Dünyanın diqqəti prezident seçkiləri keçirilən Rusiyaya yönəlib. Seçki ərəfəsində aparılan təhlillər, həmçinin Rusiyadakı ictimai-siyasi durum baş nazir Putinin yenidən prezident seçiləcəyinə artıq şübhələrin olmadığını deməyə əsas verir. Artıq seçkilərin saxtalaşdırılacağına əmin olan müxalifət fevralın 5-də Moskvada etiraz aksiyası keçirməyi planlaşdırır. Bəs Rusiyada seçkidən sonrakı proseslər necə cərayan edəcək? Əksər ekspertlər seçkidən sonrakı dövrün Putin üçün o qədər də rahat keçməyəcəyini birmənalı şəkildə bildirir.
«Putinin seçilməsi Rusiyaya yaxşı heç nə vəd etmir»
Putinin seçilməsinin Rusiyaya yaxşı heç nə vəd etmədiyini deyən politoloq Zərdüşt Əlizadə seçkidən sonra ölkədə ciddi qarşıdurmanın ola biləcəyini istisna etmir. Hadisələrin inkişafı müxalifətin martın 5-də keçirəcəyi mitinqin nə ilə nəticələnəcəyindən asılıdır: “Putinin seçilməsindən narazı olan müxalifət Moskvada icazəli mitinq keçirəcək. Amma mitinqdən sonra Navalnı və onun dostları meydanda çadır qurmaq istəyirlər. Sobyanin də söz verib ki, buna icazə verməyəcək və amansızlıqla dağıdacaq. Əgər qalmaq istəyənlərin sayı çox böyük, on minlərlə olsa, onda ciddi qarşıdurma olacaq”.
Ekspertin fikrincə, aksiya zamanı ölən və yaralananlar olsa, Qərb mətbuatı Putini hədəf seçəcək və onu Bəşər Əsədlə eyniləşdirəcək. Eyni zamanda Putinə qarşı sanksiyalar tətbiq olunmasına çalışacaq. Bu zaman Putinin seçilməsinin legitimlik dərəcəsi şübhə altına alınacaq. Lakin Putin bu sınaqdan keçsə, bir-iki ildən sonra ölkədə güclü iqtisadi, maliyyə böhranı olacaq. Bu zaman Qərb Rusiyaya qarşı çox amansız olacaq.
«Putinə və onun ətrafındakılara qarşı müqavimət daha da güclənəcək»
Konfliktoloq Arif Yunus Putinin seçiləcəyinə şübhələrin olmadığını deyir. Çünki seçkidən qabaq MSK öz işini görüb, real namizədlərinin qeydiyyatdan keçməsinə imkan verilməyib. Indiki namizdlər də real hesab edilə bilməz. Bundan sonra Putinin hansı faizlə qalib gələcəyi barədə danışmaq olar. Seçkidən sonrakı narazılıqlara gəldikdə, ekspert Rusiya cəmiyyətində yeni proseslərin artıq ötən ilin dekabrından başladığını qeyd etdi. Əgər bu vaxta qədər Rusiya cəmiyyətində Putinin nüfuzu, populyarlığı həddindən artıq yüksək idisə, dekabrdan başlayaraq vəziyyət kəskin dəyişib. Artıq Rusiya cəmiyyətinin oyandığı görünür. Lakin bu vəziyyət yaxın vaxtlarda Rusiyada inqilab olacağını deməyə əsas vermir. Bunun üçün bir-iki il vaxt tələb olunur.
Bununla belə, ekspert bundan sonra Putinə və onun ətrafındakılara qarşı müqavimətin daha da güclənəcəyini deyir. Ildən-ilə bu müqavimət daha da artacaq.
Fizzə