Sərhədləri yıxan musiqi

Türk Musiqi Birliyi telekanalına təbrik əvəzi
Yaşasın Türk Millətinin Birliyi!
TMB (Türk Musiqi Birliyi) telekanalının yaradılması 250 milyonluq Türk dünyasının bir araya gətirilməsi yolunda TÜRKSOY-un çox böyük, həm də müasir zamanla ayaqlaşan addımlarından biridir. Bu kanalı yenicə seyr etməyə başladım. Nə deyim, ilk andan ona bağlandım.
Bilirsinizmi, bu kanal vasitəsilə nəinki Orta Asiya türk cümhuriyyətlərini, yaxud Krım tatarlarını, hətta vətəndaşı olduğum Azərbaycan Respublikasını yenidən tanıdım. Hələ Cənubi Azərbaycanı (Iran) demirəm…
Əvvəla, mənə elə gəlirdi ki, keçmiş sovet respublikaları arasında (Baltikyanı ölkələrdən başqa) yalnız iki-üç ölkə müasirləşmək yolundadır ki, biri də Azərbaycandır. Ancaq TMB bu fikrimi alt-üst etdi… Həm də Azərbaycan hakimiyyətinin ölkəmizdə “analoqu olmayan inkişaf” haqqında təbliğatından bir daha utandım.
TMB-də yayınlanan kliplər vasitəsilə şahid oldum ki, Qazaxıstan, Özbəkistan və Qırğızda müasir həyat tərzinə doğru necə böyük həvəs və səy göstərilir, bu yolda necə uğurlar əldə edilir. Qoy, kimsə şou-biznesin ölkələrin tərəqqisindəki roluna şübhə ilə və ya təəccüblə yanaşmasın. Avropa dünyanı həm də şou-biznesilə – kliplərlə fəth etdi; modernləşdirdi, avropalaşdırdı… Məncə, TMB də eyni işi Türk dünyasında görür və görməlidir də… Bu, vacib işdir, Türk dünyasının müasirləşməsinə, həm də vəhdətinə xidmət edən işdir.
TMB sırf musiqi kanalı olduğundan, hər hansı siyasi çalardan – təbliğatdan uzaq durduğundan gördüyü iş də səmimi və effektlidir. Məsələn, “TRT Avaz”ın Azərbaycanın Ictimai Televiziyası ilə birgə canlı yayınları da sözdə Türk dünyasını bir araya gətirmək, Türk xalqının mədəni-tarixi irsini tanıtmaq və təbliğ etmək məqsədi daşısa da, reallıqda isə Azərbaycan hakimiyyəti bu teleməkandan özünün təbliği üçün yararlandı. Bu isə, onsuz da ölkədaxili telekanallarda hər gün Əliyevlərin təbliğindən cana doyan Azərbaycan tamaşaçısında bir daha ikrah doğurdu, ona utanc gətirdi. Biz “TRT Avaz”ın studiyasında və ya canlı bağlantılarında Orta Asiya türk cümhuriyyətləri nümayəndələrinin çıxışlarında bu ölkələrin nə “ulu öndərinin”, nə prezidentinin, nə də “birinci xanımının” mədhinə rast gəldik. Bizimkilərin burada yeri gəldi-gəlmədi “Azərbaycan-Azərbaycan” mahnıları və ya “bir millət – iki dövlət” şüarları da göstəriş, yalançı vətənpərvərlik və saxta türkçülükdən başqa bir şey deyildi… Yaxşı ki, “TRT Avaz”ın bu yayınları dayandırıldı, çünki bu şəkildə Türk dünyasına yox, Əliyevlərin timsalında avtoritar dünyaya xidmət etmiş olurdu.
Avtoritarizmdən danışmışkən, bu eybəcərlik Azərbaycanda bütün sahələrə sirayət etdiyi kimi, şou-biznesdə də özünü qabarıq göstərir. Azərbaycanın şou-biznes dairələrindəki mənəm-mənəmlik, qabalıq, harınlıq elə avtoritar-korrupsioner sistemdən qidalanır. Həmin dairələrdə də hakimiyyət mənsubları kimi özündən razılıqla, Azərbaycanın guya şou-biznes sahəsində də regionda lider olmasından danışmağı sevirlər. Lakin avtoritar hakimiyyətə xidmət edən şou-biznes sonda həmin hakimiyyətin özü kimi iflasa məhkum olmalıydı… Indiyədək Azərbaycanın şou-biznes təmsilçilərinin nəinki Qafqaz miqyasında, heç qardaş Türkiyədə də uğur qazana bilməməsi, sevilməməsi başqa nə demək olur ki?
TMB-də Orta Asiya türk cümhuriyyətlərinin pop musiqiçilərinin nəinki peşəkarlığına, həm də onların səmimiliyinə və orijinallığına biganə qalmaq mümkün deyil. Müasirlik də, dediyim kimi, öz yerində… Halbuki bizdə hələ də bəzi adamlar, eləcə də şou-biznes əhli Orta Asiyanın adını eşitdikdə, üz-gözünü turşudur… Buyursunlar, indi müasirliyi – gözəlliyi, sadəliyi, təbiiliyi onlardan öyrənsinlər.
Azərbaycanda şou-biznes meydanı bir qrup şöhrət və pul düşkününün, yaradıcılıq və yeniliyə yad olanın, saxtakarın, xaraktersizin… inhisarındadır. O cümlədən, Azərbaycan telekanallarında istedadlı gənc müğənnilərin kliplərinə meydan verilmir. Pulsuz-parasız və ya sponsorsuz gənclər korrupsiyalaşmış telekanalların nəyinə gərək? Lakin mən bu işin təmənnasız görülə biləcəyinə də TMB-dən şahid oldum. Bəli, indiyədək Azərbaycan telekanallarına yaxın buraxılmayan onlarla gənc istedadın kliplərini ilk dəfə TMB-dən izlədim və məmnun qaldım. Məsələn, indiyədək heç yerdə rast gəlmədiyim Seyran adlı gənc ifaçının “Qanadsız mələklər” mahnısına çəkilmiş kliplə məhz TMB-nin sayəsində tanış oldum və bəyəndim. Hələ Azərbaycandan neçə-neçə gənc ifaçının maraqlı klipləri ilə ilk tanışlığımı demirəm. Ən nəhayət, Cənubi Azərbaycandakı (Iran) soydaşlarımızın da ifasında pop musiqiyə, eləcə də roka, repə ilk dəfə məhz TMB-də rast gəldim. Bilsəniz, nə qədər qürur duydum, nə qədər duyğulandım, nə qədər kövrəldim…
Niyə, indiyədək Azərbaycan telekanalları bu işi görmədi? Niyə, Cənubi Azərbaycanın – Əli Bayat, Abbas Mehr, Atila, Tural, Əhməd Həzrəti, Əli Peidaei, Şayan Taymaz və Toratan adlı müasir musiqiçilərini – qan qardaşlarımızı TMB-dən tanıdıq? Niyə, onların şirin ləhcə ilə ifa etdikləri sevgi dolu, həsrət dolu, mübarizə dolu mahnılarına hay vermədik? Bu mahnılar Azərbaycan televiziyasından bir gün belə əskik olmamalı idi… Həmin soydaşlarımızın Bakıda konsertləri təşkil edilməli, onlarla birgə mahnılar ifa olunmalı, kliplər çəkilməli idi…
Bu arada, TMB-də Qazaxıstandan Nailə Imranqızının ifasında “Yaşa xalqım!” mahnısını, eləcə də bu mahnıya çəkilən klipi də qeyd etməyə bilmərəm… Həm qazax, həm də Azərbaycan türkcəsilə ifa olunan bu mahnı və klipi həm qürurla, həm də göz yaşı ilə dinləyir və seyr etməli olursan… Təəssüf ki, bu parlaq ifanı da, həmin gözəl və səmimi qızımızı da Azərbaycan telekanallarından yox, TMB-dən tanıdıq…   
Bəli, TMB hətta Azərbaycanı Azərbaycana tanıdır, üstəlik, Cənubi Azərbaycan (Iran) türklərini Şimaldakı soydaşları ilə bağlayır… Və ümumilikdə, bütün dünya türklərini bir-biri ilə qovuşdurur… Təəssüf ki, bu layihədə bircə Türkmənistan iştirak etmir… Bir də arzumdur ki, TMB-də Orta Asiya türk cümhuriyyətlərindən, eləcə də Krımdan olan musiqiçilərin rus dilində yox, yalnız ana dillərindəki mahnıları yayınlansın. Bəlkə də bu hal müvəqqətidir, keçid dövrüdür; tədricən bu məsələ də yoluna qoyular. Çünki, bu iş başlanğıcdır, lakin möhtəşəm bir başlanğıcdır. TMB-nin gələcəkdə “Türkviziya” mahnı yarışmasının təşkilini də hədəfə götürməsindən xəbərdar olduğum üçün, bu işin böyük perspektivinə şübhə etmirəm.
…Türk cümhuriyyətləri, Türk toplumu dünya içində bir dünyadır. Türk dünyası dünyanın özü qədər rəngarəngdir. Bu gün bu rəngarəngliyi bütün dünyaya TMB parlaq bir şəkildə nümayiş etdirir.
Yaşasın TMB! Yaşasın Türk Millətinin Birliyi!
Şövkət Məmməd