar üçün süni günah düzəldilməsi göz qabağındadır. İndiki həbslər həmin vaxt başlanmış həbslərin davamıdır və indi bu həbslər daha kütləvi xarakter daşıyır. Əgər ölkəmizin hansısa qonşu dövlətlə müəyyən problemi varsa, bu öz vətəndaşlarımızın belə kütləvi həbsi ilə nəticələnməməlidir. Dərd burasındadır ki, müxtəlif saxta ittihamlarla İran da Azərbaycan vətəndaşların həbs edir, bizim hakimiyyətdə öz vətəndaşlarımızı həbsə atır. Hər iki halda Azərbaycan-İran qarşıdurmasından ziyan çəkən bizim vətəndaşlarımız olur. Ölkənin inanclı vətəndaşlarına, dindar kəsiminə, islam din xadimlərinə belə münasibət daha çox ədalət anlayışı üzərində qurulmuş islam dininə münasibətdə yanlış meyllər doğurur və ölkədə ziddiyyətləri daha da dərinləşdirir. Bu həbslər haqqında verilən məlumatlar bu adamların günahkar olmasına şübhə doğurur. İlk baxışda bu insanlar üçün günah quraşdırıldığı, onların evlərinə silah,  ciblərinə narkotik maddə atıldığı açıq-aydın görünür. Azərbaycan vətəndaşlarının qanunsuz həbs əməliyyatında geniş istifadə edilən  “polisə müqavimət göstərmək” ittihamından islamçıların həbsində də “səmərəli” istifadə olunmuşdur. Mən hesab edirəm ki, ölkənin dindar vətəndaşlarına, islam din xadimlərinə belə münasibət yolverilməzdir.  Bizim gözümüzün qabağında günahsız insanlar saxta ittihamlarla kütləvi şəkildə həbsə alınırlar.
Azərbaycan tarixində islam dininə, ona iman gətirənlərə və islam üləmalarına qarşı belə kütləvi həbslər və təqiblər ötən əsrin 20-30-cu illərində Sovet hakimiyyəti tərifindən həyata keçirilib. Azərbaycanda 1937-1938-ci illərin repressiyalarından islam dini böyük ziyan çəkdi. Demək olar ki, bütün islam ədəbiyyatı həmin dövrdə həyata keçirilən kütləvi həbslərin və təqiblərin gedişində məhv edildi. İran agenti, Panislamizm həmin dövrdə ən geniş yayılmış ittihamlara çevrilmişdi. İslamçıların təqibi Sovet hakimiyyətinin sonrakı dövrlərində də, xüsusilə, 40-cı illərin sonu 50-ci illərin əvvəllərində də davam etdirildi. Lakin nəzərə almaq lazımdır ki, Sovet hakimiyyəti ateist bir cəmiyyət yaratmaq istəyirdi. Bu gün Azərbaycan rəsmən islam dininə etiqad edən müstəqil  bir ölkədir, İslam Konfransı Təşkilatının üzvüdür, konstitusiyaya görə din azaddır. Belə bir şəraitdə islam dininə etiqad edən insanların, islam din xadimlərinin saxta ittihamlarla həbsə alınması onsuz da ədalətsizlik girdabında boğulan ölkəmizdə yeni ədalətsizlik dalğası yaradacaqdır. Əgər kimsə bütün bunlara dövlətin  möhkəmləndirilməsi, gücləndirilməsi kimi baxırsa, dövlətin gücünün ən böyük təminatı vətəndaşın ona inamımından və ədalətli münasibətlərin  bərqərar edilməsindən keçir. Tarixidə hələ heç kəs dini inanclarına və fəal vətəndaş mövqeyinə görə öz insanlarını kütləvi şəkildə həbs etməklə güclü dövlət yarada bilməyib.

Siyasi məhbuslar azad edilməlidir

– Beynəlxalq birliyin Azərbaycanı insan haqlarının ağır durumuna görə tənqid etməsi daha da güclənib. Hakimiyyət isə tənqidlərədn nəticə çıxarmaq əvəzinə, bunların hamısını Azərbaycanın imicinə zərbə vurmaq cəhdi kimi yozur. Bu barədə nə deyə bilərsiniz?
– Yuxarı dairələr iddia edir ki, biz də siyasi məhbus yoxdur. Ölkədə beynəlxalq təşkilatlar tərəfindən tanınan 60 siyasi məhbus var. Bunlar azad edilməlidir. Hətta, bəzən az-çox günahı olan adamları, belə, yuxarıların göstərişi ilə o qədər kobud formada həbs edirlər ki, istər-istəməz yol verilmiş hüquqi pozuntulara görə həmin adama siyasi məhbus statusu verlirlər. Müstəqilliyin verdiyi imtiyazalardan geninə-boluna yararlanan adamlar utanıb-qızarmadan sübut etməyə çalışırlar ki, müstəqillik aktına imza atmış Arif Hacılı siyasi məhbus deyil. Yaxud kimi inandırmaq olar ki, Əvəz Zeynallı kimdənsə rüşvət istəyib. Azərbaycanda heç kimin nə canının, nə də malının güvənliyi yoxdur. On il parlament üzvü oldum və gördüm ki, yuxarının tövsiyəsi ilə qəbul olunan qanunlar bir qayda olaraq nəyi isə kimin əlindən almaq və ya nəyi isə kimə vermək üçün qəbul edilir və bu fikri mən parlament iclaslarında da səsləndirmişəm.  Bütün bunlar ölkənin imicinə böyük ziyan vurur.
Yüksək vəzifəli məmurlar öz hərəkətlərinin fərqində deyillər. Onların qarşısında duran başlıca vəzifə sərvət toplamaqdır. Onlar, hətta, bəzən Azərbaycanın itirilmiş  beynəlxalq  imicini, topladıqları korrupsiya pulları hesabına bərpa edəcəklərinə ümid bəsləyirlər. Yəni yolun düzünü qoyub, əyrisi ilə getməyə cəhd göstərirlər. Yüksək vəzifəli şəxslər heç nə ilə məhdudlaşmayan  korrupsiya əməlləri hazırda beynəlxalq aləmdə ölkənin imicinə böyük ziyan gətirir. Harda rüşvət və korrupsiya faktları axtarırlarsa, oradan Azərbaycanın adı çıxır. Avstriya prokurorluğu Suriya ilə bağlı rüşvət faktını araşdırır, ondan iki dəfə artıq həcmdə Azərbaycan rəsmilərinə verilən və Panama şirkətinə köçürülən 68 milyon avroluq rüşvət faktı çıxır ortaya. Bunu başqası gəlib bizim əvəzimizə eləmir ki. Müharibə aparan ölkə üçün belə faktlar düşmənlə əməkdaşlıq etməyə bərabər hadisədir. Baxın dünya mətbuatı, nəhəng teleşirkətlər bizim ölkənin yüksək vəzifəliləri haqqında nə yazır, nə göstərirlər. “Şpigel”in ittihamlarına hətta ölkəmizdə, belə, 5 nəfərin oxumadığı “Bakinski raboçi” vasitəsi ilə cavab vermək heç nəyi dəyişmir.

Çıxış yolu islahatlara getməkdir, əks təqdirdə xalq özü çıxış yolunu aramalı olacaq

– Bəs çıxış yolu nədir?
– Ölkədə real islahatlar getməlidir, dəyişikliklər olmalıdır. Aparılmış avtoritar idarəçilik bizi daha çox Mərkəzi Asiyanın diktator rejimlərinə yaxınlaşdırıb. Beynəlxalq mərkəzlər indi Azərbaycanı inqilaba qədər ki, ərəb ölkələrinə bənzədirlər. Təsəvvür edin ki, Azərbaycanın bir sıra rayon mərkəzlərində kanalizasiyalar küçələrdən açıq axıdılır. Biz isə Belqradda parkın təmiri üçün milyonlarla dollar vəsait veririk. Şəkidə 200 illik doğum tarixi tamam olan Mirzə Fətəli Axundovun ev muzeyi bərbad vəziyyətdə idi.  Biz Parisdə Luvru təmir etdirirdik. Bakının bir sıra məhəllələri müharibədən sonrakı vəziyyəti xatırladır. Biz isə Davosun xərcinə şərik olub, imic qazanmaq istəyirik. Belə imic kimə lazımdır? 20 ildir 20 metr torpaq düşmən tapdağından azad olunmayıb. Eyni ritorika təkrar olunduqca əhəmiyyətini itirir və deyilən sözə inam itir. Bilirsiniz, hakimiyyət xalqın ehtiyaclarından çox uzaqlaşıb. Əhali adam yerinə qoyulmur. Belə vəziyyət uzun davam edə bilməz. Ölkədə seçki demokratiyası pozulub. Xalqın hakimiyyəti formalaşdırmaq kimi konstitusyon hüququ əlindən alınıb. Ölkədə bir partiyalı sistem qurulub, hərçənd o bir partiya idarəçilik sistemində əhəmiyyətli bir rol oynamır. Bilə siyasət davam etdikcə bizə qarşı olan yazılar da çoxalacaq, dəlil-sübutlu televiziya filmlərinin də sayı artacaq. Dünya eşitdiyini yazır, gördüyünü göstərir. Vəziyyətdən sivil çıxış yolu islahatlara getməkdir, əks təqdirdə xalq özü çıxış yolunu aramalı olacaq. Yaxın gələcək üçün üç istiqamətdə islahatlar zəruridir. İlk növbədə inzibati idarəçilik islahatlarına gedilməli, seçkili orqanların rolu artırılmalıdır. Dünya idarəçiliyi məhəlli seçkilər üzərində qurulub, əhaliyə imkan vermək lazımdır ki, onları idarə edən şəxsləri onlar özləri seçsinlər. Seçki islahatları keçirməlidir. Hazırkı seçki sistemi yarasızdır və ona nəzarət mexanizmi məmurların əlindədir. Nəzərə almaq lazımdır ki, bu gün Azərbaycanda məmur göstərişi konstitusiyanın maddəsindən üstündür. Ən nəhayət iqtisadi islahatlar getməlidir. Neft gəlirləri artdıqca əhali daha da yoxsullaşdı. Faktiki olaraq ötən il ümumi daxili məhsul 0,1 faiz artıb, 2010-cu ildə bu artımın 27 faiz olduğunu nəzərə alsaq, ölkənin iqtisadi həyatında nə baş verdiyinin fərqində olmaq lazımdır.