Məni xeyli heyrətləndirən bu xəbəri AzərTAC yayıb. Dünən Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin iclası keçirilib və burada akademiyanın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru, AMEA-nın müxbir üzvü Əyyub Quliyev “Yay-qış vaxtına keçid” mövzusunda elmi məruzə ilə çıxış edib. Əyyub müəllim məruzəsində bildirib ki, Azərbaycanda yay-qış vaxtına keçid barədə Nazirlər Kabinetinin 1997-ci il 17 mart tarixli qərarı dəyişdirilməlidir. Ölkəmizdə yay-qış vaxtına keçidin ləğvinin zəruriliyini izah edən alim bunu elmi cəhətdən əsaslandırıb. Alim vurğulayıb ki, bu məsələ hər bir ölkənin milli maraqları mövqeyindən həll olunmalıdır. Yay-qış vaxtına keçid bir neçə saat qurşağında yerləşən, o cümlədən günün işıqlı hissəsinin minimal həddinin iş vaxtından az olduğu ölkələr üçün aktualdır. Regionda Günəşin saat 12:00-da kulminasiya nöqtəsində olması keçidin düzgünlüyü üçün əsas meyar götürülməli, iş vaxtı günün işıqlı hissəsində “səhər-axşam” simmetriyası prinsipinə əsaslanmalıdır. Əyyub müəllim onu da deyib ki, yay-qış vaxtına keçid ekvatora yaxın ölkələr üçün, eləcə də şimal və cənub qütblərinə yaxın regionlarda aktual deyil. Keçid vaxtı bir sıra vacib məsələlər – keçid nəticəsində enerjidən istifadəyə qənaət, keçidin ətraf mühitə, idarə, müəssisə və təşkilatlarda iş rejiminə, əmək məhsuldarlığına və insan sağlamlığına təsiri, təhsil sistemində və bir sıra digər sektorlarda ortaya çıxan problemlər və sair nəzərə alınmalıdır.
Əyyub Quliyev 1930-cu ildən praktikada olan dekret vaxtının ləğv edilməsi məsələsinin öyrənilməsinin zəruriliyini, dekret vaxtı ləğv olunmaqla hazırda tətbiq edilən qış vaxtından (Qrinviç vaxtı+3 saat) istifadənin daha məqsədəuyğunluğunu vurğulayıb. Təbii ki, mövzu ətrafında müzakirələr də aparılıb, qeyd olunan bütün müsbət və mənfi nəticələr nəzərə alınaraq, “Qış-yay vaxtına keçid” praktikasına son qoyulması tövsiyə edilib.
Gülməli sensasiya nədir?
Əyyub Quliyevin fikirlərini təftiş etmək fikrim yoxdur. Bir alim kimi də ona iradım yoxdur. Vaxtın sosial faktorları, ritmləri, iqtisadi amilləri ilə bağlı mübahisələr açmaq fikrində deyiləm. Prinsipcə, bizim ölkə üçün vaxt çoxdan ölüb. Ictimai səbəblərdən biz Günəşin doğmadığı ölkə olaraq qalırıq. Amma gülməkdən də özümü saxlaya bilmirəm. Axı biz illərdir bu Elmlər Akademiyasının elminin nəyəsə yaradığını görməmişdik. Akademiyasız da həll edilə biləcək bir məsələ olsa da, nəhayət alimlərin sözünə fikir verilir. Sevindim ki, nə yaxşı alimlərimiz “Eurovision”“”la bağlı məsələni müzakirə edib, onun xalqımıza çox faydalı olduğunu söyləməyiblər.
Ikinci gülməli məqam. Görəsən, indiyəcən bizim alimlər niyə bu fikrə gəlməyib? Hansı yeni kəşflər bu fikrə gəlməyə əsas verdi? Nəyi öyrəndilər, nəyin əsasında fikirlərini dəyişdilər? Günəşin, ya Yerin hərəkətimi dəyişdi? Indiyəcən niyə demirdilər bu təklifi? 17 mart 1997-ci ildə nədən susmuşdular?
Bəlkə elə bilirlər ki, bizim xəbərimiz yoxdur analoji qərarın Rusiya tərəfindən verilməsindən sonra bu məsələ qaldırılır? Hər şey aydındır. “Aparat”dan göstəriş gəlib, alimlər də buna xalq sifarişi hazırlayırlar. Bəli, Rusiya ötən il payızda qış vaxtına keçidin ləğvi ilə bağlı qərar qəbul etdi. Müzakirələrə səbəb də məhz budur. Yoxsa nə yeni kəşflər ediblər, nə də yeni fikrə düşməyib bizim alimlər.
Üçüncü gülməli məqam. Bəlkə də ağlamalı məqam. Biz hələ bir dəfə də görməmişik ki, bu Elmlər Akademiyasının Rəyasət Heyəti iclas keçirib, hansısa elmi uğurdan, yaxud onun tətbiqindən danışsın. Mən görməmişəm. Görsəydim çox sevinərdim.
Amma bu Akademiyanın alimlərindən biri münəccim verilişi aparır. Biri də mətbuat konfransı keçirib mələyin uçma sürətinin hesablandığını bəyan etmişdi. Yəqin tezliklə Akademiyaya üzvlərin seçkisi keçiriləcək. Kaş o zaman bu alimlərin əsərlərinin siyahısı da dərc ediləydi. Onda görərdik ki, kimyaçı müxbir üzv şeir yazır, genetik alimi idarəetmə akademiyasına rektor qoyurlar və s.

Azərbaycan Elmlər Akademiyasında sensasiya
•