Brayza Türkiyəyə köçdü

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza həyat yoldaşı Zeyno Baranla bərabər Türkiyəyə köçüb. M. Brayza bunu Türkiyənin “Hürriyet” qəzetinə müsahibəsində deyib.

“Amerikanın Bakıdakı səfiri vəzifənizin özəl həyatınıza qurban getdiyini deyə bilərikmi?” sualına cavabda Brayza bildirib ki, bəli, belə demək mümkündür. “Prezident Obama 1915-ci il hadisələrini soyqırım kimi tanımamaq qərarına gəldikdən sonra mən hədəfə çevrildim. Ermənilər mənim Azərbaycandakı səfir vəzifəsinə namizədliyimi yeni mübarizə mövzusuna çevirdilər. O təşkilat (Amerika Erməni Milli Komitəsi) məni tərəfli göstərmək üçün əlindən gələni etdi. İndi də yəqin ki, Türkiyəyə köçməyimdən istifadə edəcəklər”, – deyə Brayza bildirib.

Diplomat deyib ki, bəli, Türkiyəni sevir, amma məgər bu, onun eyni zamanda Ermənistan və Azərbaycanı da sevə bilməyəcəyi anlamına gəlməlidir? “Diplomat kimi fəaliyyət göstərərkən Qarabağ probleminin həlli üçün Ermənistanla bərabər çalışdım və bu müddət ərzində Ermənistan rəhbərliyindən mənim tərəfsizliyimlə bağlı hər hansı tənqid gəlmədi” – deyə Brayza qeyd edib.