İP Bağırzadəni vicdan məhbusu adlandırdı

Palata hakimiyyətdən AXCP fəalına azadlıq tələb edir

İctimai Palata AXCP Naxçıvan şöbəsinin fəalı Zeynal Bağırzadənin azadlıqdan məhrum edilməsi haqda məhkəmə qərarı ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir:
AXCP fəalı Zeynal Bağırzadə bu gün Naxçıvan Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il yarım müddətinə azadlıqdan məhrum edilib.
İctimai Palata Zeynal Bağırzadəyə qarşı irəli sürülən ittihamı və onun barəsində çıxarılan hökmü ədalətsiz, qərəzli və siyasi diqtənin nəticəsi kimi  dəyərləndirir.
İP xatırladır ki, Zeynal Bağırzadə AXCP Naxçıvan MR şöbəsinin sədri Yaşar Bağırsoyun qardaşıdır. Qardaşlar ötən il Nehrəm kəndində əhalinin sosial problemlərə görə keçirdiyi aksiyadan sonra hakimiyyətin daha sərt hədəfinə çeviriliblər.
Həmin vaxt onların ikisi də vəhşicəsinə döyülərək həbs edilib.İctimai basqı nəticəsində Yaşar Bağırsoy azadlığa buraxılsa da, qardaşına qarşı qurama ittihamlar irəli sürülüb və sonra bu ittihamlara daha absurdu əlavə olunub.
İstintaq dövründə Zeynal Bağırzadə pis rəftarla üzləşib, döyülərək iflic vəziyyətinə gətirilib.
İP Zeynal Bağırzadənin siyasi baxışlarına görə böhtana tuş gəldiyini bəyan edərək, hakimiyyətdən ədalətsiz hökmu aradan qaldırmağı, onu dərhal azadlığa buraxmağı tələb edir.
İP Zeynal Bağırzadəyə qarşı çıxarılan hökmü Azərbaycan hakimiyyətinin dünyada baş verən dəyişikliklərdən, eləcə də ötən gün Qubada baş verənlərdən dərs götürmədiyinin; hüquq və qanunun aliliyinə hörmətsiz davranışını hələ də tərgitmədiyinin; siyasi rəqiblərinə qarşı aqressiv və düşmənçilik siyasəti apardığının nəticəsi kimi vurğulayaraq, dünya birliyini həbs olunan siyasi fəalı vicdan məhbusu kimi tanımağa çağırır.

***

İctimai Palata növbədən kənar toplandı

İctimai Palatanın Koordinasyia Şurası bu saatlarda fövqəladə toplantı keçirir. Toplantının keçirilməsinə məqsəd ölkədə baş verən son ictimasiyasi proseslərdir. İPnın gündəliyinə Qubada baş verən son olaylar, AXCP fəalı Zeynal Bağırzadənin 7 il yarım müddətinə azadlıqdan məhrum edilməsi və başqa məsələlər daxildir. Toplantıda müzakirə olunan məsələlər barədə ətraflı məlumatı bir müddət sonra oxucularımıza təqdim edəcəyik.

İnformasiya şöbəsi