«Budəfəki aksiyanı icazə verməsələr belə, keçirəcəyik»
Gənclərin Hüquqlarını Müdafiə Komitəsinin martın 4-nə planlaşdırılan aksiyası baş tutmadı. Səbəb Bakı Şəhər Icra Hakimiyyətinin aksiyaya icazə verməməsidir. Bəs, gənclərin bundan sonrakı planları nədir? Aksiya ilə bağlı meriyaya növbəti müraciət olacaqmı? AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı bildirib ki, hazırda gənclər növbəti aksiyanı harada və necə keçirəcəklərini planlaşdırırlar: “Aksiya keçirmək qərarımız qətidir. Bununla bağlı Bakı Şəhər Icra Hakimiyyətinə müraciət edəcəyik. Aksiyanı martın ortalarında keçirməyi planlaşdırırıq. Əgər cavab müsbət olmasa, icazəsiz aksiya keçirəcəyik. Yəqin hökumət düşündü ki, bu dəfə icazə verməsələr, biz qərarımızdan geri çəkiləcəyik. Amma biz mübarizəmizə ara vermək fikrində deyilik”.
Gənclərin Hüquqlarını Müdafiə Komitəsinin üzvü Rəşad Həsənov isə bildirir ki, meriya bu dəfə də müraciətlərinə müsbət cavab verməsə, şəhərin mərkəzində “Toplaşma azadlığını təmin edin!” tələbi ilə yürüş keçirəcəklər.
Xatırladaq ki, Gənclərin Hüquqlarını Müdafiə Komitəsində 9 təşkilat – AXCP, Müsavat, ADP və VHP-nin gənclər təşkilatları, həmçinin “Azad gənclik”, “Nida”, “Dalğa”, “Müsbət Dəyişiklik”, “Insan Haqları” təmsil olunur”.
Gültəkin