Gənclər Tural Abbaslıya azadlıq tələb edir

Ötən dəfə qeyd etdiyimiz kimi, Gənclərin Hüquqlarını Müdafiə Komitəsi gənc siyasi məhbusların azad edilməsi tələbi ilə virtual kampaniyaya başlayıb. Bu kampaniya fevralın 5-də başlamışdı və ilk olaraq Bəxtiyar Hacıyev üçün azadlıq tələb olunurdu. 

Kampaniya davam edir. Indi isə Müsavat Gənclər Təşkilatının sədri Tural Abbaslıya azadlıq tələb olunur. Facebook sosial şəbəkəsində müxtəlif gənc fəallar “Tural Abbaslını azad edin!” tələbini status yazaraq gənc məhbusun fotosunu işarələməklə paylaşıblar.ÿ
Həmçinin tvitterdə *turalabbasli* haştagı günün trendi olub. Eyni zamanda kampaniyanın təşkilatçıları çağırış edərək Tural Abbaslı haqda bloq və ya köşə yazılmasını xahiş ediblər.
Xatırladaq ki, Ictimai Palatanın 2 aprel Fəvvarələr meydanında keçirdiyi mitinqə görə 16 nəfərə qarşı cinayət işi açılıb. Onlardan biri də Müsavat Gənclər Təşkilatının sədri Tural Abbaslıdır. O, Cinayət Məcəlləsinin 233-cü maddəsi ilə (Ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) ittiham olunuraq, 2 il 6 ay azadlıqdan məhrum edilib. Hazırda Qızıldaş qəsəbəsində 14-cü kalonda saxlanılır. Beynəlxalq təşkilatlar Tural Abbaslını vicdan məhbusu elan edib.