Fəxrəddin Mehdiyev: «Məhəmməd Məcidliyə verilən töhmət tamamilə qanunsuzdur, ləğv olunması üçün məhkəməyə müraciət edəcəyik»
2 aprel mitinqinə görə tutulan məhbus Məhəmməd Məcidlinin kassasiya şikayəti növbəti həftə Ali Məhkəməyə təqdim olunacaq. Bu barədə “Azadlıq”a məlumatı vəkil Fəxrəddin Mehdiyev xəbər verib.
Vəkilin sözlərinə görə, martın 1-də Məhəmməd Məcidli ilə görüşüb: “Səhhətində müəyyən problemlər var, qızdırmadan əziyyət çəkir. Həkimə müraciət etsə də, hələ sağalmayıb. Ya təyinatı üzrə müalicə edə bilmirlər və ya verilən dərmanlar keyfiyyətsizdir. Ailəsinin göndərdiyi dərmanları Məhəmməd Məcidliyə verdim. Lakin nəzarətçilər həmin dərmanları götürdülər ki, müəssisənin həkimi araşdırdıqdan sonra məhbusa təhvil verəcək”.
Fəxrəddin Mehdiyev deyir ki, Məhəmməd Məcidliyə qarşı təxribat təhlükəsi var: “Məhəmməd Məcidli dedi ki, məhbus yoldaşları ilə münasibətləri normaldır. Ancaq istənilən halda təxribat ola bilər”.
“Fevral ayının 15-də ona qarşı bir məhbusu qızışdırıb münaqişə yaratmışdılar. Tahir Həşimov adlı məhbus Məhəmməd Məcidliyə əsassız yerə ”Sən kimsən ki, mənim prezidentimdən danışırsan” deyib, onun üstünə gəlib. Məhəmməd isə mübahisədən qaçıb. Buna baxmayaraq nəzarətçilər ondan izahat tələb edib və töhmət veriblər. Sonuncu görüşümüzdə bu töhmətin tamamilə qanunsuz, əsassız olduğunu bildirdik. Bu məsələnin məhkəmə müstəvisində həll olunmasını istəyirik. Töhmətin ləğv olunması üçün məhkəməyə müraciət edəcəyik”.
Qeyd edək ki, AXCP-nin şöbə müdiri Məhəmməd Məcidli ötən il Səbail Rayon Məhkəməsinin qərarı ilə 2 il 6 ay müddətində azadlıqdan məhrum edilib. Bakı Apelyasiya Məhkəməsi bu hökmü qüvvədə saxlayıb.
Məhəmməd Məcidli 16 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir. Bir müddət əvvəl o, digər vicdan məhbusları ilə birgə ictimaiyyətə müraciət edib 16 saylı Cəzaçəkmə Müəssisəsində dözülməz vəziyyət yarandığını qeyd etmişdi.
Ramin DEKO