Səfər Əbiyev Lənkəran Əliyevə son zərbəni vurmaq istəyir
Müdafiə Nazirliyi general-mayor Lənkəran Əliyevi və onun övladlarını məhkəməyə verib. APA-nın xəbərinə görə, nazirlik Lənkəran Əliyevə məxsus mənzilin orderinin etibarsız hesab edilməsi barədə iddia ilə əvvəlcə Yasamal Rayon Məhkəməsinə müraciət edib. Lakin məhkəmə iddianı təmin etməyib. Həmin qərardan apelyasiya şikayəti verilib. Bakı Apelyasiya Məhkəməsi də birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlayıb. Daha sonra nazirlik Ali Məhkəmədə kassasiya şikayəti verib. Ali Məhkəmə kassasiya şikayətini qismən təmin edərək, işi yenidən Bakı Apelyasiya Məhkəməsinə göndərib.
Lənkəran Əliyev Azərbaycan Silahlı Qüvvələrin Akademiyasında qərargah xidməti kafedrasının rəisidir. Nazirlik onunla yanaşı, qızları – Eleonora, Səbinə və Zoya Əliyevalara qarşı da iddia qaldırıb.
Müdafiə naziri Səfər Əbiyevlə Lənkəran Əliyev arasında uzun müddətdir ki, ziddiyyətlər var. Lənkəran Əliyev ordu sistemində “müxalifətin” liderlərindən olub. Lakin Səfər Əbiyevlə mübarizə Lənkəran Əliyevin karyerasına son qoyulması ilə nəticələnib. Xatırladaq ki, 2009-cu il mayın 26-da Təlim-Tədris Mərkəzinin Qaraheybətdəki hissəsində baş verən kütləvi zəhərlənmə olayında da Lənkəran Əliyevin adı hallanırdır. Iddia olunurdu ki, həmin vaxt yenicə Təlim-Tədris Mərkəzinin rəhbərliyindən azad edilən general Səfər Əbiyevə müxalifətdə dayanan digər yüksək rütbəli hərbçilərlə birləşərək belə bir təxribat törədib. Görünür, Səfər Əbiyev bütün bunları unuda bilmir və ona görə də Lənkəran Əliyevə qarşı iddia qaldırmaqla ona son sarsıdıcı zərbəni vurmaq istəyir.