“OMON” qırğınına aparan yol

Milli Ordunun korpus komandiri «Azadlıq»a yazır

Siyasi ehtirasların Vətənə qarşı çevrildiyi müstəvilərdə nələr baş verir?

İsa Nəzər oğlu Sadıqov – Gürcüstanda doğulub və böyüyüb. Tbilisi artilleriya peşə məktəbini, Leninqrad Hərbi Akademiyasını bitirib, Almaniyada, Çexiyada, hərbi xidmət keçib. 1992-ci ildən Milli Ordunun briqada, korpus komandiri, qərb istiqamətində hərəkət üzrə nazir müavini işləyib. Indi mühacirətdədir.

1995-ci ilin qanlı mart hadisələri

Ilk növbədə 1995-ci ilin mart günlərində həlak olanların xatirəsini yad etmək istədim. Bu hadisələr nəticəsində yüzlərlə günahsız vətən oğlu, döyüşçü həbsxanaya salınmışdı. Bunlar Ermənistanla müharibənin ilk günlərindən əllərinə silah götürüb bir məqsədlə – vətəni, xalqı qorumaq uğrunda döyüşə atılan insanlar idi. Müharibənin ilk çətin günlərində hər adam silahlı dəstələr sırasına yazılmaq cəsarətini özündə tapa bilmirdi. Bəziləri gözləməyi seçdi, digərləri bahalı restoranlarda qədəh toqquşduraraq “döyüşməyi”. Əminəm ki, OMON-a yazılan gənclərin çoxu bu yollardan birini seçsəydi, indi onları da parlament kürsüsündə, müxtəlif dövlət vəzifələrində, hökumətdə görə bilərdik. Amma onlar bunu bacarmadı və ən dəyərli nemətlərini – canlarını Vətən uğrunda fəda etmək yolunu tutdular. Çoxları döyüş həyatını qurban verdi, yaralandı, əlil oldu.

Onlar ən cəsarətli idilər

Işin gerçəyinə baxanda münaqişənin başlanğıcında bizim heç bir silahlı birləşməmiz yox idi. Ordunun yaradılması isə elə hey, gecikdirilirdi. Halbuki, bu vaxt ermənilər tam miqyaslı ordunun yaradılmasına başlamışdılar. Bu çətin zamanda xüsusi təyinatlı milis dəstələrini – OMON-u yaratdıq. Burada milis işçilərilə bərabər, OMON sıralarına könüllü yazılanlar da vardı. Bütün müharibə boyu OMON atəş xəttində ən mühüm nöqtələrdə cəsarətli şəkildə mübarizə aparıb. Bu faktı bu gün inkar etməyə çalışırlar. Mən şəxsən onların hərbi əməliyyatlarda necə aktiv iştirak etməsinin şahidi olmuşam və qiymətləndirmişəm. Bizim OMON-la sıx, isti münasibətimiz vardı, bu haqda yeri gəldikcə, qeydlərimi edəcəyəm.

Onlar ən sədaqətli əsgərlər idilər

Onları bu faciəyə nə gətirdi? Baş verənlərdə kim günahkar idi? Diqqətinizi bu məsələlərə çəkərək hər şeyi sizinlə birlikdə aydınlaşdırmağa çalışacağam. Əvvəlcədən deyim ki, xalqın bu gənc oğullarının tək günahı vətəni sevmək idi. Ən ağır vaxtlarda onlar vətənin müdafiəsinə qalxdılar və sona qədər komandirlərinə sadiq qaldılar. Keçmiş hərbçi, zabit, komandir kimi bu amil mənim üçün xüsusilə əhəmiyyətlidir. Hətta qanlı hadisələrin sonu – 17 mart günü həyatlarının təhlükə altında olduğunu bildikləri halda belə, onlar komandirlərini tək qoymadılar, onun aqibətini paylaşdılar. Bundan uca və daha yaxşı nə ola bilər? Bununla ancaq fəxr etmək olar. Bəli, ancaq bu cür. Mən Sovet ordusunda, Milli Orduda qulluq etmişəm. Amma nadir hallarda komandirin əsgərinə, əsgərin komandirinə belə münasibətinə rast gəlmişəm. Istənilən halda, tabelikdə olanlar öz komandirlərinin əmr və hərəkətlərinə görə məsuliyyət daşımırlar. Onlar dinməz-söyləməz komandirlərinin tapşırığını yerinə yetirməyə borcludurlar.

Ali baş komandan qiyamçıların arasına girdi və…

Öz əsgərlərinə, oğullarına qarşı belə qanlı hasablaşma, belə vəhşi münasibət heç bir çərçivəyə sığmır. Bu yerdə mən bir qədər yayınmaq və doğulduğum qonşu Gürcüstandan misal gətirmək istərdim. 2003-2004-cü illərdə, “Qızılgül inqilabı” vaxtı Eduard Şevardnadzenin hakimiyyəti saxlamaq şansı vardı. Jurnalistin “nə üçün ordu və polisin gücündən istifadə etmədiniz?” sualına Şevardnadze belə cavab vermişdi: “Mən heç vaxt imkan verməzdim ki, gürcü qanı axsın”. Belə mövqedən daha şərəfli nə ola bilərdi? Ancaq bunu deyən Şevardnadze idi. Ikinci belə hal 2006-cı ildə baş vermişdi. Yaddaşım məni aldatmırsa, Gürcüstanın Muxravanidəki hərbi hissəsi qiyam qaldırdı və mərkəzə tabe olmaqdan imtina etdi. Saakaşvili silahlı şəxslərin hədələrinə baxmayaraq, şəxsən özü bu hərbi hissəyə gəldi. Konflikti yerindəcə sakitləşdirdi, təşkilatçılar həbs edildi, hərbi hissənin şəxsi heyəti isə olduğu kimi xidmətini davam etdirdi. Öz vətəndaşlarına, ənənələrinə hörmətlə yanaşan qeyrətli idarəçilərin hərəkəti belə olur.

Diktatorlar tarixdən ibrət ala bilmirlər

Azərbaycana gəldikdə isə, vəziyyət tamam başqa cürdür. Burada hakimiyyət yanğısı, tamahkarlıq naminə nə qədər adam lazımdırsa məhv etməyə hazır olan bir zümrə hakimiyyətdə idi. Hakimiyyətdə olan sülalə uzun illərdir ki, ən qəddar münasibətlə öz xalqını əzir və istibdadı dərinləşdirir. Daha çoxmu davam edəcək? Bunu zaman göstərəcək. Düşünürəm ki, Səddamın, Qəzzafinin, Çauşeskunun, Ben Əlinin, Mübarəkin aqibəti bütün diktatorlara, o cümlədən, Əliyevlərə nümunə olacaq. Amma yox, onlar düşünür ki, bütün bunlar Azərbaycanda baş verə bilməz. Mən isə əksini deyəcəm. Azərbaycanda hər şey ola bilər. Hakimiyyət kürsülərini zəbt edərək reallıq hissini itirənlərdən fərqli olaraq, mən Azərbaycan xalqının nəyə qadir olduğunu öz gözlərimlə görmüşəm. Açıq danışım, sadaladığım ölkələrdə baş verənləri Azərbaycanda gözlənilən sosial partlayışın fonunda müqayisə etmək istəməzdim.

O, öz mülkiyyəti uğrunda mübarizə aparırdı

Indi isə keçək bu faciəyə gətirib çıxaran hadisələrin təhlilinə. Ən yeni tarixin qısa zaman kəsiklərində xalqların taleyində belə faciələr az olmamışdır. 1980-lərin sonu, 90-ların əvvəlində Heydər Əliyevi Azərbaycanın siyasi həyatına nələrin və hansı məqsədlərin gətirdiyini təxmin etmək olardı. Belə qarışıq zamanlarda aydın idi ki, o, kənarda oturub hər şeyi müşahidə etmək fikrində deyil. O, hakimiyyətdən kənarda qala bilməzdi, çünki Azərbaycanı öz mülkü hesab edirdi. Bu duyğular başlıca stimul idi və H.Əliyev hakimiyyəti onun əlindən alanlarla hesablaşmaq zamanının yetişdiyi anı hər zaman gözləyirdi. Bu qarşıdurmada o, KQB və Sovet idarəçiliyi zamanında qazandığı təcrübənin bütün fəndlərindən istifadə elədi. Bu elə fəndlər idi ki, biz bunu təsəvvürümüzə gətirə bilməzdik…
Məqsədinə çatdıqdan sonra da özünü ölkənin ağası kimi aparmağa başladı. Onun platformasında dayananlar hər şeyi etdilər ki, ölkə üçün ən çətin olan həmin zamanlarda milli, qanuni seçki ilə seçilmiş hakimiyyət laxlasın. Idarəçiliyin dəstəklənməsi, müharibənin uğurla başa çatması üçün əlindən gələni etmək əvəzinə, o, təcrübə və biliklərini qarşısına qoyduğu məqsədləri həyata keçirmək üçün maksimum şəkildə sərf edirdi. Bu planların sonu bəzən proqnozlaşdırılması mümkünsüz olan şəkildə təsəvvür edilirdi. Çünki bu plan və proqramlar ölkədə idarəçiliyi sarsıtmaq, ən təhlükəli şərait yaratmaq, sonra da həmin çətin və təhlükəli durumun düyünlərini daraltmaq taktikasına əsaslanırdı. Ona hakimiyyəti laxlatmaq, devirmək və Bakıya xilaskar kimi qayıdıb devrilmiş hakimiyyəti ələ keçirmək lazım idi.

(ardı var)