Ərdoğanla Bağçalıdan Xocalı bəyanatı

Türkiyənin baş naziri, AKP sədri Rəcəb Tayyib Ərdoğan və MHP sədri Dövlət Bağçalı rəhbərlik etdikləri partiyaların parlament qrupu toplantısında çıxışları zamanı Xocalı soyqırımını da yad ediblər.

Ərdoğan Xocalı qətliamını heç zaman unutmayacaqlarını deyib: “Xocalıda qətlə yetirilən qardaşlarımızı bir daha rəhmətlə anıram. Azərbaycana və bütün azəri qardaşlarımıza onlarla həmrəy olduğumuzu çatdırırıq. Xocalı hadisəsi ötən bazar günü İstanbulda və bir çox şəhərimizdə anıldı və lənətləndi. Taksimdəki aksiyada bəzi marginal qrupların qaldırdığı plakatlar və səsləndirdiyi şüarlar bu həmrəyliyimizi kölgələməyə yetməz. Biz nifrətin və qəzəbin artırılmasını deyil, hər zaman olduğu kimi haqqı, hüququ və barışı müdafiə edəcəyik. Xocalını unutmayacaq və unutdurmayacağıq. Qətlə yetirilən qardaş-bacılarımızın yasını tutmağa davam edəcəyik”.

Bağçalı isə bu faciəni bildirib ki, erməni ölüm maşını heç vaxt dayanmayıb. “Xocalı türk millətinin vicdanı və bitməyən fəryadıdır. Xocalı qürurumuz, heysiyyətimiz, ürək döyüntümüzdür” deyən MHP sədri AKP hökumətinə söz atmaqdan da qalmayıb. “Xocalıda qan tökən şəxs bu gün Ermənistan dövlətinin başındadır. AKP hökumətinin qucaq açdığı bu şəxs vaxtilə Xocalıda vəhşilik törədən quldurlara başçılıq edib”, – deyə o bildirib.