İran parlamentinə seçkilərdə Xameneyiyə yaxın mühafizəkarlar üstünlük qazandı; prezidentin bacısı da deputat ola bilmədi
İranda ötən gün keçirilən doqquzuncu parlament seçkilərinin ilkin nəticələrinə görə, ölkənin ali dini lideri ayətullah Əli Xamaneyiyə yaxın və hazırki prezident Mahmud Əhmədinejada müxalif olan mühafizəkarlar böyük fərqlə qələbə qazanıblar. Rəsmi məlumatlara görə, mühafizəkar Xamaneyi tərəfdarları ilə liberal mühafizəkar Əhmədinejad tərəfdarlarının qarşı-qarşıya gəldiyi seçkilərdə seçici fəallığı 67 faiz olub.
“Associated Press” agentliyi xəbər verir ki, ilkin nəticələr Əhmədinejadın ağır məğlubiyyətə uğradığını göstərir. İranın yarı rəsmi xəbər agentliyi “Mehr” Əhmədinejadın bacısı və yaxın müttəfiqi Pərvin Əhmədinejadın belə parlamentə girə bilmədiyini bildirib. “Mehr” agentliyi böyük qardaşının doğulduğu şəhər olan Qarmsardan namizədliyini irəli sürən Pərvin Əhmədinejad mühafizəkar rəqibinə uduzduğunu xüsusi vurğulayıb.
Tehran Bələdiyyə Məclisinin üzvü olan Pərvin Əhmədinejadın qardaşının 2009-ci ildə qazandığı prezident seçkisindən sonra keçirilən ilk parlament seçkilərində doğma şəhərdən namizədliyini verməsinə baxmayaraq uğur qazana bilməməsi Mahmud Əhmədinejad üçün böyük zərbə olaraq qiymətləndirilir.
İnformasiya şöbəsi


