Sındırılmış tilsim

Quba hadisəsindən hərə bir nəticə çıxardı. Mənə elə gəlir ki, əsas üç nəticə üzərində dayanmaq lazımdır. Bunların hər üçü bizim üçün mühümdür. Ona görə də onları ayrıca qeyd edəcəm.
1.Hakimiyyət sözün əsl mənasında geri çəkildi. Böyük etirazlar əvvəllər baş vermişdi. Bu mənada Quba hadisəsi heç də birinci deyil. Elə əyalətlərdə baş verən bir neçə hadisəni xatırlamaqla o hadisənin, necə deyərlər, prototipini yada salmaq mümkündür. Amma heç bir etiraz zamanı hakimiyyət özünü bu hadisədə olduğu kimi aparmamışdı. Bəli, neçə illərin tilsimi, qıfılı bir günün içində sındı, xalq özünün hakimiyyətdən güclü olduğunu sübut etdi.
2.Rusların bir məsəli var: Insan tək çörəklə tox olmur! Ilk dəfə olaraq bizim hakimiyyət adamları etiraf etməli oldular ki, ləyaqət hissi hamıya xasdır, bu, bir çox dəyərlərin deformasiya olduğu indiki quruluşda hətta bir qədər qeyri-adi görünür. Orta statistik məmur düşünür ki, orta statistik vətəndaş təkcə bir parça çörək və iş haqqında düşünür, başqa yüksək materiyalar onu qəti maraqlandırmır. Amma Quba hadisəsi göstərdi ki, qətiyyən belə deyil, insan hətta ən ağır sosial durumda belə özünün mənəvi keyfiyyətlərini saxlayır.
3.Üçüncü nəticə daha çox etiraz edən insanlara aiddir. Flaş-mob haqqında çox deyilib, hətta ölkədə belə təşəbbüslər də olub. Elə müxalifətin keçirdiyi etiraz aksiyaları da daha çox flaş-mobu xatırladır. Lakin Quba hadisəsi bir daha göstərdi ki, klassik aksiyaların yerini heç nə verə bilməz. Flaş-moblar keçirilsin, amma sanballı klassik etiraz aksiyalarını da unutmaq olmaz. Təbii ki, başqa sahələrdə olduğu kimi, özünüifadə azadlığında da bir rəngarənglik olmalıdı, mən də bunu inkar etmirəm. Amma gəzinti xarakterli aksiyalar indi ciddi nəticə vermir. Təbii ki, aksiyalar dinc xarakterini saxlamalıdı, zorakılıq halları olmamalıdı və bunu hamı qəbul edir. Gəzinti xarakterli aksiya zamanı etirazçılar adi vətəndaşların içində “əriyirlər”, bu, bir növ aksiyanın effektini azaldır.
Quba hadisələrini hələ çox təhlil edəcəklər. Burada bir detalı da qeyd etmək istərdim. Rəsmi bəyanatda gözümə bir ifadə sataşdı: “dövlətçiliyin əleyhinə çağırışlar olmayıb…”. Əgər yaddaşım aldatmırsa, təxminən belə idi. Mən bu ifadəni bir qədər fərqli məzmunda başa düşdüm. Yəqin demək istəyiblər ki, ali hakimiyyət əleyhinə çağırışlar olmayıb! Yəni yerli hakimiyyətin əleyhinə çıxmaq olar, amma elə ki, söhbət ali hakimiyyət təmsilçilərindən gedir, artıq bunu “dövlətçilik əleyhinə çıxış” kimi təsnif edirlər. Insanlar özlərinin dinc və demokratik aksiyalarında istənilən konstitusion tələblə çıxış edə bilərlər!
Dövlətçilik əleyhinə çıxış isə tamam başqa bir şeydir. Belə çıxışlara ölkənin müstəqilliyinin ilk illərində təsadüf edilirdi. Indi nə normal insanlar, nə də ki, normal siyasi qüvvələr belə çıxışlara yol verir və çalışırlar ki, konstitusiya və onun cızdığı sərhədləri aşmasınlar. Siyasi proses tamamilə konstitusiya çərçivəsində baş verməlidir. Lakin konstitusiyanı da təhrif etmək, insanların dinc və demokratik tələblərini “vətənə xəyanət kimi” dəyərləndirmək olmaz.
Bəlkə də bəyanatda belə ifadəni işlətməklə Qubada baş verən o aksiyalarda dinc məcradan çıxmaq meyllərinin olduğunu demək istəyiblər. Təbii ki, əgər hadisə yerindən verilən reportajlara inansaq, belə hal müşahidə olunmuşdu.
Lakin bunu kiçik istisna tək qəbul etmək lazımdır, çünki rəsmi bəyanatlarda da etiraf olundu ki, ümumilikdə götürdükdə, aksiya dinc şəkildə keçib…
Ay aman, Iran seçki keçirir!
Hə, belə deyirlər. Özü də parlament seçkisi. Deyirəm, bir bizim, bir də Iranın keçirdiyi hər seçkini tarixə salmaq lazımdır, çünki bunlar əsl tarixi seçkilərdi və biz də böyük tarixi hadisələrin şahidləriyik! Bəli, başqa bir söz yazmaq, o haqda… Irandakı seçkilər haqda ciddi danışmaq mümkün deyil. Elə bu yaxın günlərdə diqqətimi Irandan bir xəbər cəlb etdi. Səkkiz əsrdən sonra Iranda belə qərara gəliblər ki, Nizaminin əsərlərini yenidən redaktə etmək lazımdır, çünki şairin əsərlərindəki detallar ölkənin mənəvi dəyərlərilə ziddiyyət təşkil edir! Maraqlıdır. Səkkiz əsr islam dünyası, müsəlmanlar Nizamini sevə-sevə oxudular, onun əsərlərində dinə zidd bir şey tapmadılar. Amma molla rejimi tapdı!