İranda parlament seçkiləri keçirilir

Ölkədə kütləvi etirazlar gözlənilir

İranda 4 ildən baş tutan parlament seçkilərinə bu gün start verilib. İlk səsi ölkənin ali dini lideri ayətullah Xameneyi verib. Yerli vaxtla 8:00-da seçki məntəqəsinə gələn Xameneyi jurnalistlərə verdiyi açıqlamasında səs vermənin borc və haqq olduğunu söyləyib. Dini lider xalqın seçkilərdə fəal iştirakının ölkənin gələcəyi və inkişafı baxımından əhəmiyyətli olduğunu bildirib.

Siyasi partiyaların olmadığı İranda doqquzuncu parlametnin formalaşması üçün mühafizəkar və islahatçı ların 3 min 323 namizədi yarışır. Bu namizədlərin yalnız 290-ı millət vəkili ola biləcək. Müxaliflər isə liderləri Hüseyn Musəvi, Zəhra Rahnavard və Mehdi Kərrubinin ev dustağı olmasını əsasə gətirərək seçkiləri boykot edir. Müxaliflərin xalqı seçki məntəqələrinə yox, kütləvi küçə etirazlarına çağırmasından dolayı bu gün ölkədə aksiyaların keçiriləcəyi gözlənilir.

Müxalifətin bu çağırışı səbəbiylə İran hakimiyyəti üçün seçkilərdə seçici fəallığının nisbəti mühüm əhəmiyyət daşıyır. Seçici fəallığının yüksək olması iqtisadi və beynəlxalq təzyiq altındakı Tehran rejiminə xalqın etimad göstərib-göstərməməsini sübut edəcək. Seçkilərdə müxalifətin olmaması iqtidardakı mühafizəkarlar arasındakı ayrı seçkiliyi daha da gərginləşdirib.

“Amnesty İnternational” seçkilərin ifadə azadlığının məhdudlaşdırıldığı və həbslərin kütləvi xarakter daşıdığı dövrdə keçirildiyini bildirib. Beynəlxalq insan haqları təşkilatlarının fikrincə, keçirilən seçkilər siyasi məhdudiyyətlər və namizədlərin qanunsuz olaraq seçkidən uzaqlaşdırılmasıyla müşahidə olunub.