Tehran rejiminin Şimali Koreyada atom bombası sınaqdan keçirdiyinə dair xəbərlər yayıldı
İranın nüvə fəaliyyətiylə bağlı yaranmış gərginlik davam edir. ABŞ prezidenti Barak Obama İrana qarşı mümkün hücum barədə danışılan boş söhbətlərə son qoyulmasını istəyib. Ağ ev rəhbəri ABŞ-dakı ən güclü İsrail lobbi qrupunun Vaşinqtonda keçirilən konfransında çıxışı zamanı İrana hərbi müdaxilə haqqında çox danışmağın dünyanın neft tələbatını artıraraq, İran neftinin də qiymətini qaldırdığını, bunun isə İran neftinə qarşı sanksiyaların təsirini azaltdığını deyib. Obama Tehran rejiminə yönəlik sərt sanksiyaların davamlı olacağını, bununla yanaşı lazım olarsa hərbi müdaxilə variantına da əl atılacağını bildirib.
“İsrailin hərbi üstünlüyünü qorumaq üçün nə lazımdırsa edəcəyik. Çünkü İsrail bütün təhdidlərə qarşı özünü qoruya bilməlidir. 4 il öncə sizin qarşınızda demişdim ki, İsrailin güvənliyi müstəsna əhəmiyyət daşıyır. Hakimiyyətim illərində İsrailin təhlükəsizliyinə diqqətim dəyişməzdir. Həm İsrail, həm ABŞ, həm də dünyanın İrana qarşı bir olmasını bacarmalıyıq. İndidən müharibə haqqında həddindən çox boş söhbətlər var. Teodor Ruzveltin bir nəsihəti yerinə düşər: Yavaş danış, böyük çomaq daşı. İrana ABŞ-ın gücünü sınamamağı məsləhət görürəm. İran hakimiyyəti dünya ictimaiyyətiylə razılığa gəlməlidir. Ya da dalana dirənməyə davam edəcək. İrana qarşı sanksiyalar artırılacaq, çünki keçmişə boylandıqda Tehran rejiminin doğru yolu seçəcəyinə dair təminat yoxdur”, – deyə Barak Obama söyləyib.
Bu arada Almaniyanın “Die Welt” qəzeti dünyanı şoka salacaq xəbər yayımlayıb. Qəzetin yazdığına görə, İran 2010-cu ildə Şimali Koreya ərazisində gizli şəraitdə nüvə silahını sınaqdan keçirib. “Die Welt” yazır ki, Qərb kəşfiyyat dairələri Şimali Koreyada sınaqdan keçirilən 2 nüvə silahından birinin İran tərəfindən sınaqdan keçirildiyinə əmindir. Atom Enerjisi üzər Beynəlxalq Agentliyin (MAQATE) rəhbəri Yukiya Amano Tehran rejiminin nüvə proqramının hərbi məqsədlər naminə inkişaf etdirmədiyinə dair əminlikləri olmadığını deyib. “Reuters”in xəbərinə görə, Amano İran ötən ilin sonundan bu günə qədərki müddət ərzində yüksək səviyyəli zənginləşdirilmiş uranın istehsalını 3 dəfə artırdığını söyləyib.
Belə bir vaxtda Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğanın martın sonunda İrana gedəcəyi açıqlanıb. Baş nazirin martın 28-də Tehrana səfəri gözlənilir. Ərdoğanın
martın 26 və 27-də Cənubi Koreyada keçiriləcək Nüvə Sammitinə qatılacağı, oradan isə İrana gedəcəyi deyilir. Prezident Mahmud Əhmədinejadla görüşü zamanı Ərdoğanın Nüvə Sammitində qəbul olunan qərarlarla bağlı mesajları İran rəhbərinə çatdıracağı da gözlənilir.
İnformasiya şöbəsi