Mərhum jurnalistin xatirəsinə həsr olunmuş dəyirmi masa da keçiriləcək
“Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətlindən 7 il ötür. Həmkarları və ölkənin ictimai-siyasi xadimləri bu gün mərhum jurnalisti yad edəcəklər. Reportyorların Azadlıq və Təhlükəsizlik Institutunun rəhbəri Emin Hüseynovun sözlərinə görə, anım mərasimi saat 12.00-dan E.Hüseynovun Ikinci Fəxri xiyabandakı məzarı önündən başlayacaq və ziyarət 13.00-dək davam edəcək: “Arzu edən hər kəs bizə qoşula bilər. Saat 14.00-da isə ”Park Inn” otelində Elmar Hüseynovun xatirisinə həsr olunmuş dəyirmi masa keçiriləcək.
“Jurnalistlərin təhlükəsizliyinin təkmilləşdirilməsi” mövzusunda keçiriləcək tədbirdə təhlükəsizliklə bağlı müzakirələr olacaq. Tədbirin sonunda jurnalistlərə yeni fərqləndirici gödəkçələr təqdim olunacaq. Axşam saat 9-da isə Elmar Hüseynovun evinin yaxınlığında – həmkarımızın qətlə yetirildiyi yerdə anım mərasimi keçiriləcək. Yəni martın 2-də Elmar Hüseynovla bağlı faktiki olaraq üç tədbir olacaq”.
1967-ci ildə Bakıda anadan olan Elmar Hüseynov jurnalistikaya 1990-cı illərin əvvəllərində gəlib. Bir neçə rusdilli media quruluşunda çalışan jurnalist daha sonra “Monitor” jurnalını təsis edib. Jurnalist 2005-ci il martın 2-də Bakıda, yaşadığı evin blokunda odlu silahla qətlə yetirilib. Istintaq işini Milli Təhlükəsizlik Nazirliyi araşdırır. Azərbaycanın hüquq mühafizə orqanları qətldə şübhəli bilinən şəxslərdən ikisinin adını açıqlayıb: Gürcüstan vətəndaşları Teymuraz Əliyev və Tahir Xubanov. Lakin onların axtarışı bugünə qədər heç bir nəticə verməyib.