Prezident Administrasiyasının nəzarətində olan mətbuat nazirin korrupsiya əməllərindən yazdı
Nəqliyyat naziri Ziya Məmmədovun toxunulmaz məmurlar siyahısından çıxarıldığı barədə məlumat vermişdik. Bildirmişdik ki, Prezident Administrasiyasında tərtib olunan bu siyahı hakimiyyətyönlü KIV-lər üçün nəzərdə tutulub.
Iqtidarın nəzarətində olan telekanallara və mətbuat orqanlarına siyahıda adı olan məmurlar barədə tənqidi materiallar vermək qadağan edilib. Lakin bir müddət əvvəl Ziya Məmmədov, Bakı meri Hacıbala Abutalıbov və “Azəryolservis”in şefi Cavid Qurbanovun adı həmin siyahıdan çıxarılıb. Məhz bundan sonra iqtidaryönlü KIV-lər adıçəkilən şəxslərin fəaliyyətinə nəzər salmağa başlayıblar. Artıq bir neçə dəfə rəsmi qəzetlərdə Ziya Məmmədov, Hacıbala Abutalıbov və Cavid Qurbanov barədə tənqidi materiallar dərc olunub.
Dünən isə hakimiyyətyönlü qəzetlərdən olan “Olaylar”da Ziya Məmmədov darmadağın edilib. Bu faktların əhəmiyyətli hissəsi müstəqil qəzetlərdə dərc olunduğuna görə, təkrarən oxucuların diqqətinə çatdırmağa lüzum yoxdur. Qısaca olaraq bildirək ki, “Ziya Məmmədovun ixtisar əməliyyatı” başlıqlı yazıda nəqliyyat nazirinin dəmiryolundakı korrupsiya faktlarından, işçiləri şəxsi maraqlarına görə ixtisara salmasından yazılıb.
Ziya Məmmədovun korrupsiya əməlləri barədə müstəqil qəzetlər yazanda “Olaylar” susurdu. Bəs indi nə baş verib? Bu sualın cavabı Ziya Məmmədovun toxunulmazlar siyahısından çıxarılmasıdır. Yəni, “Azadlıq”ın bu məlumatı tam təsdiqini tapıb. Və güman ki, bu proses iqtidar KIV-lərində geniş vüsət alacaq.