Süleyman Yusifov: «Bu partiyanı seçməyimin səbəbi onun insan haqları uğrunda ardıcıl və prinsipial mübarizə aparmasıdır»
Y.Süleymanovu YAP-dan uzaqlaşdıran digər səbəb isə onun mülkiyyət hüquqlarının kobud şəkildə pozulmasıdır
YAP üzvü Yusifov Süleyman Ağarza oğlu partiya sıralarından istefa vermək qərarına gəlib. S.Yusifov bundan sonrakı siyasi fəaliyətini isə AXCP-də davam etdirmək niyyətindədir. S.Yusifov redaksiyamıza gələrək bu addımının səbəblərinə də aydınlıq gətirib.
Uzun müddətdir AXCP-nin fəaliyyətini yaxından izlədiyini deyən S.Yusifov vurğuladı ki, Xalq Cəbhəsinin Azərbaycanda demokratiya, insan haqları uğrunda ardıcıl və prinsipial mübarizə aparması onun məhz bu partiyanı seçməsinin əsas səbəblərindən biridir. 2008-ci ildən YAP üzvü olan S.Yusifovun təşkilat sıralarını tərk etməsinin başqa bir səbəbi isə hakim partiyanın öz üzvlərinin belə hüquqlarını müdafiə edə bilməməsidir. 1958-ci il doğumlu S.Yusifovun üzləşdiyi qanunsuzluq sahib olduğu torpaq mülkiyyəti ilə bağlıdır. Hər şey S.Yusifovun “Dədə-Qorqud” qəsəbəsində 1998-ci ildən sahib olduğu 6 sot torpağın 3 sotunu 2003-cü ildə satmaq qərarına gəlməsindən sonra başlayır. S.Yusifov torpağı alqı-satqı müqaviləsi ilə satması üçün Gürcüstan vətəndaşı Gülaçar Orduxanovaya 3 illiyə etibarnamə verir. Amma G.Orduxanova etibarnamənin vaxtı bitənə qədər torpağı sata bilmədiyindən etibarnamənin müddəti daha 3 il uzadılır. Nəticədə bir il sonra, yəni 2007-ci ildə G.Orduxanova müvafiq instansiyalardan sənəd almadan ona etibar edilən 3 sot torpaqda ümumi sahəsi 60 kvadratmetr olan 1 mərtəbəli ev tikir. S.Yusifovun verdiyi ikinci etibarnamənin müddəti bitdikdən sonra o, G.Orduxanovadan 3 sot torpağı öz adına keçirməyi və ya onun ərazisini tərk etməsini tələb etsə də ikinci heç bir təkliflə razılaşmayıb. Nəticədə S.Yusifov 2011-ci ildə Suraxanı Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə də keçirdiyi ekspirtizanın rəyinə əsaslanaraq G.Orduxanovanın sərəncamsız tikdirdiyi evin sökülməsi və həmin ailənin S.Yusifovun torpağından çıxarılması barədə qərar qəbul edib.
Suraxanı Rayon Məhkəməsinin qərarından qane olmayan G.Orduxanova Apelyasiya Məhkəməsinə müraciət edib. Və S.Yusifovun torpağında tikdirdiyi evin dəyərinin 50 min manat olduğunu iddia edib. Nəticədə Bakı Apelyasiya Məhkəməsi 12 iyul 2011-ci il qərarı ilə G.Orduxanovanın iddia ərizəsini təmin edib. Məhkəmə qərara alıb ki, S.Yusifov G.Orduxanovaya 50 min manat məbləğində dəymiş ziyanı ödəməlidir. S.Yusofovun sözlərinə görə, məhkəmə bu qərarı çıxararkən absurd sənədlərə əsaslanıb. Onlardan biri heç bir hüquqi qüvvəsi olmayan və onun torpağındakı G.Orduxanovanın evinin tikintisini aparan “Bələdiyyə” MMC şirkətinin verdiyi sənəddir: “Həmin şirkət Zığ bələdiyyəsinin razılığı olmadan bu tikintini aparıb. Digər tərəfdən, G.Orduxanovanın mənə məxsus torpaqda hər hansı tikinti aparmaq hüququ yoxdur. Çünki torpaqla bağlı mülkiyyət hüququ mənə məxsusdur. Eyni zamanda nədənsə Suraxanı Rayon Məhkəməsinin tam qanuna uyğun şəkildə qəbul etdiyi qərar nəzərə alınmır”.
S.Yusifovun sözlərinə görə, növbəti instansiya Ali Məhkəmə də Apelyasiya Məhkəməsinin çıxardığı qərarı qüvvədə saxlayıb. Ali Məhkəmənin 25 noyabr 2011-ci il qərarından dərhal sonra YAP-dan çıxmaq niyyətində olduğunu partiyanın Suraxanı rayon təşkilatının rəhbərliyinin nəzərinə çatdıran S.Yusifov bu müraciətlərinə də heç bir reaksiya almayıb.
Maddi vəziyyəti yaxşı olmadığından öz torpağındakı mübahisə ilə bağlı G.Orduxanova ilə barışığa gəlməyə məcbur olan S.Yusifov məhkəmənin ona kəsdiyi 50 min manatı “qonşusuna” ödəyə bilmədyindən işə xitam verilməsi üçün müraciət edib. Amma S.Yusifov bununla belə nə vaxtsa Azərbaycanda ədalətin bərpa olunacağı nəticəsində onun əmlakının tam şəkildə özünə qaytarılacağına inanır. Hazırda isə S.Yusifov qanunla ona məxsus olan torpaq sahəsində G.Orduxanova ilə qonşudur.
Xəyal