“Başqa təşkilatlardan fərqimiz xitab etdiyimiz auditoriyadır”

Rəşad Həsənov: «Gənclərlə yaşlı nəslin birləşməsindən güc əmələ gətirməyə çalışırıq»

Budəfəki müsahibimiz Müsbət Dəyişiklik Gənclər Hərəkatının həmtəsisçisi və idarə heyətinin üzvü Rəşad Həsənovdur. Rəşad bəylə təşkilatın yaranması, fəaliyyəti, prinsipləri, layihələri haqda danışdıq.
– Rəşad bəy, “Müsbət Dəyişiklik”in yaranması hansı şəraitdən doğdu? Bu təşkilat yarananda ölkədə başqa ictimai təşkilatlar, həmçinin siyasi partiyaların gənclər təşkilatları var idi. Onlara qoşulub fəaliyyət göstərə bilərdiniz, amma yenisini yaratdınız.
– Bildiyiniz kimi, 2010-cu ilin parlament seçkilərində 15-ci dairədən Bəxtiyar Hacıyev bitərəf olaraq namizədliyini irəli sürmüşdü. Bəxtiyar Hacıyevin təbliğat kampaniyası çox rəngarəng idi, gənclərlə ciddi iş görülürdü. Yüzə yaxın könüllü gənc bir araya gəlmişdi. Könüllülərdən ianələr toplanırdı və bununla da təbliğat kampaniyası aparılırdı. Bu kampaniyadakı gənclər çox müxtəlif idi, bir-birlərindən fərqlənirdi. Seçkilər bitəndən sonra bu gənclərdən təxminən 35 nəfəri kampaniyadan ciddi təsirləndi. Seçkidə baş verən çox qanunsuzluqların şahidi oldular. Bütün bunların qarşısını almaq üçün mübariə aparmağı, gənclər hərəkatı yaratmağı qərara aldıq. Hərəkatın adını səsvermə ilə müəyyənləşdirdik. Saxta parlament seçkilərindən sonra demokratik seçki ilə hərəkatın adını “Müsbət Dəyişiklik” qoyduq.
– Bəs Bəxtiyar Hacıyevin bu hərəkatla nə əlaqəsi var? Həmtəsisçi idimi, ya necə?
– Həmtəsisçi deyildi, sadəcə məsləhəçi olaraq bizə kömək edirdi. Hər hansı təşəbbüs sırf ondan gəlmirdi. Təşəbbüs gənclərdən gəlirdi. Bildiyiniz kimi, Bəxtiyar martın 4-də həbs olundu. Həbsindən əvvəlki 3 ayda bizə kömək edib. Çünki onun təcrübəsi vardı və təcrübələrini bizlə bölüşürdü. Bəxtiyarın indi bizimlə əlaqəsinə gəldikdə isə, biz həmişə ona dəstək oluruq. Olmağa da davam edirik. Bəxtiyar həbs olunan kimi biz virtual və real fəaliyyətə başladıq. “Support Bakhtiyar Haciyev” qrupu yaratdıq. Bəxtiyar zarafatla bizdən soruşur ki, həbsdən çıxandan sonra məni təşkilatınıza üzv edərsinizmi? Təbii ki, bizim təşkilatımız hər kəsə açıqdır.
– Bəzi insanlar irad tuturlar ki, maariflənmək lazımdır. Indi bundan başqa bir şey etmək düzgün deyil. Siz necə düşünürsünüz?
– Maariflənmək, əlbəttə, lazımdır, amma yalnız maariflənməklə iş bitmir. Hərəkət etmək lazımdır. Şərt deyil ki, mitinqə, aksiyaya, flaş-moba çıxasan. Imza toplamaq, xalqın içinə getmək, onlarla işləmək lazımdır. Həmin intellektuallara isə demək istəyirəm ki, insanları tənqid etməkdənsə, onlara maariflənmənin yollarını göstərsinlər.
– “Müsbət Dəyişiklik”in digər təşkilatlardan fərqi nədir. Fəaliyyətiniz, ideologiyanız, prinsipləriniz, hakimiyyətə münasibətiniz necədir?
– MD-nin üç fəaliyyət istiqaməti var. Insan haqları, təhsil və azad media. Ümumi olaraq isə demokratik Azərbaycan uğrunda mübarizə aparırıq. Insan haqları, ifadə azadlığı tapdalanırsa, azad seçki keçirilmirsə, toplaşma azadlığı pozulursa, insan haqlarının 30 maddəsindən hər hansı biri pozulursa, biz bununla mübarizə aparırıq, bunlara qarşıyıq. Fərqi yoxdur, hakimiyyət olsun, müxalifət olsun, xarici qüvvə olsun. Etiraf edək ki, bu gün hakimiyyətin bütün çirkin oyunları ortadadır. Insan haqlarının 30 maddəsinin 30-u da pozulur.
Digər təşkilatlarla sıx əməkdaşlığımız var. Gənclərin Hüquqlarını Müdafiə Komitəsində təmsil olunuruq. Bizim başqa təşkilatlardan fərqimiz isə xitab etdiyimiz auditoriyadır. Bizə daha çox mübarizəyə hazır olmayan, amma içində etiraz hissi olan gənclər qoşulur. Bir də ən başlıca fərqimiz ondadır ki, qeyri-adi layihələr yazırıq. Və layihələrimiz qəbul olunur, qrant uduruq. Bu yaxınlarda “Azad Gənclik” təşkilatı və Nida Vətəndaş Hərəkatı ilə birlikdə ortaq bir layihəmiz qrant udub. “Kölgə deputat”, forum, teatr kimi maraqlı layihələrimiz var və tezliklə bu layihələri həyata keçirəcəyik.
Ziyalılar forumu ilə əməkdaşlıq müqaviləsi imzalamışıq. Əməkdaşlığımız belədir. Onlar bizə layihələrdə, maarifləndirici tədbirlərdə, mühazirələrdə kömək edirlər. Biz isə onlarla gənclər arasında körpü rolunu oynayırıq. Gənclərlə yaşlı nəslin birləşməsindən güc əmələ gətirməyə çalışırıq.
– Səhv etmirəmsə, sizin ilk tədbiriniz insanların növbə mədəniyyətinə yiyələnməsinə çağırış olmuşdu. Bəs düşünmürdünüzmü ki, bu, Azərbaycanda axırıncı sıralarda olan bir problemdir.
– Təbii ki, elədir. Başda da dedim, bizim auditoriyamız fərqlidir. Biz yeni yarananda onlara göstərməyə çalışdıq ki, baxın, sizə də xitab edən bir təşkilat var. Eyni zamanda bu işləri də görürük. Biz seçkidən gələn bir təşkilatıq. Seçki siyasi bir prosesdir, biz isə siyasi təşkilat deyilik.
Bu gün növbə ilə bağlı problemlərə hər yerdə rast gəlirik. Istər nəqliyyatda, istər banklarda, metrolarda və s. Düzdür, biz kiçik bir etirazla fəaliyyətə başladıq və indiki “Müsbət dəyişiklik”ə gəlib çıxa bildik. Məncə, əsas bu idi.
Bəyim Həsənli