Fərhad Əliyevin işi dolaşığa düşüb

Avropa Məhkəməsinin Azərbaycanla bağlı qərar çıxartdığı siyasi motivli işləri Ali Məhkəmə niyə araşdırmır?

Avropa Şurası Nazirlər Komitəsinin fəaliyyət istiqamətlərindən biri də Avropa Məhkəməsinin qərarlarının icrasına nəzarətdir. Komitənin səfirlərinin iştirakıyla bir müddət əvvəl Strasburqda keçirilən görüşdə əsas müzakirə mövzularından biri də keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevlə bağlı Avropa Məhkəməsinin qərarının icrası məsələsi oldu. Avropa Məhkəməsinin Fərhad Əliyevlə bağlı qərarı 2010-cu il noyabrın 9-da çıxarılıb. Məhkəmə sözügedən qərarında Fərhad Əliyevin həbs olunarkən və həbsdə saxlanıldığı vaxt azad və təhlükəsiz yaşamaq hüququnun, təqsirsizlik prezumpsiyasının pozulduğunu təsdiqləyib. Məhkəmə həmçinin bu hüquq pozuntularıyla əlaqədar Azərbaycan hökumətinin üzərinə Fərhad Əliyevə vurulan mənəvi ziyana görə 16 min, çəkilən xərclərə görə isə 25 min avro (cəmi 41 min avro) təzminat ödəmək öhdəliyi qoyub.
Üç aya yerinə yetirilməli olan iş niyə 1 il 4 ay yubanıb?
Fərhad Əliyevin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Cəmil Həsənli bildirir ki, qərarın qəbulundan 1 il 4 ay vaxt keçməsinə baxmayaraq, Azərbaycan hökuməti Avropa Məhkəməsinin qərarını icra eləmir. Məhz bu səbəbdən Strasburqdakı sözügedən toplantıda qərarın icrasının yubanmasından narahatlıq ifadə olunub. Cəmil Həsənlinin fikrincə, qərarın icra olunmaması Fərhad Əliyevə qarşı qərəzdən irəli gəlir: “Avropa Məhkəməsi kimi mötəbər bir qurumun 1 il 4 ay əvvəl qəbul etdiyi qərarın icra edilməməsi Fərhad Əliyevə qarşı qərəzin aydın ifadəsidir. Həmin qərara əsasən, Konvensiyanın 5-ci maddəsi üzrə Fərhad Əliyevin hüquqlarının pozulduğu və həbsinin qanunsuz olduğu tanınıb. Qaydalara görə, qərarın qəbulundan sonra 3 ay ərzində ölkədə bu işə baxılmalı və müvafiq addımlar atılmalı idi. Ən azı, bu müddətdə Ali Məhkəmənin Plenumu Avropa Məhkəməsinin mövcud qərarından doğan nəticələrlə əlaqədar olaraq hüquqi qiymət verməli və müvafiq qaydada kompensasiya ödənməli idi. Halbuki, bu addımların heç biri olmayıb. Strasburqda qərarın qəbulundan bir il sonra Fərhad Əliyevin vəkili Azərbaycan Ali Məhkəməsində bu işə baxılıb-baxılmaması ilə bağlı müraciət edib və çox qəribə bir cavab alıb. Cavabda göstərilib ki, ”Fərhad Əliyevin işi üzrə Avropa Məhkəməsinin qeyd olunan qərarı Ali Məhkəməyə daxil olmadığından Cinayət-Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq, ərizəçinin işinə yenidən baxılması üçün əsasların olub-olmamasını müəyyən etmək mümkün deyil”. Sual olunur: üç ay ərzində yerinə yetirilməli olan iş bir dörd ay ərzində niyə yerinə yetirilmir? Axı hələ 2003-cü ildə Azərbaycan prezidenti bu işlərə intensiv xarakter vermək üçün sərəncam imzalayıb və həmin sərəncamla Avropa Məhkəməsi yanında Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi vəzifəsi təsis edilib, onun əsasnaməsi təsdiqlənib, bu vəzifəyə müvafiq şəxs təyin olunub, dövlət büdcəsindən maliyyələşən aparat yaradılıb. Əgər bir il dörd ay ərzində Fərhad Əliyev haqqında Strasburq Məhkəməsinin qərarı baxılmaq üçün Azərbaycan Ali Məhkəməsinə yetişməyibsə, deməli, buna mane olan nüfuzlu dairələr var”, – deyə Cəmil Həsənli bildirib.
Hökumət Fərhad Əliyevə kompensasiya ödəyib
Azərbaycanın Avropa Məhkəməsində səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov isə Fərhad Əliyevlə bağlı qərarın icra olunmadığı fikrilə razılaşmır. Onun sözlərinə görə, Məhkəmənin müəyyənləşdirdiyi kompensasiyanı dövlət ödəyib. Amma sözügedən qərardan sonra Ali Məhkəmədə Fərhad Əliyevin işinə yenidən baxılmamasına gəlincə, Çingiz Əsgərov deyir ki, buna ehtiyac duyulmayıb: “Avropa Məhkəməsinin qərar çıxartdığı işə yenidən Ali Məhkəmədə baxılması məsələsi mütləq deyil. Ehtiyac olanda həmin işə yenidən baxılır. Bu işdə ehtiyac yox idi. Ümumiyyətlə, Avropa Məhkəməsinin qərarıyla bağlı ümumi xarakterli və fərdi xarakterli tədbirlər görülür. Bu işdə fərdi xarakterli tədbir kompensasiya ödəməkdən ibarət olub. Ümumi xarakterli tədbirlərə gəlincə, dövlət bu istiqamətdə lazım olan addımları atır. Həmin addımların bir çoxu Insan Hüquqları sahəsində Milli Fəaliyyət Proqramında da öz əksini tapıb”.
“Bu, hesabat deyil, cəmiyyəti ələ salmaqdır”
Avropa Məhkəməsində onlarla iş üzrə ərizəçilərin hüquqlarını müdafiə etmiş hüquqşünas, Hüquq Maarifçiliyi Cəmiyyətinin prezidenti Intiqam Əliyev isə deyir ki, ümumiyyətlə, Avropa Məhkəməsinin Azərbaycanla bağlı qərarlarının icrası sahəsində ciddi problemlər var. Hüquqşünasın sözlərinə görə, təəssüf ki, Azərbaycan hökuməti bu qərarlarla bağlı qurbanlara kompensasiya ödəməklə işini bitmiş sayır: “Halbuki, həmin qərarların icrası dövlətlərin üzərinə konkret xarakterli tədbirlərlə yanaşı, ümumi xarakterli tədbirlər görmək öhdəliyini də qoyur. Həmin öhdəliklərin icrasına nəzarəti həyata keçirən qurum – Avropa Şurasının Nazirlər Komitəsi Strasburq Məhkəməsinin qərarlarının icrasıyla bağlı Məhkəmənin müəyyən etdiyi kompensasiyanın ödənilməsini, qərarda tanınan pozuntunun aradan qaldırılması və zərərçəkmiş üçün pozuntudan əvvəl olan şəraitin bərpa edilməsi məqsədilə fərdi tədbirlərin həyata keçirilməsini, Məhkəmənin qərarında müəyyən olunan pozuntuya analoji olan yeni və ya davam edən pozuntuların qarşısının alınması üçün ümumi tədbirlərin həyata keçirilməsini yoxlayır”.
Intiqam Əliyev deyir ki, milli qanunvericiliyə – Cinayət Prosessual Məcəlləsinin 455-456-cı maddələrinə görə, Avropa Məhkəməsi tərəfindən ölkə məhkəmələrində cinayət işi üzrə icraat zamanı Konvensiyanın müddəalarının pozuntusunun müəyyən edilməsi işə yeni hallar üzrə yenidən baxılması üçün əsasdır. Amma son dövrlərdə qanunvericiliyin bu tələbi pozulur və siyasi çaları olan işlər əsassız olaraq Ali Məhkəmənin Plenumuna çıxarılmır: “Məsələn, seçki pozuntuları ilə bağlı işlərin heç biri Plenumun müzakirəsinə çıxarılmayıb. Fərhad Əliyevin işi də həmin kateqoriyadan olan işlərdəndir. Bu, qanunvericiliyin tələblərinin kobud pozuntusudur. Bütün hallarda işlər Plenumun müzakirəsinə çıxarılmalı və tərəflərin (onların vəkillərinin) iştirakı ilə işə yenidən baxılması ilə bağlı məsələ müzakirə olunmalıdır. Ali Məhkəmənin Plenumuna çıxarılmasından qanunsuz imtina edildiyi digər işlərdə olduğu kimi, Fərhad Əliyevin işində də ərizəçinin hüquqlarının kobud şəkildə pozuntusuna gətirib çıxaran ölkədaxili məhkəmələrin qərarları var. Onlar ləğv olunmadan ərizəçinin hüquqlarının bərpası istiqamətində hökumətin atdığı addımların Konvensiyaya uyğunluğunu söyləmək mümkün deyil. Həmçinin həmin qərarlar azadlıq və toxunulmazlıq hüququ sahəsində ümumi xarakterli tədbirlərin görülməsini tələb edir. Hökumət bu istiqamətdə gördüyü işlər barədə ictimaiyyətə hesabat verməlidir. ”Ümumi xarakterli tədbirlərə gəlincə, dövlət bu istiqamətdə lazım olan addımları atır” – bu isə hesabat deyil, cəmiyyəti ələ salmaqdır. Hakimlər üçün təlimlər və ya kağız üzərində qalacağı əvvəlcədən bəlli olan hansısa Planın qəbulu həmin öhdəliyin icra edilməsi anlamına gəlmir. Ümumi xarakterli tədbirlərlə bağlı öhdəliyin icrası – qanunsuz həbsdə saxlanılan bütün şəxslərin, o cümlədən siyasi məhbusların azadlığa buraxılmasını tələb edir. Hökumət həbslərdən siyasi opponentləri zərərsizləşdirmək üçün bir vasitə kimi istifadə edir. Eynilə məhkəmələr, o cümlədən Ali Məhkəmə və onun Plenumu da həmin vasitələrdən biridir. Avropa Məhkəməsinin qərarlarının icrasına məsul olan ölkədaxili qurum – bəlli nümayəndəlik isə ən yaxşı halda dekorasiyadır. Ona görə Avropa Məhkəməsinin qanunsuz həbslərlə bağlı bir neçə qərarının olmasına baxmayaraq, həmin qərarların icrasından doğan öhdəliklər icra olunmur, həbsxanalarda qanunsuz həbs olunanların sayı azalmır, hökumət rəsmiləri nağıl söyləməkdə davam edir”.

Aytən Məmmədova