«Sizlərlə bir partiyada üzərimizə düşən vəzifəni birlikdə və səmimi ortamda yerinə yetirməyə hazırıq»
AXCP Gənclər Komitəsi Müsavat partiyasının Gənclər Təşkilatına müraciət edib. “Birlik və Qardaşlıq Müraciəti” başlıqlı sənəddə cəbhəçi gənclər ilk növbədə Müsavat Partiyasının qurultayı münasibətilə təbriklərini çatdırır, qurultayın xalqımız, vətəndaşlarımız üçün uğurlu olacağına inamlarını ifadə edirlər.
Müraciətdə ən vacib məqam isə cəbhəçi gənclərin müsavatçılara bir superpartiyada birləşmək təklifidir:
“Biz uzun illərdir sizinlə çiyin-çiyinə istilaçı rejimə qarşı mübarizə aparırıq və bundan qürur duyuruq. AXCP ilə Müsavat siyasi, ideoloji cəhətdən bir-birinə yaxın siyasi mövqeləri olan partiyalardır. Hər ikisi Rəsulzadə-Elçibəy ideyalarının daşıyıcısı, Azərbaycan siyasətinin avanqardı olan partiyalardır. Ötən dövr ərzində bu iki partiya böyük ölçüdə müttəfiqlik edərək vətəndaşların səsini qazana bilib, eyni zamanda, hakimiyyətin sərt reaksiyası və repressiyası ilə qarşılaşıb. Hakimiyyətin AXCP-Müsavat birliyinin baş tutmaması üçün bütün resurslarını səfərbər etdiyini dəfələrlə müşahidə etmişik. Çoxlu sayda tərəfdara və geniş sosial bazaya malik, siyasi ideologiyası eyni, strategiyası bir-birinə daha yaxın olan bu iki partiyanın bir superpartiyada birləşməsinin önəmini və zərurətini göz önünə alıb, sizdən xahiş edirik:
Siz partiyanın qurultayında nümayəndə qismində iştirak edən müsavatçı gənclər vasitəsilə Müsavat və AXCP-nin birləşməsinin əhəmiyyətini qurultay iştirakçılarının nəzərinə çatdırasınız və bir superpartiyanın yaradılması ideyasını dəstəkləyəsiniz. AXCP özünün sonuncu qurultayında bu birliyin önəmini nəzərə alaraq, AXCP ilə Müsavatın qeydsiz-şərtsiz birləşməsilə bağlı qərar qəbul edib. Biz cəbhəçi gənclər olaraq, sizlərlə bir partiyada üzərimizə düşən vəzifəni birlikdə və səmimi ortamda yerinə yetirməyə hazırıq. Ümid edirik ki, birlik müraciətimiz sizlər tərəfindən müsbət qarşılanacaq, birliyimiz baş tutacaq və nəticədə bizim qalibiyyətimiz qaçılmaz olacaq”.