Putin seçkiyə görə Suriyanı satdı

Vəfa Quluzadə: «Rusiyada ciddi proseslərin getdiyi bir zamanda Putin Suriya ilə bağlı Qərbi qıcıqlandırmaq istəmir»

Rusiyanın baş naziri Vladimir Putin xarici KIV-ə verdiyi müsahibədə Kremlin Əsəd rejimini sona qədər müdafiə etmək niyyətində olmadığına işarə vurub. Belə görünür ki, rəsmi Moskva Suriyaya hərbi müdaxilə olacağı təqdirdə Bəşər Əsəd rejiminə dəstək verməyəcək. Xarici politoloqlar bunu Rusiyanın Suriya ilə bağlı siyasətində kardinal dəyişikliklərin baş verməsinə siqnal sayırlar. Putinin dolayı yolla Bəşər Əsəd rejiminin arxasından çəkildiyinə işarə vurması Qərbə Suriya ilə bağlı daha sərbəst siyasət yürütməyə də icazə verəcək.
Politoloq Vəfa Quluzadənin fikrincə, Rusiyanın Suriyada baş verənlərə məhz indi bu cür münasibət sərgiləməsi təsadüfi deyil. Putinin bu açıqlamasının daha çox seçki ilə bağlı olduğunu düşünən V.Quluzadə hesab edir ki, Rusiyada ciddi proseslərin getdiyi, ağır seçkilərin gözlənildiyi bir zamanda Putin Qərbi qıcıqlandırmaq istəmir: “Bir çox xarici politoloqların fikrincə, Rusiyanın Suriya və digər mühüm məsələlərlə bağlı real mövqeyi seçki dövrü xeyli arxada qaldıqdan sonra bəlli olacaq. Indiki halda isə Qərbin Putinin keçirdiyi seçkini tanımamaq riski mövcuddur. Məhz buna görə ATƏT-dən seçki ilə bağlı müsbət rəy almaq üçün Putin bir sıra məsələlərdə güzəştə gedir. Suriyanın qiyməti hazırda seçkidən daha az önəmli sayılır. Putin ritorikasını yumşaltmaqla, verdiyi açıqlamaların mətninə fikir verməklə Qərbə mesaj ünvanlamağa çalışır”.
Rusiyadakı hazırkı daxili siyasi durumu olduqca gərgin qiymətləndirən V.Quluzadənin qənaətincə, bu ölkə böyük dəyişikliklər ərəfəsində olduğundan inqilabi proseslər üçün bir qığılcım kifayətdir. Bu zaman isə Rusiyada proseslər 19-cu əsrdə olduğu kimi proqnozlaşdırılmayan axarda gedə bilər. Putini ağılı siyasətçi kimi xarakterizə edən V.Quluzadə düşünür ki, Rusiyanın hazırkı baş naziri prosesləri daha da qəlizləşdirməməyə üstünlük verir. Digər tərəfdən, Rusiyanın Suriya ilə bağlı əvvəlki mövqeyinin də kifayət qədər sərt olmadığını deyən V.Quluzadə bildirdi ki, Rusiya getdikcə Yaxın Şərqi tam itirməkdədir: “Baş verən proseslərə qarşı isə Rusiya heç nə edə bilməz. Çünki Rusiya Qərbə qarşı durmaq üçün güclü iqtisadiyyata, orduya və möhkəm dövlətə sahib olmalıdır. Bütün bunlar isə Rusiyada yoxdur. Ona görə mövqelərini tədricən itirməkdədir”.

Xəyal