GAMOH Güney Azərbaycanı seçkiləri boykota çağırdı

Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH) bu yaxınlarda Iranda keçirilməsi gözlənilən parlament seçkilərilə bağlı bəyanat yayıb. Müəlliflər Güney Azərbaycan türklərini seçkiləri boykota, amma milli, mədəni haqlar uğrunda mübarizəni davam etdirməyə çağırırlar.
Seçkilər ərəfəsində rəsmi Tehran təmsilçilərinin qeyri-fars xalqlar haqqında “qəlbə yatan” sözlər söyləməsi xalqı seçkilərə cəlb etməklə bağlı olduğu bildirilir.
Həm də seçkilər “sonu indidən bəlli olan seçkilər” kimi dəyərləndirilir. Güney Azərbaycan türklərinin yaşadıqları bəzi bölgələrdə rəsmi Tehranın “kürdləşdirmə” problemi yaratdığı qeyd edilir. Bu bölgələrin türk əhalisinin bu qorxudan irəli gələrək Iran parlamentində təmsil olunmaq üçün parlament seçkilərinə qatılmaq istəmələri belə, təqdir edilmir. “Bu günə kimi keçirilən seçkilərə qatılmaq Güney Azərbaycan xalqına uğur qazandırmayıb”,- deyə müəlliflər bu seçkilərin mənasızlığını nəzərə çatdırırlar.
Müəlliflər Güney Azərbaycan türklərinə milli, mədəni, insani haqları uğrunda mübarizəni davam etdirmək çağırışı edərək Irandakı siyasi rejimin iyrəncliyini dünyaya faş etmək yolu göstərirlər.