“Qubalılardan İlham Əliyev üzr istəməlidir”

İlqar Məmmədov: “İcra başçısının istefası “prezidentin müdrik addımı” kimi qiymətləndirilməməlidir”

“Burada dəyişiklik etmiş tərəf tələbkar və əzmli xalqdır”

“Respublikaçı Alternativ” (REAL) Hərəkatının həmsədri İlqar Məmmədov Quba rayon icra başçısının istefaya göndərilməsini “öz etirazlarını bildirmiş vətəndaşların qələbəsi” kimi qiymətləndirir: “Bu yalnız və yalnız onların uğurudur”.
Məmmədov “BBC Azərbaycanca”ya deyib ki, icra başçısının istefası “prezidentin müdrik addımı” kimi qiymətləndirilməməlidir: “Burada dəyişiklik etmiş tərəf tələbkar və əzmli xalqdır”.
Onun fikrincə, bu hadisələrin yaranması yerli idarəetmə sistemindəki “böhranlı” vəziyyətlə bağlıdır.
Məmmədov aksiyadan çıxartdığı nəticəni izah edərkən deyib ki, 2013-cü ilin oktyabrında prezident seçkiləri ilə eyni zamanda bələdiyyə seçkiləri də  keçirilməlidir və bələdiyyələrlə bağlı qanunvericilikdə dəyişiklik olmalıdır. Onun fikrincə, qanunvericilikdə yenilik olmasa, bu hadisənin başqa rayonlarada da təkrarlanması ehtimalı qalacaq: “Bu cür keyfiyyətsiz məmurlar başqa rayonlarda da var. Onlar təyin edildiyindən xalq qarşısında məsuliyyət hiss etmirlər”.
Məmmədov deyib ki, bu hadisəyə həm də Azərbaycanda siyasi mədəniyyət baxımından qiymət verilməlidir.
“Prezidentin yerdəki təmsilçisi xalqı təhqir edibsə, buna görə Ziya Məmmədov deyil, prezident özü üzr istəməlidir”, – deyən politoloq Azərbaycana bu mədəniyyətin gətirilməsinin vacib olduğunu vurğulayıb.
Cümə axşamı REAL Hərəkatının həmsədri İlqar Məmmədov və üzvləri vəziyyəti öyrənmək üçün Qubaya səfər edib. Onlar sakinlərlə rayondakı problemlər və onların tələbləri barədə danışıb.

 

İnformasiya şöbəsi