Rusiya prezident seçkisinə girdi; müxalifət meydanlara çıxmağa hazırlaşır
Rusiyada martın 4-də prezident seçkiləridir. Artıq martın 3-dən seçkisi ilə əlaqədar ölkədə “sükut günü” elan olunub. Prezidentliyə namizədlərin istənilən təşviqatı və siyasi reklamları dayandırılıb. 109 milyon seçici üçün 95 min seçki dairəsinin formalaşdırıldığı proses ölkədəki 10 dəyişik saat sisteminə görə 22 saat davam edəcək.
Rusiyada ilk dəfə 6 il müddətinə seçiləcək dövlət başçısı postu uğrunda baş nazir Vladimir Putin, Kommunist partiyasının lideri Gennadi Zyuqanov, Liberal-demokratik partiyanın rəhbəri Vladimir Jirinovski, “Ədalətli Rusiya”nın namizədi Sergey Mironov və müstəqil namizəd, milyarder Mixail Proxorov mübarizə aparır. Mərkəzi Seçki Komissiyası səsvermənin yekun nəticəsini martın 14-dən tez açıqlamayacaq. Martın 17-nə kimi isə səsvermənin nəticəsi rəsmən dərc edilməlidir. Seçilmiş namizəd isə mayın 7-ə Rusiya dövlət başçısının vəzifələrinin icrasına başlayacaq.
Ekspertlərin fikrincə, prezidentliyə namizədlərin təşviqat kampaniyası son onillikdə ən güclü və maraqlısı olub. Analitiklər hesab edir ki, Putinin ilk turda seçkini qazanacağı ehtimalı yüksək olsa da, proseslər baş nazir üçün keçmişdəki kimi asan olmayacaq. Yüz mindən şox insanı meydanlara toplayan Rusiya müxalifətinin hazırki gücü Putinin başı üzərində “Demokl qılıncı” kimi yellənəcək.
Seçkilərdən dərhal sonra yəni martın 5-də həm müxalifət, həm də iqtidar tərəfdarları aksiya keçirməyə hazırlaşır. Bəzi müxalif qrupların Moskvada Ukraynadakı “narıncı inqilab”a bənzər şəkildə paytaxtın mərkəzi meydanlarından birində çadırıar qurması tələbi şəhər rəhbərliyi tərəfindən rədd edilib. Başqa bir müxalif qrup martın 5-də Puşkin meydanında 10-30 min aralığında insanın qatılacağı mitinqin keçirilməsi üçün icazə alıb.
İnformasiya şöbəsi


