Bu gün İranda parlament seçkiləridir

Bu gün Iranda parlament seçkiləri keçirilir. Keşikçilər Şurası parlament seçkisinə beynəlxalq müşahidəçilərin buraxılmayacağını bəyan edib. Ölkədə seçkilərə nəzarət üzrə ali qurum olan Keşikçilər Şurasının mətbuat katibi Abbas Əli Kadxodayi bildirib ki, beynəlxalq müşahidəçilərin nəzarəti altında seçki keçirmək iranlıların hisslərinə təhqir olardı.
“Bizim mərd xalqımız 30 il əvvəl Islam Inqilabında iştirak edib və öz taleyini özü seçib. Heç bir xarici qurum və ya ölkənin müdaxiləsinə yol verməyib. Mənim fikrimcə, seçkiyə beynəlxalq müşahidəçilərin buraxılması məsələsinin soruşulması belə, xalqımızın hisslərinə təhqirdir”, – deyə Kadxodayi söyləyib. Mətbuat katibi həmçinin bildirib ki, deputatlığa namizədliyini irəli sürənlərin 70 faizinin müraciəti qəbul edilib, qalanlarının namizədliyi isə rədd edilib.