Boris Berezovski Rusiya baş nazirini hədələdi
Londonda mühacir həyatı yaşayan rusiyalı oliqarx Boris Berezovski növbəti dəfə keçmiş müttəfiqi, Rusiyanın hazırki baş naziri və hakim partiyanın 4 mart prezident seçkilərində namizədi Vladimir Putin barəsində sərt proqnozlar verib. Rusiyalı oliqarx İsraildə yayımlanan “Haaretz” qəzetinə müsahibəsində Putin rejiminin gələcəyi və ölkədə liberal dəyişikliklərin perspektivi haqda öz fikirlərini bildirib.
Berezovskinin sözlərinə görə, Putin rejiminin sonu da digər diktaturların sonu kimi yaxşı olmayacaq:“Bütün diktatorların sonu bəllidir. Ya Pinoçetin taleyiylə üzləşirlər, ya da dar ağacından asılırlar. Mən inanıram ki, Putin rejiminin də sonu acınacaqlı olacaq. O, hakimiyyəti güc yolu ilə əlində saxlamaq yolunu seçdi. Xalqın düşüncəsi və istəklərini təhqir etməklə yanaşı, konstitutsiyanı da pozdu. Xalqın bütün bunlara güc yoluyla cavab vermək haqqı var. Putin bu gedişlə Qəzzafinin sonuna gedir”.
Oliqarx Bəşər Əsədi dəstəkləməklə reallıqdan tamamilə uzaq düşdüyünü də söyləyib. Berezovski deyib ki, Putin Liviyanın öldürülmüş diktatoru Qəzzafinin meyitini televiziyada görəndə qorxuya düşüb:“Rusiya hakimiyyəti ən pis variantı seçdi. Martın 4-də keçiriləcək seçkilərin birinci turundaca Putin qalib elan olunacaq. Hazırki rejimi yalnız güc yolu ilə devirmək şansı qalacaq. Ölkədə pozitiv dəyişikliklər yalnız indiki rejimin devrilməsindən sonra mümkün ola bilər. Əgər Rusiya hazırki yolla addımlayarsa, ölkənin vahid qüvvə kimi varlığı təhlükəylə üzləşəcək”.
İnformasiya şöbəsi