Dünən “azadlıq.info”da “Green card”ın reklamını gördüm. Inişil e-poçtuma da belə bir məktub gəlmişdi və təbii ki, təklif çox cəlbediciydi. Cəlbedici ona görə demirəm ki, Azərbaycandan baş götürüb getmək üçün ürəyim gedirdi. Sadəcə, məktub alana qədər belə bir işin mövcud olmasından xəbərsizdim. Üstəlik, məktubda göstərilirdi ki, bu, ABŞ Departamentinin hər il üçüncü dünya ölkələrinin vətəndaşları arasında keçirdiyi bir lotoreya oyunudur. Dərhal deyim ki, burda diqqətimi çəkən iki məqam oldu: Birincisi, vətəndaşlığın, həm də Amerika kimi bir dövlətin vətəndaşlığının lotoreya ilə qazanılmasıydı. Lotoreyalar, kimsəyə sirr deyil ki, qumarın bir növüdür. Vətəndaşlığın qumara qoyulması isə, adamda heç bir halda xoş təəssürat yaratmır. Baxmayaraq ki, bu qumarda ilk baxışda uduzacağın bir şey yoxdu, ilk addımlarda sənin boynuna düşən yalnızca anketləri doldurmaq və özün haqda doğru-düzgün bilgiləri green card (yaşıl kart) informasiya bazasına ötürməyindi. Yalnız vətəndaşlıq, daha doğrusu, ABŞ-da daimi oturum hüququnu lotereyada qazanandan sonra hansısa hesablara para ödəməyin lazım gəlir. Həmin məbləği ailə üzvləri üçün də köçürsən, green cardı onlar üçün də əldə eləyirsən. Yeri gəlmişkən, greencard proqramı vasitəsilə hər il 50000 adam ABŞ-a köçür. azerigreencard.wordpress.com saytında elə beləcə də yazılıb:
“AMERIKADA DAIMI YAŞAMAQ, IŞLƏMƏK VƏ OXUMAQ ARTIQ ÇOX ASAN VƏ SADƏDIR”.
Hər bir halda bu nə qədər asan və sadə olsa da, xoş gün-güzəranın qumarda qazanılması, insanı məyus edir. Halbuki biz elə bir ölkədə yaşayırıq ki, burada nə daimi yaşamaq, nə işləmək, nə də oxumaq asan və sadə deyil. Asan yox, az qala mümkün deyil. Bu ölkədə daimi və asan yaşamağın bir yolu var sadəcə – mənliyini şeytana satmaq! Hətta qumarda qazanmaq belə imkansızdı. Baxmayaraq ki, bütün ölkənin taleyi qumara qoyulub. Ancaq bu qumarda uduş olacaqsa belə, bunun Azərbaycan vətəndaşına heç bir isti-soyuğu yoxdu. Bu uduş yalnız şulerlərin nəfinə işləyir.
Diqqətimi çəkən məqam isə “üçüncü növ dünya ölkələri” ifadəsi idi. Bu bir fakt olsa da, gerçəkdən adama ağır gəlir. Adamı aşağılayır, heysiyyətini təhqir eləyir. Əlbəttə, kimsə bu ifadəyə görə ABŞ-ı qınaya bilər. Lakin burada atalarımızın gözəl bir məsəli yada düşür: “Eşşəyi qoyub, palanı döyəcləmək…”.
Mən sıradan bir vətəndaş olaraq bu ifadəyə görə xəcalət çəkirəm. Şübhəsiz ki, bir vətəndaş kimi burada mənim də suç payım var. Lakin bu dövlətin başında duranlar, özlərini birinci sinif insan hesab eləyənlər bundan sıxılmırlarmı? Xəcalət çəkmirlərmi? Məgər var-dövlət dövləti üçüncü sinif olana öznünü birinci sinifdən olmaq imkanı verirmi? Aydın məsələdi ki, ən kasıb bir amerikalı, dövləti üçüncü növ olan istənilən bir dövlət başçısından çox şərəfli, çox da xoşbəxtdi. Əlbəttə ki, nadanlar bu xoşbəxtliyin nə olduğunu bilə bilməzlər. Var-dövlətlə birinci sinif olan insanların aqibəti iləsə son vaxtlar tez-tez qarşılaşırıq. Hüsnü Mübarək kimi bir milyarder məhkəmə salonundan aparılarkən adi bir konvoyun qarşısında göz yaşı tökür. Ailə dağılıb. Milyardlardan əsər-əlamət belə qalmayıb. Qəzzafi it günündə gözü qızmış sadə liviyalılara yalvarıb, onu öldürməmələrini istəyirdi. Onun ağzından qan daman harınlamış oğlanları indi səfil gündə talelərinin necə olacağını gözləyirlər; Qubanın icra başçısı elə ikicə gün bundan qabaq rüsvayçı şəkildə hər şeyini atıb rayondan qaçdı…
Hə, elə məzə üçün fırıldaq hesab elədiyim lotereyaya qoşuldum. Anket doldurdum. Və üstündən iki gün keçmiş ABŞ-dan telefonuma zəng gəldi… Ötən ilin noyabrında isə… gereen-cardın rəsmi blankıyla məktub aldım: “ABŞ vətəndaşlığını qazandınız. Siz elə əsil bizim istədiyimiz insanlardan birisiniz…”. Nə qərar verdiyimi isə təxmin eləmək yəqin elə də çətin deyil. Mən Azərbaycandayam, bu “dövlətin istəmədiyi” vətəndaşlardan biri olaraq qalıram. Çünki mən, bir gün əlimi ürəyimin üstünə qoyub, bu sözləri yazmaq istəyirəm:
“AZƏRBAYCANDA DAIMI YAŞAMAQ, IŞLƏMƏK VƏ OXUMAQ ARTIQ ÇOX ASAN VƏ SADƏDIR!”.

Green card
•
•